Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Sonun başlanğıcı… Məmmədovdan Məmmədova Azərbaycan futbolu

İstər idman, istər idarəçəlik tərəfindən, istərsə də komandadaxili mühit baxımından çox böyük biabırçılıqların, pərdəarxası oyunların yaşandığı, söz-söhbətin əskik olmadığı, özəlliklə “milliləşdirilmiş” legionerlərin və onlara dayaq duran bəzi rəhbər şəxslərin sayəsində min cür hoqqalardan çıxıldığı, Elxan Məmmədovla milli komandaların artıq keçmiş baş məşqçiləri arasında gedən soyuq müharibənin və bir çox başqa problemlərin məntiqi sonluğu kimi fiaskoya uğradığımız bir seçmə mərhələni geri buraxdıq.

Bu yazını yazmağıma səbəb isə həm də AFFA baş katibi Elxan Məmmədovun Azərbaycan radiosunda İlkin Babanın aparıcısı olduğu verilişdə söylədiyi bir fikirdi. Elxan müəllim aparıcını və tamaşaçıları əmin etməyə çalışdı ki, Azərbaycanda heç vaxt futbol olmayıb və bundan sonra da olası deyil. “Bilsəm ki nə vaxtsa milli komandamız Avropa və ya dünya çempionatlarının final mərhələsinə yüksələcək, istefa verərəm” dedi cənab Məmmədov. Azərbaycan futbolunun inkişafına cavabdeh olan və nə qədər “icraçıyam” desə də faktiki bu sahəni idarə edən birinci şəxs xalqa “Azərbaycan futbolundan inkişaf, uğur gözləməyin” mesajını verdi. Elxan müəllimə səmimi etirafına görə təşəkkür edib bir məqamı xüsusi vurğulayım ki, AFFA-nın baş katibinin sözləri onun futbolumuza rəhbərlik edəcəyi dövrdə aktualdı. Bəli, nə qədər ki Azərbaycan futbolunda Elxan Məmmədov rəhbərdi, həqiqətən heç bir ciddi uğur gözləməyə dəyməz.

“Mən milli komandamızda böyük biabırçılıq, bədbinlik görmədim. İstəməzdim Yurçeviçi bir tsikldən sonra göndərək, imkan verək, bir az işləsin. Hələ indi komandanı tanımağa başlayır. Azərbaycanda həddən artıq futbolçular yoxdu ki, deyək, Yurçeviç gəldi, bizi bu günə qoydu. Əfsuslar olsun ki, vəziyyət belədi. Bir də mən başa düşə bilmirəm, Azərbaycan hansı amillərə görə Uelsə qalib gəlməlidi? Mənə bir dənə də dəlil göstərə bilməzsiz. Əslində başverənlər qüvvələr nisbətini real və obyektiv əks etdirir” – bu sözləri isə AFFA İcraiyyə komiyəsinin üzvü Mahir Məmmədov “Futbol+”ə demişdi.

AFFA rəhbərliyi, AFFA-da çalışanlar, onların yaxın dairəsi kütləvi şəkildə xalqı inandırmağa çalışır ki, bizdə heç vaxt futbol olmaylb, futbolçu yetişməyib, buna görə də indi olmaması da təbiidi və bundan sonra da olmaq ehtimalı yoxdu. Dolayısı ilə adamlara psixoloji təzyiq edilir, inandırmağa çalışırlar ki, bizim yerimiz elə San Marinonun, Andorranın yanıdı, autsayderlik alnımıza yazılıb. Bu məğlub psixologiyasını aşılamaqla məqsəd futbolsevərlərdə, millimizə, Azərbaycanımıza azarkeşlik edənlərdə ruh düşkünlüyü yaratmaq və beyinlərə “Elxan getsə də, heç nə düzələn deyil” fikrini yeritməkdi.

Tək həqiqət AFFA-nın indiki rəhbərliyinin bərbad idarəçiliyinə görə illərdi ölkədə futbolun iflic vəziyyətinə salınmasıdı. Bunun məntiqi sonluğu isə bir neçə ay sonra həmçinin Bakıda keçiriləcək qitə çempionatına evsahibliyi edəcək 12 ölkə arasında final mərhələsində iştirak şansını itirən yeganə ölkənin Azərbaycan olmasıdı.

