Lap əvvəlcə ona aydınlıq gətirək ki, müasir futbolda, ümumiyyətlə, futbolda "yerli futbolçulardan ibarət komanda", "gənc futbolçulardan təşkil olunmuş komanda" kimi ifadələr nə dərəcədə həlledicidi və nəyi dəyişir? Məsələn, "Neftçi"nin "Mladost" tərəfindən Avropa Liqasının elə ilk mərhələsindəncə qovulmasına bu ifadələr nə dərəcədə don geyindirə bilər? Təsəvvür edin ki, "Real", "Barselona", "Bavariya", "Çelsi" kimi klublar Avropadakı uğursuzluğu ört-basdır etmək üçün "heyətimiz gənclərdən təşkil olunub", "yerli futbolçulara şans verdik" kimi axmaq bəhanələrdən yapışır. Ümumiyyətlə, yapışarlarmı?
Dostlar, futbol bütün dünyada hərəsi 11 futbolçudan ibarət iki komandanın oynadığı, eyni standartlarda topun arxasınca qaçdığı, oxşar ölçüdəki stadionlarda oynanılan oyun deyilmi? Yoxsa futbol İngiltərədən, İspaniyadan, Almaniyadan Azərbaycana gələnə kimi gömrük xidmətlərimizdə dəyişikliklərə məruz qalır? "Neftçi"nin Avropa Liqasındakı uğursuzluğuna "gənc futbolçulardan ibarət komanda", "əsasını yerli futbolçuların təşkil etdiyi komanda" kimi epitetlər, təşbehlər, nə bilim, daha nələr qoşmaq hansı məntiqə, hansı beyinə sığır, deyin.
Kim kimi ələ salır, barmağına dolayır? "Neftçi" kefindən legionerlərin çoxundan imtina edib? "Neftçi" ürəyi elə istəyir deyə, ordan-burdan yığdığı yerli futbolçularla Avroliqa oyunlarına çıxmışdı? Açın qulaqlarınızı eşidin, ovuşdurun gözlərinizi, təkrar-təkrar oxuyun: "Neftçi"nin pulu azaldığı üçün məcburiyyətdən "gənc, perspektivli" yerli futbolçulara qucaq açıb!
Bəli, bəli, məhz pula görə. Pul var idi, legionerlər var idi. Pul var idi, Emil Mpenzanı gətirib ehtiyatda oturtmaq olardı. Pul var idi, "gənc və perspektivli yerli futbolçular" meydanda yox, pafoslu cümlələr qurmaq üçün kara gəlirdi. Pul var idi, Avroliqada oyun al… Lənət şeytana!
Susun, Allah xatirinə! Bu nə yanaşmadı futbola? Hansı dövrdə yaşayırıq? "Gənc və perspektivli yerli futbolçulardan ibarət komanda" kimi heç bir məntiqə söykənməyən, daha doğrusu, bizim bildiyimiz futbolun bütün qaydalarını, adətlərini darmadağın edən axmaq ifadə-fikir yəqin ki, təkcə Azərbaycanda var. Peşəkar klubsansa, canın çıxmalıdı udmalısan, nəticə qazanmalısan. İstəsən, heyəti "gənc və perspektivli yerli futbolçular"dan qur, istəsən, get Afrikadan 11 legioner gətir. Amma nəticə qazan, ud!
"Mladost" keçiləsi rəqib idi. "Qəbələ"nin keçdiyi "Dinamo"dan da, "İnter"in üstələdiyi "Laçi"dən də zəif idi. "Neftçi" "Mladost"u keçməli idi. Keçə bilmədisə, deməli, keçib Azərbaycan futbolunun yuxarısında – başında oturmaq haqqı yoxdu.
Ən pisi bilirsizmi nədi? Özünü ölkənin ən köklü klubu sayan"Neftçi"nin rəhbərliyi çıxıb azarkeşlərdən üzr istəmədi. Sanki belə də olmalı imiş kimi – 78 yaşlı klub ilk mərhələdən burnu ovulmuş halda qovulmalıymış. Sanki "Neftçi"nin bacara bilmədiyi komanda hansısa "Mladost" deyilmiş, Avropanın ortabab bir komandası imiş.
Avropa Liqasında elə ilk mərhələdəcə üzümüzü qara etdiyiniz, hansısa bir "Mladost"a uduzduğunuz üçün bu yazını yazıb qanınızı qaraltdığıma görə sizdən öz adımdan və xalqın adından üzr istəyirəm, hörmətli "Neftçi" rəhbərliyi!
Rəşad ERGÜN




Fikirlərini bizimlə bölüş!