Hər birimiz dünyada məşhur olan onlarla ulduz futbolçunun adını əzbər bilirik. Elə ölkəmizdə də ulduz olmasalar belə, tanıdığımız futbolçuların sayı az deyil. Bəs, onların bir idmançı kimi yetişməyində əvəzsiz rolu olan məşqçiləri necə, tanıyırıqmı? Bir qədər fikirləşsək, neçəsinin adını xatırlayarıq?
Bir neçə gün öncə həmkarım Aydın Bağırovun “Bizim futbolda təlxəkləri kim yetişdirir?” başlıqlı köşəsi dərc olunmuşdu. Yazıda bir cümlə – “Azərbaycan futbolçusu isə… (yenə də mütləq əksəriyyəti) özlərinin uşaq futbol məşqçilərini adam saymır, onları görəndə üzünü çevirir, öz aralarında məsxərəyə qoyur” fikri bu sorğunu aparmağıma səbəb oldu. Həqiqətən də bir neçə dəfə futbolçunun onu “adam” edən məşqçi haqqında neqativ fikirlər səsləndirdiyinin şahidi olmuşam Əslində, uşaq məşqçiləri təlxək yox, futbolçu yetişdirir. Onların təlxəkləşmə və tərbiyəsizləşmə prosesi isə sonradan, bir qədər “cibləri şişəndən” sonra başlayır. Əgər belə olmasaydı, heç olmasa ayda-ildə bir dəfə müəllimlərini yada salardılar. Azından onları məsxərəyə qoymazdılar. Təbii ki, bu sözlər bütün futbolçulara aid deyil. Kimlərə aid olmasını isə bu yazını oxuyandan və ya kimdənsə eşidəndən sonra özləri biləcəklər.
İslam Kərimov: “Elə tələbələm var ki, hələ də oğlumun üzünü görməyib”
İlk müraciət etdiyim mütəxəssis hazırda “Neftçi”də çalışan İslam Kərimov oldu. Respublikanın əməkdar məşqçisi adını almış A kateqoriyalı İslam müəllim məşqçi kimi 32 illik fəaliyyəti dövrundə xeyli sayda futbolçu yetişdirib. Yaxşısı budur onların bir neçəsinin adını özü desin: “1992-ci il yanvarın 12-dən “Neftçi”dəyəm. Bu 22 və ondan qabaqkı illər ərzində yetişdirdiyim futbolçuların sayı-hesabı yoxdur. Onların əksəriyyəti Azərbaycan futbolunda ad qoyublar. Xaqani Məmmədov, Anar Niyazov, Rauf Mehdiyev, Namiq Quliyev – mənim ilk yetirmələrim olub. 1982-ildən bu uşaqlarla işləmişəm, 1992-ci ildə böyük futbola qədəm qoyublar. Onların ardınca ikinci nəsil futbolçular yetişdirmişəm – Kamran Ağayev, Ruslan Abuşov, Elnur Abdullayev, Asif Məmmədov, Ruslan Əmircanov, Murad Ağakişiyev, Orxan Rəcəbov və digərləri ilə 17 yaşlıların Avropa çempionatında mərhələ adlamışıq. Daha sonra futzal yığmamızın liderlərindən olan Vitali Borisov 6 il məndə məşq edib, Mirkamil Rəhimov, Amid Quluzadə, Namiq Yusifov və digərləri müxtəlif komandalarda çıxış edirlər. İşlədiyim “Neftçi”yə gəlincə – Ruslan Tağızadə, Mirhüseyn Seyidov, Elvin Yuniszadə, Emin Mehdiyev, Tərlan Quliyev, Fəhmin Muradbəyli və digərlərinə də futbolun sirlərini öyrətmişəm. Hazırda 60-dan çox tələbəm Azərbaycan Premyer Liqasınında və əvəzedicilərin birinciliyində çıxış edir”.
İslam müəllimdən 1-ci divizionda neçə tələbəsinin çıxış etdiyini soruşanda maraqlı cavab aldım: “Mən 1-ci Diviziona futbolçu hazırlamıram, İslam Kərimovun yetirmələri ancaq millidə və Premyer Liqada oynaya bilər”.