Bəli, hazırda Azərbaycanda geniş anlamda nə futbol var, nə də bircə nəfər futbolçu. Amma “Azərbaycanda futbol olmayıb və olmayacaq” fikrini xalqın beyninə yeritmək istəyən Elxan Məmmədov texnoloqlarına məsləhət görürəm ki, bu yazını diqqətlə oxusunlar və bundan sonra əllərinə ürəyinin üstünə qoyub səmimi cavab versinlər ki, Azərbaycanda futbol olub, yoxsa olmayıb?!

Uğursuzluqlarını ört-basdır etmək məqsədilə “Azərbaycanda futbol olmayıb, olmayacaq” fikrini xalqın beyninə yeritmək istəyən AFFA texnoloqlarının yaddaşını təzələmək üçün yaxın-uzaq keçmişə ekskurs etməliyik.

Xalqımız Türkiyə yığmasının Bakıya gələcəyinə sevinir ki, heç olmasa, onlara azarkeşlik edərik. Bilmirəm Elxan müəllim Kamil Eynullayev ad-soyadını eşidib, ya yox. Amma bu azərbaycanlı balasının Turqay Şeren kimi əfsanənin qapısına yol tapması ilə “Neftçi” vaxtilə “tacsız kral” Mətin Oktayı və komandasını 3:1 hesabı ilə məğlub edib Bakıdan məyus göndərmişdi. İndi kimsə deyəcək ki, təsadüfdü də. Vallah, təsadüf deyil, “Gənclərbirliyi” “Neftçi”dən 5 qol görmüşdü, ümumiyyətlə, türklər sovetlər dönəmində bizdən zəif idi. “Neftçi” İzmirdə “Altay”ı məğlub edirdi, həmin “Qalatasaray” 1990-da qonaq komandalar üçün “cəhənnəm” adlandırılan “Əli Sami Yen”də SSRİ birinci dəstəsinin daimi sakininə çevrilmiş komandamızla bacara bilməmişdi. Heyətində Tancu Colak kimi əfsanəvi bombardirin olduğu ev sahibləri məğlubiyyətdən son dəqiqələrdə qurtulmuşdu. Bizim qolları isə Samir Ələkbərovla Vladislav Qədirov vurmuşdu. Onu “sarı-qırmızı” etmək üçün türk menecerlərin Bakıya kimi arxasınca düşdüyü Qədirov bu oyundan 4 il əvvəl SSRİ yığmasının heyətində Azərbaycan futbolunun daha iki yetirməsi Arif Əsədov və Vladislav Lemişlə dünya çempionu olmuşdu. O Arif Əsədovla ki, 1988-ci ildə gənclər arasında Avropa çempionluğunu da qazanacaqdı. Elə həmin il Azərbaycan futbolunun daha bir yetirməsi İqor Ponomaryov olimpiya çempionu oldu. O, bundan 10 il əvvəl 21 yaşlılar arasında Avropa çempionu adını qazanmış, 1979-cu ildə dünya çempionatının finalında isə mükəmməl baş zərbəsi ilə hesabı açsa da, dahi Maradonanın qolları üzündən “Neftçi”dəki komanda yoldaşı Vladimir Mixaylevski ilə birgə gümüş medalla kifayətlənməli olmuşdu.

“Neftçi”nin “Əli Sami Yen”dən heç-heçə ilə qayıtdığı 1990-cı ildə SSRİ-nin gənclərdən ibarət yığması Macarıstanda Avropu çempionluğunu qazandı. Çempion heyətdə Azərbaycan futbolunun iki yetirməsi – Tərlan Əhmədov və Ruslan Lukin də vardı.

