Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Simurq” – “İnter” matçında dava: Diniyevin hərəkəti azarkeşləri meydana tökdü

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında startı verilən XXI tur qalmaqalla başlayıb. Zaqatalada baş tutan “Simurq” – “İnter” matçında dava düşüb.

Buna səbəb isə paytaxt təmsilçisinin heyətində Cosqun Diniyevin hərəkəti olub.

Belə ki, baş hakim Rəşad Əhmədov matçın 84-cü dəqiqəsində meydan sahiblərinin qapısına penalti təyin edib. 11 metrlik nöqtəyə yaxınlaşan Diniyev topu tora qovuşdurandan sonra tribunaya tərəf qaçaraq, azarkeşlərdən birinə əli ilə “sakit olmağı” tapşırıb.

Bundan qəzəblənən zaqatalalı azarkeşlər isə meydana axışaraq, futbolçunu etdiyi hərəkətə görə cəzalandırmağa çalışıblar. Nəticədə stadionda kütləvi dava baş verib. Baş hakim Diniyevi bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırıb. Kütləvi davada iştirak etdiyi üçün “Simurq”un bir futbolçusu da qırmızı vərəqə alıb.

Məlumatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də təsdiqləyib: “Matçın hakimi mənə zəng edib, baş verənləri danışdı. Oyun təxminən 5-6 dəqiqə dayanıb. Klub rəhbərlərinin müdaxiləsindən sonra qalmaqal sakitləşdirilib”.

Baş hakim Rəşad Əhmədov isə hadisə barədə danışmağa icazə olmadığını bildirib: “Sizdən çox xahiş edirəm, mənim bu haqda açıqlama vermək səlahiyyətim yoxdu. Hazırda sistem altındayam. Nə baş veribsə, matçın protokoluna qeyd etmişəm. Yəqin ki, İntizam Komitəsi növbəti iclasında lazımi ölçü götürəcək”.

“İnter” klubunun baş məşqçisi Rüstəm Əliyev isə bildirib ki, əslində, Coşqun Diniyevdə heç bir günah olmayıb: “Stadionun işçilərindən biri oyun zamanı Coşqunun ünvanına xoşagəlməz sözlər işlədirdi. Diniyev isə buna cavab olaraq, qol vurandan sonra əli ilə jest edərək, həmin azarkeşdən sakit olmağı, söyüşlərini dayandırmağı bildirdi. Bundan sonra azarkeşlər onun söyüş söydüyünü iddia edərək, meydana axışdılar. Bizim bir neçə futbolçumuza xəsarət yetiriblər, hətta ehtiyatda oturan Fərhad Budaqovun dodağını partladıblar. Əməlli-başlı düşmüşdülər bizim uşaqların üstünə. Günah onlarda idi. Heç nədən belə qalmaqal yaratdılar”.

Qeyd edək ki, Coşqun Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin kiçik oğludur.

Xatırladaq ki, oyun 2:2 hesabı ilə başa çatıb.

Fikirlərini bizimlə bölüş!