Əsas məsələyə, yəni, sorğunun “yetirmələrindən kimlər müəllimini unutmayıb” hissəsinə gəldikdə isə Kərimov onlarla tez-tez ünsiyyətdə olduğunu bildirdi. Bu da onlan irəli gəlir ki, İslam müəllimi Premyer Liqanın Bakıda keçirilən oyunlarında tez-tez görmək mümkündür. Belədə təbii ki, tələbələrlə görüşmək, hal-əhval tutmaq daha rahat olur: “Neftçi”nin bütün ev oyunlarına gedirəm. Həm burada işlədiyimə görə, həm də hazırda “Neftçi”də xeyli tələbəm çıxış edir. Amma digər tələbələrimlə az-az görüşürəm. Çox istərdim ki, digər klublarda oynayan uşaqlarla da mütəmadi əlaqə saxlayım”.
Görəsən, İslam müəllim kimdən razıdır? Kim onu unutmur? Müəllimin sözlərinə görə, belə tələbələri çoxdur. Ən çox razı qaldığı isə Xaqani Məmmədov oldu. Ötən il Araz Abdullayev, Elton Yaqublu, Mirhüseyn Seyidov və bir neçə başqa fubolçu müəlliminin evinə qonaq gəliblərmiş. Gələn qonaqlar arasında Kamran Ağayevin atası və bacıları da olub. Bütün yetirmələrinin xeyir-şərində iştirak etməyə çalışan İslam müəllimin narazı qaldığı tələbələri də var. Etik normaları pozmaq istəməyən Kərimov onların adlarını çəkməsə də, incidiyi dərhal hiss olunurdu: “Təəssüf ki, belələri də var. Heç vaxt onlardan maddiyyat güdməmişəm. Yalnız mənəvi dəstəklərinə ehtiyacım olub. Heç olmasa, ildə bircə dəvə quruca zəng edib hal-əhval tuta bilərlər. Axı, körpə olanda onlara ata kimi qayğı göstərmişəm. Oğlumun 4 yaşı var. Elə tələbələm var ki, hələ də oğlumu görməyib. Hərdən köhnə şəkilləri göstərəndə məndən soruşur ki, bu futbolçular niyə bizə gəlmirlər? Uşağa nə cavab verim?”
Vaqif Paşayev: “Telefonla danışanda “görüşərik” deməklə iş bitmir”
Hazırda “Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Paşayev də uşaq futbolunda ad qoymuş az sayda mütəxəssislərdən biridir. Vaqif müəllimlə söhbət zamanı “yetirmə” anlayışına bir qədər fərqli yanaşdığı məlum oldu: “Müxtəlif vaxtlarda müxtəlif komandaların baş məqçisi olmuşam. Əlimin altında xeyli futbolçu olub. İndii durum deyim ki, həmin futbolçuları mən yetişdirmişəm. Futbolçu yetişdirmək o deməkdir ki, həmin uşaq lap körpə yaşlarından ta ki 17-18 yaşına kimi sənin yanında olsun, hər şeyi səndən öyrənsin. Yoxsa ki, bəzi məşqçilər bir müddət məşq keçdiyi futbolçunu öz adına çıxırlar. Bəs, ona körpə vaxtında zərbə vurmağı, qaçmağı, ötürmə verməyi öyrədən məşqçi hara getdi? MOİK-də işlədiyim vaxtlar hərbi xidmətə gələn 18 yaşlı futbolçular 2 il mənim rəhbərliyim altında futbol oynadılar. Onların mənim tələbələrim olduğunu deməyim nə dərəcədə doğru olar?”. Əsl yetirmələrinə gəlincə, Vaqif müəllim ilk olaraq Ceyhun Sultanovun adını çəkdi. Ceyhun futbola Vaqif müəllimin rəhbərliyi altında başlayıb və 9 il ondan dərs alıb: “Ceyhunun 18 yaşı tamam olanda rəhmətlik Ruslan Abdullayev yanına çağırdı. Daha sonra Ruslan müəllimlə “Neftçi”yə getdi”.