1982-ci il avqustun 22-si SSRİ olimpiya yığması səfərdə Trinidad və Tobaqonun qapısına 5 cavabsız qol vurdu. Qollardan birinin müəllifi Səmədağa Şıxlarov idi. SSRİ komandasının heyətində isə daha bir həmyerlimiz Asim Xudiyev çıxış edirdi. 1987-ci ildə Çexoslovakiyanın qonağı olan SSRİ olimpiyaçılarının heyətində də iki “Neftçi”li – həmin il “33 ən yaxşı futbolçusu” siyahısına düşmüş Aleksandr Jidkov və Yunis Hüseynov vardı. Qapıçı Azərbaycan futbolunun yetirməsi olmasa da, məhz Bakıda püxtələşib tanınmışdı. Eyni sözlər həmin dövrdə SSRİ olimpiya yığmasının kapitanı olmuş Valeri Pançikə də aiddi.
1986-da “33 ən yaxşı futbolçu” siyahısına Maşallah Əhmədov da düşə bilmişdi. Həmin il sentyabrın 15-də Vrotslavda UEFA kubokunun oyununda Moskva “Dinamo”sunun heyətində çıxış edən İsgəndər Cavadov 6 (!) müdafiəçini aldadaraq fantastik qola imza atmış, bununla da komandasının “Şlönsk”lə ilk qarşılaşmadan 2:2 hesablı məqbul nəticəylə evə dönməsinə kömək etmişdi. O dönəm Çexoslavakiya ilə oyuna dəvət alan Cavadovla Əhmədovun SSRİ olimpiya yığmasının formasında fotolarını yəqin çoxlarınız görmüsüz. Bu matç 1986-cı il mayın 30-da keçirimiş və SSRİ yığmasının 1:0 hesablı qələbəsi ilə bitmişdi.

Ümumiyyətlə, 70-80-ci illər Azərbaycan futbolunun heç də ən yaxşı dövrləri deyildi.Əvvəlki əzəmətini itirən “Neftçi” elita ilə 1-ci dəstə arasında var-gəl edirdi. Futbolumuz nə qədər çətin dövr yaşasa da, Azərbaycanda SSRİ səviyyəsində az-çox uğurları olan oyunçular yetişirdi…

***

“Stadion sükuta dalmışdı. Bütün futbolçular geri çəkilib penaltini vurmaq istəmirdi. Bu an gənc Valeri Hacıyev topu əlinə götürüb asta addımlarla “nöqtə”yə yaxınlaşdı. Banişevskiyə qarşı kobudluğa görə təyin olunan penaltini yerinə yetirməkdən daha təcrübəli futbolçular çəkinmişdi. Bu penalti “Neftçi”nin yüksək liqada qalıb-qalmayacağına aydınlıq gətirəcəkdi. Daha sonra isə məlum olacaqdı ki, həm də yalnız yüksək liqada qalmasına yox” – bu atamın xatirəsidi. O vaxt 1-ci kursda oxuyurmuş. Ümumiyyətlə, atam həmin ildən “Neftçi”nin oyunlarına getməyə başlayıb. Tribunadan izlədiyi oyunlarla bağlı xatirələri çoxdur. Hər xatirəsi bir tarixdi. Amma bu heç bir şişirtməsiz, çox maraqlı tarixi faktdı…

Atam deyir ki, çempionatın son oyununun son dəqiqələri idi. “Neftçi” Qorki “Volqa”sına qalib gəlsə, rəqibi ilə xalları bərabərləşəcəkdi və top fərqinə görə yüksək liqadakı yerini qoruyacaqdı. Söhbət 1964-cü il noyabrın 3-də keçirilən matçdan gedir. Bu oyunla Azərbaycan futbolunun “qızıl dövrü” başladı desək, yanılmarıq. Kim bilir Valeri Hacıyev həmin penaltini qola cevirməsəydi, 1-ci dəstəyə düşəcək «Neftçi»nin aqibəti necə olacaqdı. Amma hər şey nağıllardakı kimi xoşbəxt sonluqla bitdi.

Böyük futbolda ilk mövsümünü keçirən Banişevski və Kramarenko ilin ən yaxşı debütantları üçün mükafatın laureatı oldular, Tuayev və Bruxti ilə birgə milli komandaya dəvət aldılar.

