Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Tiflis, “Dinamo” və Sxadadze o deyil…

Ölkəmizdə belə bir adət-ənənə var: evindəkinə dəyər verməyib, qonşuda olanları daha çox qabardırıq. Bu miras sanki ulu babalarımızdan bizə qalıb. Bura hər sahəni daxil etmək olar.

Məsələn, yerli əhali Gürcüstanın şəhərlərini daha çox tərifləyir, turzimin yaxşı inkişaf etdiyini dilə gətirirdilər. Görməyən, bilməyənlər isə xəyallarında tam fərqli şeylər canlandırıb, burda olmağı arzulamağa başlayırlar. Mənim də uzun illərdən bəri bir məqsədim var idi. Bakıdan Tiflisə gedib, ordan Batumiyə, daha sonra Türkiyənin Qara dəniz bölgəsində yerləşən şəhərlərində gəzməyi arzulayırdım. Səyahətçilər daha yaxşı bilər. Uzun səfərə çıxanda birinci və axırıncı şəhərlər insana daha maraqlı gəlir. Çünki başlanğıc və son nöqtə səfərinin tam mahiyyətini önə çıxarır. Lakin mən 3-4 gün əvvəl arzuladığım səfər planında dəyişiklik etdim. Tiflisi bu sıyahıdan çıxardım…

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında “Neftçi” Tiflisdə “Dinamo” ilə qarşılaşdı. “Ağ-qaralar”ın rəhbərliyi jurnalistlərin də qarşılaşmanı izləməsi üçün səfərini təşkil etdi. Gürcüstana yollananlar arasında mən də var idim. Bu, həmin ölkəyə ikinci səfərim idi. İllər öncə “Samtredia” – “Qəbələ” matçını izləmək üçün Kutaisiyə, ordan da oyunun keçirildiyi Zestafoniyə getmişdim. Həmin vaxt bu ölkənin çox şişirdildiyi qənaətinə gəlmişdim. Sonra düşündüm ki, adı çəkilən şəhərlər bölgədə yerləşdiyi üçün bəlkə də inkişafdan geri qalıb. Bu səbəbdən də Tiflis səfəri mənim üçün daha maraqlı idi. Çünki “Qafqazın mədəniyyət mərkəzi”ni öz gözlərimlə görəcək, gözəlliyinə şahid olacaqdım.
İyulun 5-də səhər saatlarında Şota Rustaveli adına Tiflis Beynəlxalq Hava Limanına çatdıq. Bura yığcam olsa da, xüsusi nizam-intizam var idi. Məsələn, çölə çıxan kimi sənə tanımadığın biri yaxınlaşıb, “taksi lazımdı, hara istəsən, apara bilərəm”, – deyə müraciət etmirdi. Biranlıq təsəvvürümdə Bakı və İstanbul hava limanlarındakı vəziyyət canlandı və başa düşdüm ki, dünyanın hər yerində taksi sürücüləri eyni deyilmiş…
“Neftçi”nin təşkil etdiyi avtobusla məskunlaşacağımız otelə doğru irəliləməyə başladıq. Yolda şəhər haqda ilkin təsəvvürüm yarandı.

“Göydələnlər”dən və tıxaclardan uzaq olan Gürcüstanın qədim paytaxtı Tiflisin özünəməxsus memarlığı var. Sıra ilə düzülən balaca evlər adamda elə duyğu yaradır ki, elə bil nağıllar aləmində şəhərciyə düşmüsən. Tiflis turistlər üçün tarixi abidələri, memarlıq üslubu ilə maraqlıdı. Bizdən fərqli onlar tarixi abidələrinə “əhəmiyyətini itirib” damğası vurmayıb, sökməyiblər. Rustaveli prospekti boyunca hara baxırsansa, gürcü xalqının keçmişindən xəbər verir. Elə metronun “Marjanişvili” stansiyasının ətrafı da fərqliliyi ilə seçilir. Eyni adı daşıyan küçə boyunca qrafitilər istər-istəməz adamın diqqətini cəlb edir. Bura sanki qədim dövrlə müasirliyin sintezindən ortaya çıxan məkandı.