Millimizin kapitanı Rəşad Sadıqov və digər üzvü Saşa Yunisoğlu da Vaqif müəllimin yetirmələridir. 1982-ci ildə anadan olan bu futbolçular Vaqif müəllimin yetişdirdiyi ən tanınmış futbolçulardı. Əslində isə, Paşayevin tələbələri çox olub. Sadəcə həmsöhbətim daha irəli gedənlərdən bəhs etməyi məsləhət bildi. Demə, “rusların qənimi” Vaqif Cavadovun da ilk müəllimi Vaqif Paşayev olub. 4 il onun yanında top qovan Cavadov sonradan ailəsi ilə birlikdə Moskvaya köçüb.
Vaqif müəllim yetişdirdiyi futbolçuların qədrini bilən nadir mütəxəssislərdəndir. Belə ki, o, yetirmələrini peşəkar komandalara bir şərtlə buraxırmış – gərək daim əsas heyətdə oynasın. Əgər belə bir zəmanət almırdısa, onda futbolçunun keçidinə razı olmurmuş. Bəs, görəsən tələbələri Vaqif müəllimin qədrini bilirlərmi? Deyəsən, Paşayevin ağrılı yerinə toxundum: “Bilirsiniz, heç vaxt onlardan nəsə ummamışam. Həmişə onların soraqlarının yüksəkdən gəlməsini arzulamışam. Bu, mənim bəsimdir. Hansısa oyunda görüşmək, üz-üzə gəlmək başqa. Amma nə qədər də olmasa, arada bir müəllimlərinə baş çəksələr, əlaqə saxlasalar əziyyətə düşməzlər. Telefonla danışanda “görüşərik” deməklə iş bitmir. Birdə ki, uşaq olanda validyenlərinin ağızlarına çullu dovşan yerləşmirdi. Ev alan kim idi, maşın alan kim. Eviniz, maşınınız lazım deyil, heç olmasa yada salın. Onların hamısının doğum gününü əzbər bilirəm, hər dəfə zəng vurub təbrik eləyirəm. Heç olmasa, siz də 60 yaşım tamam olanda məni yada salardınız. Guya, xəbərləri yox idi. Vallah, var idi. Televiziyada göstərdilər, qəzetlərdə yazdılar. Xaricdə olmalarını səbəb gətirənlər də var idi. Bəyəm xaricdən zəng eləmək olmurdu. Sadəcə, etibarsızdılar”.
Rəhman Tağıyev: “Məni ən çox yandıran Tərlan Əhmədovun hərəkətidi”
Tələbələrindən narazı qalan daha bir mütəxəssis isə Respublika Olimpiya İdman Litseyinin direktor müavini Rəhman Tağıyev idi. O Rəhman müəllim ki, futbolumuzun Rafiq Quliyev, Səmədağa Qurbanov, İsgəndər Cavadov, Ramiz Məmmədov, Tərlan Quliyev, Şahin Diniyev, Vəli Qasımov, Arif Əsədov kimi isimlərlə zənginləşməsində əvəzsiz əməyi olub. Hazırda da gənc futbolçuların yetişməsi ilə məşğul olan Rəhman müəllimlə ötən ilin oktyabrında, 60 illik yubileyindən bir qədər sonra görüşüb müsahibə götürmüşdüm. Həmin vaxt ən çox Ramiz Məmmədov və Adil Mahmudov da daxil olmaqla az bir qismindən razılıq edən mütəxəssis digərlərinin nadir hallarda əlaqə saxladığını, hətta Tərlan Əhmədovun onu, ümumiyyətlə, unutduğunu demişdi. Həmin vaxtdan bəri heç olmasa “insafa” gələnlərin olub-olmaması ilə maraqlandım: “Həmin müsahibə dərc olunandan 1-2 gün sonra Vəli Hüseynov zəng elədi. Dedi ki, guya məni yuxuda görüb. Şahin Diniyev də əlaqə saxladı. Hal-əhval tutduq, gəlib baş çəkəcəyini, 1 stəkan çayımızı içəcəyini bildirdi. Evi ilə bizim məktəb arasında məsafə çox yaxındı. Hələ də gəlib çıxmayıb. Məni ən çox yandıran Tərlan Əhmadovun hərəkətidi. “Neftçi”dən gedəndə mənəvi dəstək olmaq üçün zəng elədim. İnanırsınız, zənglərimi cavabsız qoydu. Digər uşaqlar təsdiqləyə bilər – Tərlan Əhmədovun yetişməsində mənim böyük rolum olub. Tərlan Əhmədov bu səviyyəyə çatdığına görə həyatda mənə çox şey borcludur”.