Cəmi iki il sonra Azərbaycan futbolu bütün SSRİ-yə səs saldı, Əhməd Ələsgərovun çalışdırdığı “Neftçi” çempionatın üçüncü ən güclü klubu oldu. Komandamıız turnir cədvəlində daha üst pillədə qərarlaşan Rostov OİK-inə çempionatın hər iki oyununda qalib gəldi (4:1, 3:1), çempion Kiyev “Dinamo”su ilə Bakıda heç-heçə edib, səfərdə qalib gəlməyi bacardı. Həmin il Banişevski final mərhələsində SSRİ yığmasının heyətində ən yaxşılardan idi. O mundialın ən unudulmaz siması isə Tofiq Bəhramov oldu. Bəhramovun yolunu 1980-ci ildə Olimpiada finalının hakimi olacaq Eldar Əzimzadə davam etdirəcəkdi.

60-cı illər futbolumuzun qızıl dövrü idi. Banişevski ilə birgə İngiltərədəki DÇ-yə yollanan SSRİ yığmasında yer alan Eduard Markarov 1962-ci ildə SSRİ çempionatınln bombardiri olmuşdu. Kazbek Tuayev (1963, 1966,1967) və Anatoli Banişevski (1965,1966,1967) hərəsi üç dəfə, Vladimir Bruxti (1967) bir dəfə “33 ən yaxşı futbolçu” siyahısına düşmüşdü. 1967-ci ildə “ilin debütantı” mükafatının lauretları arasında bakılılar Vyaçeslav Lyoqki və Nikolay Smolnikov da vardı. Smolnikov həmin il U-21lərin Avropa çempionatında qalib gələn SSRİ yığmasında da yer almışdı.

1968-də isə Azərbaycan futbolunda daha bir superulduz parladı. “İlin debütantı” mükafatının laureatı seçilən Vitali Şevçenko SSRİ yığmasının heyətində keçirdiyi ilk 6 oyunda vurduğu 4 qolla 1972-ci ildə AÇ-də 2-ci yeri tutmasında pay sahibi olmuşdu. Təəssüf ki, 1971-ci ildə “33 ən yaxşı futbolçu” siyahısına düşən gənc futbolçu ağır zədə üzündən final mərhələsində iştirak edə bilmədi. Əvəzində onunla həm “Neftçi”də, həm də əsas yığmada çiyin-çiyinə oynayıb qolları sıralayan Anatoli Banişevski Avropa çempionatının final matçının iştirakçılarından oldu.

Daha sonra Kiyev “Dinamo”suna yollanan Şevçenko bu klubla da bir çox titul qazandı, o cümlədən 1975-də Kuboklar Kubokunun və Avropa Superkubokunun sahibi oldu. Məşqçi kimi də özünü yaxşı tərəfdən göstərən bakılı Moskva “Torpedo”sunda və “Bolivar”la uğurlu fəaliyyəti ilə yadda qaldı. O cümlədən Latın Amerikasında yetərincə məşhur olan “Bolivar”a Boliviya çempionluğunu qazandırdı.

Cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə gəlişindən sonra Azərbaycan dünya idmanında böyük nüfuz sahibinə çevrildi. Təsadüfi deyil ki, müxtəlif növlərdə ən mötəbər yarışlara ev sahibliyi edən ölkəmiz bunun öhdəsindən layiqincə gəlir. İndi AFFA-ya yaxın insanlar nə qədər canfəşanlıq etsə də, AÇ-2020-nin Bakıda keçirilməsinin sırf baş katib Elxan Məmmədovun xidməti kimi təqdim olunması böyük səhvdi.

Hətta AÇ-2020-nin 4 oyununun Bakıya verilməsi sırf Elxan Məmmədovun xidməti olsa da, bu, baş katibin Azərbaycan futboluna vurduğu zərəri kompensasiya etmir. Kaş Azərbaycanda dünya səviyyəli uşaq futbolu olaydı, dünya səviyyəli futbolçular yetişəydi, yığmalarımızın sədası Avropa və dünya çempionatlarının final mərhələsindən gələydi, klublarımız Çempionlar Liqasının əsas mərhələsinin daimi sakininə çevriləydi və heç AÇ-2020-nin 4 oyunu Bakıya verilməyəydi. Kaş yığma AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanaydı və biz gedib başqa ölkədə millimizə cani-qəlbdən azarkeşlik edəydik.