Elə məskunlaşdığımız “Fabrika Hostel” də qeyri-adi dizaynı ilə fərqlənirdi. Bura Tiflisdə təhsil alan əcnəbi və yerli tələbələrin toplaşma yeridi. Görüntü olaraq xoş bir mənzərə idi. Əslində Tiflis haqda ilkin təəssüratım müsbət idi. Baş məşqçilərin mətbuat konfransından və məşqlərdən sonra şəhəri gəzərkən bütün fikirlərim alt-üst oldu. Yerli camaatın məsləhəti ilə “Maidan” adlanan əraziyə getdim. Əslində əylənməyi, gecə həyatını sevən insanlar üçün şəhər çox maraqlıdı. Adamlar çox xoşbəxt görünürlər. Küçənin ortasında rahat şəkildə rəqs edə, mahnı oxuya bilirlər. Onlar üçün kənarda olanların heç bir əhəmiyyəti yoxdu. Mental dəyərlər, utanmaq hissi yox kimidi. Mərkəzi küçədə gəzərkən bir xanım qarşını kəsib, eskort xidməti göstərdiyini rahat dilə gətirir, ya da belə işlərlə məşğul olan məkana dəvət edir. Onlar bunu iş kimi görürlər və burda qeyri-adi heç nə olmadığını düşünürlər…

Sanki Tiflisdə insanlar yalnız üç amal üçün yaşayırlar: məcbur qaldıqları qaydalara riayət etmək, Qafqazın ən yaxşısı olduqlarını sübut etmək, kobudluqlarını nümayiş etdirmək. Şəhərdə kiməsə yaxınlaşıb bir kəlmə soruşmağa peşman olursan. Onlar səninlə kobud rəftar edib, konkret cavab verirlər. Tiflisdə hər şey biznes üzərində qurulub. Hər şeyi satmağa çalışırlar. Nizam-intizam qaydasındadı. Yol hərəkəti qaydalarına çox yaxşı riayət edirlər. Amma maşın sürməklərindən hiss olunur ki, bunu sırf cəza almamaq üçün və məcburiyyətdən edirlər.

Tiflisdə, sadəcə, bir məqam çox xoşuma gəldi. Futbol qarşılaşmalarına avropalılar kimi yanaşırlar. “Dinamo” – “Neftçi” matçına əksəriyyət ailəsi ilə gəlmişdi. Maraqlı məqamlardan biri qarşılaşmaya təşrif buyuran azarkeşlərin əksərinin xanımlar olması idi. Onların bir çoxunun əynində “Dinamo”nun formasının olması diqqəti çəkən məqamlardan idi. Stadiona daxil olmağa heç kim tələsmirdi. Hər kəs növbə gözləyir, biletini təqdim edəndən sonra arenaya daxil olurdu. Ən maraqlı məqam isə stadion ərazisində yaradılan kiçik kafelərin qarşısının dolu olması idi. Adamlar ya sərinləşdirici içki, ya pivə, ya da burger almağa çalışırdı. Gürcülər üçün futbol matçları mübarizə meydanı yox, sanki teatr tamaşasıdı. Burda 90 dəqiqə ərzində istirahət edir, qarşılaşmanın ab-havasından zövq alırdılar. Tam iki gün bu şəhərdə oldum. Lakin mənim üçün Tiflis o qədər də maraqlı gəlmədi. Sadəcə, bu şəhərin reklamı genişdi. Bakının gözəlliyi orda yoxdu. Mədəniyyət olaraq bura çox inkişaf edib. Amma inanmıram ki, hansısa avropalı turist bura bir dəfə gələndən sonra yenidən səfər etmək istəsin. Düşürəm ki, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala və Şəki daha çox insana xoş təsir bağışlayır, nəinki Tiflis. Yəni Gürcüstanın paytaxtı təsəvvürümüzdə formalaşdığı kimi deyil.
Elə futbol baxımından da o qədər də inkişaf etməyib. Sadəcə, gürcülər avropalıların diqqətini cəlb edə bilirlər. Nə çempionatları bizim premyer-liqadan güclüdü, nə də klubları. Əksi olsaydı, zəif oyun sərgiləyən, cəmi 4 müdafiəçisi olan, yeni mövsümdə cəmi 3 yoldaşlıq görüşündə gücünü sınayan “Neftçi” “Dinamo” üzərində qələbə qazanmazdı. Hələ Tiflis təmsilçisinin baş məşqçisi Azərbaycan futbolunu əlinin içi kimi bilən Kaxaber Sxadadzedi. Onun varlığı belə flaqmanımızın gücsüz halına qalib gələ bilmədi. “Hər deyilənə inanmaq lazım deyil” kəlamının doğruluğuna Tiflisdə əmin oldum. Tiflis, “Dinamo” və Sxadadze o deyil…

Fikirlərini bizimlə bölüş!