Bu yaxınlarda “Qəbələ”nin akademiyasında baş alıb gedən intizamsızlıq, başlı-başınalıq haqda məlumatlar getdi mətbuatda. Klubun gələcəyi hesab olunan yeniyetmələrin akademiyada siqaret çəkməsi, qumar oynaması qeyd olunurdu. Fotoları yayıldı. Maraqlıdı ki, rəhbərlik tərəfindən heç bir reaksiya gəlmədi. Bunun özü isə yayılan xəbərlərin həqiqət olmasını düşünməyə əsas verir. Bu hadisədən bir neçə gün sonra yenə “Qəbələ”li gənclərin başqa bir biabırçı fotoları yayıldı. Biabırçı deyəndə ki, yox, soyunmamışdılar. Sadəcə, naməlum məkanda oturub qəlyanlamışdılar.
Deyirəm, gör, nə ağılsızdılar e! Qəlyan çəkməyə gedirsiz, cəhənnəmə, heç olmasa, əyninizdəki formanı çıxarın. Onu da qoyuram bir kənara. Çox yaxşı iş görübmüşlər ki, hələ utanmaz-utanmaz bu şəkilləri «facebook»a da yükləyiblər. Belə qənaətə gəlmək olur ki, görünür, rəhbərliyin baş verənlərdən xəbər tutacağı, onları cəzalandıracağı qətiyyən veclərinə gəlmir. Deməli, gəncləri bu dərəcədə qudurdan rəhbərliyin özüdü.
Düşünə bilərsiz ki, “Qəbələ” futbola bu qədər sərmayə qoyur, gənclərin inkişafına milyonlar ayırır, baza tikir, akademiya açır və yəqin ki, bunun üzərində ciddi nəzarət var. Nə gizlədim, bu xəbərləri oxuyanda zərrə də təəccüblənmədim. Niyə? Niyəsini deyim.
Keçən il Antalyada idim. Axşam yeməyindən sonra geyinib yaxınlıqda məskunlaşan “Simurq”un və AZAL-n qaldığı otellərə getdim. İşimi gördüm, müsahibələri, açıqlamaları alıb geri qayıtdım. Saat hardasa 12-yə qalırdı, “Qəbələ”nin qırmızı formasını geyinmiş bir qrup gənc gördüm. Aralarında milli üzvləri də var idi. “Simurq”dakı dostlarına baş çəkməyə gəlmişdilər. Təsəvvürünüzə gəlməz ki, geri qayıdarkən küçədə hansı tərbiyəsizlikləri etdilər?! Ucadan danışmaq, laqqırtı vurmaq, eybəcər-eybəcər səslər çıxartmaq, pis-pis gülmək, bir-biri ilə şit zarafatlar etmək!
Loru dildə desəm, elə bil, meşədən çıxıblar. Bir qədər gedib qaldıqları otelə çatdılar. Çatandan sonra da başladılar gözətçilərlə məzələnməyə. Bir xeyli mırt tutduqdan sonra otelə doğru getdilər. Mən isə həmin mühafizəçiyə yaxınlaşıb o uşaqların hansı komandadan olduğunu soruşdum, dedi ki, “Qəbələ”nin əvəzediciləridi. Əslində, üzlərini və geyimlərindəki loqolarını görmədən də əmin idim ki, bizim komandadı. Bu cür tərbiyəsizliyi bizimkilərdən başqa kim edər ki?..
Həmin andan “Qəbələ” haqda fikirlərim də dəyişdi. Həmişə düşünmüşəm ki, “Qəbələ”də ciddi insanlar çalışdığından, burda heç vaxt “bardaq” ola bilməz. Demək, varıymış. Son yayılan məlumatlar və fotolar da məhz bu üzdən məndə təəccüb oyatmadı. Dodonun “Qəbələ”nin bazasına qız gətirməsi xəbərinin doğruluğuna da artıq şübhə eləmirəm. Balacalar elə hərəkətlərə yol verirsə, böyükləri onlardan geri qalmayacaq ki! Atalarımız “hər parıldayan qızı deyil” ifadəsini əbəs yerə deməyiblər.
P.S. Tale Heydərov futbol adına ciddi yatırımlar edir. İşə nəzarət isə sıfır. Bu, qaş düzəldən yerdə vurub göz çıxarmaqdan da betərdi.




Fikirlərini bizimlə bölüş!