Bilirsiz, Avropa çempionatlarının tarixi hansı oyunla başlayıb? Bəs həmin oyunun iştirakçılarından birinin Azərbaycan futbolunun yetirməsi olduğunu bilirsizmi? Mən sizə Məmmədovdan danışacam. Amma Elxan Məmmədovla yalnız soyadları eyni olan, AFFA baş katibindən fərqli Azərbaycan futbolunu daim ucaldan Məmmədovdan.

1958-ci il sentyabrın 28-i dünya futbol tarixinə Avropa çempionatlarının ilk oyunu ilə düşdü. SSRİ yığması “Lujniki”də Macarıstanı qəbul edirdi. Rəsmi protokola görə oyunu 100572 azarkeş izləyib, amma faktiki bu rəqəm qat-qat çox idi. SSRİ yığmasının 10 nömrəli futbolçusu Azərbaycan futbolunun yetirməsi Ələkbər Məmmədov idi. Avropa çempionatları tarixi də azərbaycanlı balasının topa vurduğu ilk zərbə ilə başladı. SSRİ yığması bu 1/8 final matçında 3:1 hesabıyla qalib gəldi. Yekunda isə ilk Avropa çempionu adını qazandı. Ələkbər Məmmədov buna görə SSRİ-nin əməkdar idman ustası fəxri adına layiq görüldü və Azərbaycanda 1960-cı ilin idmançısı seçildi.

Təəssüf ki, indi Avropa çempionatına evsahibliyi etsək də, orda azərbaycanlı futbolçu görə bilməyəcəyik. Daha bir acınacaqlı fakt isə odu ki, AÇ-2020-yə evsahibliyi edəcək 12 ölkə arasında final mərhələsində iştirak şansını itirən yeganə ölkə Azərbaycandı.

Artıq ölkəmizdə 60-cı illərdə bütün SSRİ-nin sevimlisinə çevrilmiş, Milanda “Milan”ın qapısına 4 qol vuran Ələkbər Məmmədov və bu oyunda ona məhsuldar ötürmələr verən Yuri Kuznetsov kimi futbolçular yetişmir.

1955-ci ildə “Neftçi”dən dəvət aldığı SSRİ yığmasında debüt oyunundaca Hindistanda bu ölkənin yığmasına qarşı het-trik edən (4:0), 1959-cu ildə zədə səbəbindən cəmi 6 oyunda meydana çıxsa da 5 qol vurmaqla “33 ən yaxçı futbolçu” siyahısında birinci hücumçu seçilməklə unikal uğur qazanan Yuri Kuznetsov, “Milan” kimi “Vasko da Qama” ilə oyunda da komandasının uduzmasına baxmayaraq, qollarını sıralayıb raziliyalılara futbol dərsi keçən azərbaycanlı (1957-ci ilin iyulunda “Dinamo”nun 3:1 hesabıyla qalib gəldiyi oyunda həmyerlimiz het-trik etmişdi), 4 dəfə SSRİ çempionu: fenomenal bombardir Ələkbər Məmmədovun bütün uğurları, qolları haqda yazıya qəzet səhifələri bəs etməz…