Abbasovlar tələbələrindən razıdır
Böyükağa nadir rast gəlinən adlardan olsa da, futbolumuzda maşallah, çoxdur. Bu adla ilk yada düşən “Neftçi”nin baş məşqçisi Böyükağa Hağıyev olsa da, adaşları Ağayevlə Abbasovu da unutmaq olmaz. Böyükağa Ağayev məşqçi kimi bir qədər üzdədir. Abbasova isə bunu aid etmək bir qədər çətindir. Çünki, uşaq futbolu ilə məşğul olan mütəxəssislərə o qədər də diqqət ayrılmır. Əgər belə olsaydı, onda Abbasov soyadı Ağayev və Hacıyevdən daha məşhur olardı. Hazırda İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Futbol Məktəbində işləyən, əməkdar məşqçi Böyükağa Abbasov futbolumuza İlham Yadullayev, Rəşad Abdullayev, Elmar Baxşiyev, Tərlan Quliyev və bu kimi onlarla futbolçunu bəxş edib. Böyükağa müəllimlə də əlaqə saxladım, yetirmələrinin ona olan münasibətini öyrəndim. Əvvəlki 3 mütəxəssisdən fərqli olaraq o, tələbələrindən razı olduğunu bildirdi: “Sağ olsunlar, hamısı əlaqə saxlayır, hal-əhval tutur. Heç birindən incikliyim yoxdur, hamısından razıyam”. Düzü, Böyükağa müəllimin heç kimin xətrinə dəymək istəmədiyini hiss etsəm də, nə deyirəm, təki o deyən kimi olsun.
Digərlərindən bəhs edib öz məşqçimi unutsam, onda mən də olardım etibarsızların siyahısında. Çox istərdim ki, bu yazıda mənə futbolun sirlərini öyrədən Hüseyn İsmayılovun da fikirlərini yerləşdirim. Təəssüf ki, Hüseyn müəllim 2001-ci ilin feralında dünyasını dəyişib. Bəlkə də öldürülüb. Bünü Allah bilir. Hələ bir neçə il əvvəl onun ölümüm ilə bağlı kiçik bir araşdırma aparmışdım. Doğrudur, konkret bir nəticəyə gələ bilməsəm də, heç olmasa, həmin yazı ilə müəllimimi yada salaraq bir qədər toxtaxlıq tapmışdım. Amma bir nəfər də var ki, haqqını tapdalaya bilmərəm. Bu, vaxtilə “Turan”ın baş məşqçisi olmuş, hazırda “Rəvan”da işləyən Xanoğlan Abbasovdur. Məhz onun sayəsində həyatımın 1 ili “Turan”da keçib.
Xanoğlan müəllim 1981-ci ildən uşaq futbolunda çalışır. Doğrudur, 1992-ci ildən 2000-ci illərin əvvəllərinə kimi müxtəlif vaxtlarda yüksək liqa komandalarına başçılıq edib. Amma yenə də biliyini uşaqlara öyrətməklə məşğuldur. Tovuz futbolunun yetirmələri olan Nadir və Aqil Nəbiyev qardaşları, Ruslan Abbasov və bir çoxları onun “əlinin altından” çıxıb. Xanoğlan müəllim də Böyükağa Abbasov kimi yetirmələrindən razılıq etdi: “Tovuz balaca yerdir. Demək olar ki, hamı bir-birini tanıyır, tez-tez rastlaşırsan. Bu mənada tələbələrinlə tez-tez görüşüb ünsiyyətdə qurmaq imkanı olur. Bakıda olduğum müddətdə də yaddan çıxarmırlar. Hamısı arada əlaqə saxlayır. Heç birindən narazı deyiləm. Əsas odur ki, onlar uğur qazansınlar. Mən də baxıb fərəhlənim”.




Fikirlərini bizimlə bölüş!