2014-cü ildə dünyadan köçən və günlərlə cansız bədəni evdə qalan, ölümündən sonra Rusiya çempionatının mərkəzi oyununda birdəqiqəlik sükutla yad edilən, amma AFFA-nın xatirəsini anmağı belə unutduğu, təklifimə baxmayaraq, həmin ərəfədə Moskvada keçirilən Rusiya – Azərbaycan oyununda xatirəsinin birdəqiqəlik sükutla yad edilməsinə AFFA rəhbərlərinin isti yanaşmadığı Ələkbər Məmmədov, özünün aldığı evdən qovulub “koçeqar”da qalmaq məcburiyyətində qalan xəstə Banişevskini xatırladır indi Azərbaycan futbolu…
Artıq Anatoli Banişevski kimi dünya və Avropa çempionatında medal qazanan bakılı əfsanələr yoxdu. Nəinki Məmmədov, Banişevski, heç cəmi bir dövrə oynamasına baxmayaraq, Rusiya çempionatının bombardiri olan Vəli Qasımov, Rusiya çempionu, “Alaniya”nın əfsanəsi Nazim Süleymanov, “Volın” azarkeşlərinin sevimlisi Samir Əliyev, sürəti ilə dünya şöhrətli müdafiəçiləri mat qoyan Zaur Tağızadə, gənc yaşda futbol intellekti ilə hamının rəğbətini qazanan Rəşad Sadıqov kimi futbolçular yetişmir. Ümumiyyətlə, AFFA rəhbərliyindəki son dəyişiklikdən keçən müddətdə Azərbaycan futboluna əvvəlki illərin cəmində ayrılan vəsaitdən daha artıq pul yatırılsa da, nəticələr tam əksinədi. Bu uğursuzluqlara don geydirmək istəyən futbol məmurlarının ən davamlı söylədiyi fikir, apardığı təbliğat odu ki, Azərbaycanda heç vaxt futbol və futbolçu olmayıb. Azərbaycanla müqayisəedilməz dərəcədə kasıb Moldova və Estoniyada sözün əsl mənasında heç vaxt futbol olmayıb. Amma indi bu ölkələrin futboluna pul ayrılmasa da, Estoniyadan “Liverpul”la Çempionlar Liqasını qazanan Raqnar Klavan, Moldovadan İtaliya A seriyasında illərdi sabit çıxış edən Artur İonitse kimi futbolçular yetişir. Mxitaryan və başqaları haqda danışmağa, yazmağa adam xəcalət çəkir.

“Azərbaycanda futbol və futbolçu olmayıb” sözlərinin, “futbol bizim genimizdə yoxdu” bəhanəsinin müəllifinin kim olduğunu təxmin etmək çətin deyil. Həmin adamın daha yaxşı anladığı dildə 1967-ci ildə SSRİ futbolunda ilin debütantı seçilmiş bakılı, Azərbaycan futbolunun yetirməsi, AFFA nümayəndələrinin 70 illik yubileyində quru zəng edib təbrik etməyi unutduğu Vyaçeslav Lyoqkinin bir müsahibəsində söylədiklərini olduğu kimi təqdim edirəm, orijinalda necə var elə, oxuyun Elxan müəllim: “Когда один из видных футбольных специалистов Советского Союза Борис Андреевич Аркадьев работал в Баку, он говорил: "АЗЕРБАЙДЖАН – ЭТО КЛОНДАЙК ТАЛАНТОВ". Долго работая в России, я полностью поддерживаю его слова. У азербайджанских ребят генетически заложена ловкость, техника, гибкость, смелость – все эти качества и помогут им добиться хороших результатов в футболе. Очень верю в это. Думаю большие успехи азербайджанского футбола не за горами…”

İndi siz deyin, əziz oxucular, əziz futbol azarkeşləri: Azərbaycanda futbol və futbolçu olub, olmayıb? Hörmətli AFFA rəhbərləri və onların təəssübkeşləri, siz də əlinizi ürəyinizin üstünə qoyub səmimi cavab verin bu suala…

Bəli, Azərbaycanda həmişə futbol da olub, futbolçular da, istedadlar da. Yenə olacaq, mütləq olacaq! Elxan Məmmədov AFFA-dan, Azərbaycan futbolundan uzaqlaşandan sonra ölkəmizdə futbolun inkişafını görəcəyik. Hələlik isə bütün futbolsevərlər səbirsizliklə baş katibin Azərbaycan futbolundan gedəcəyi günü gözləyir. Bu istəyi nəzərə alıb, elə AFFA İcraiyyə komitəsinin iclasında istefa versəydi, nə gözəl olardı!

Fikirlərini bizimlə bölüş!