Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Uzaqgörən” Hüseynov, Cahangirovun başlatdığı “müharibə”

“Türkəm axı…”

İlk dəfə idi Antalyaya yollanırdım. Bakıdan hər il qışda klublarımızın evi rolunu oynayan məmləkətə yollanmaq üçün iki təyyarə dəyişdim. Əvvəlcə paytaxtımızdan İstanbula, Osmanlı imperiyasının “başkənt”indən isə Antalyaya yola düşdüm.

Burda məni bir nəfər qarşılamalı idi. Tanımırdım, sadəcə, adının Riad olduğunu və nömrəsini bilirdim. Hava limanından çıxan kimi mənə verilmiş nömrəyə zəng etdim. Telefondakı səs mənimlə Türkiyə türkcəsində danışmağa başladı. Bir anda duruxdum: Riad və türkcə? Nə isə qəribə gəldi. Hər nəysə, Riadla ilk cəhddə görüşümüz alınmadı. İkinci dəfə o mənə zəng elədi. Bu dəfə isə ikiqat şoka düşdüm. Bayaq mənimlə təmiz türkcə danışan şəxs indi səlist şəkildə rusca danışırdı. Doğma dildən ruscaya ani dönüş edə bilən rusdilli azərbaycanlı obrazı hamımıza tanışdı. Ancaq rusdilli türk anlayışı bir qədər qəribə gəldi mənə. Həm də, bu şəxsin adı Riaddısa… Hər nəysə, 5-10 dəqiqəlik axtarışdan sonra nəhayət, Riad məni tapdı. Otelə doğru yola düşdükdən bir neçə dəqiqə sonra dözməyib, bu qəribəliyin sirrini açdım. “Qardaş, hansı millətdənsən” sualıma “türkəm” cavabını verdi. Ancaq yəqin ki, təəccübümün səbəbini tez anladı ki, əlavə etmək məcburiyyətində qaldı: “Axıska türküyəm”. Riad uzun müddət Qazaxıstanda yaşayıb. Daha sonra isə ailəsi ilə birgə Gürcüstana köçüblər. Özü təxminən 10 ildən bir qədər artıq müddətdi Antalyada çalışır. Yaxşı həmsöhbət olan Riadla hava limanından məskunlaşacağım “Bellis” otelinə kimi olan 30 dəqiqəlik müddətdə bir çox məsələdən – Türkiyədən, Antalyadan, Axıska türklərindən danışdıq. İlk mövzumuz isə elə məhz türk kimliyi oldu. Bir müddət öncə Taylandda da çalışmış Riad, türk kimliyinin milliyət yox, siyası termin kimi işlədilməsindən narazı idi. Deyir, “Rusiya ilə Türkiyənin arası soyuq olduğu dönəmdə Taylandda çalışırdım. Rus müştərilərim milli kimliyimi soruşanda “türkəm” deyirdim. Dərhal da mənimlə çalışmaqdan imtina edirdilər. Otel rəhbərliyi məndən niyə belə etdiyimi soruşurdu. Nə etməli idim, yalan danışmalıydım? Türkəm axı…”. İndi isə əsas odu ki, Riad artıq özü üçün doğma hesab etdiyi Antalyada bu cür problemlərlə qarşılaşmır.

Tərlan Əhmədovun qadağası

Təxminən 30 dəqiqə sonra qarşıdakı bir həftə ərzində “ev”im olacaq “Bellis” otelinə çatdıq. Elə Antalyaya çatdığım gün iki oyun var idi. “Qəbələ” “Arsenal”la (İngiltərə yox ha, Rusiya), “Neftçi” isə “Krılya Sovetov”la qarşılaşacaqdı. “Krılya Sovetov” mənim qaldığm oteldə məskunlaşdığından, Samara təmsilçisi ilə “ağ-qaralar”ın oyunu məhz “Bellis”in ərazisindəki stadionda keçiriləcəkdi. “Qəbələ” isə “Qloria” sahələrində (türkiyəlilər məhz belə deyir) oynayırdı. Məntiqlə, mənim üçün oteldə yer ayırmış “Neftçi”nin oyununa getməli idim. Ancaq oyundan öncə klub rəsmisi ilə qısa söhbətim fikrimi 180 dərəcə dəyişdi.

– Oyundan sonra baş məşqçidən və ya oyunçulardan müsahibə olacaq?
– Yox

– Bəs açıqlama necə?
– Çox güman, o da olmayacaq…

Gözlədiyim kimi, “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov “SKA-Xabarovsk”la oyundakı 1:8 hesablı biabırçı məğlubiyyətdən sonrakı açıqlama qadağasını davam etdirirdi. Bir idman jurnalisti üçün oyundan da əsas matçdan sonrakı açıqlama və müsahiblərədi. Bunların heç biri olmayacaqsa, mənim oyunda nə işim var? Elə bu məntiqlə qaldığım otelin iki addımlığında olan “Neftçi” – “Krılya Sovetov” yox, “Qəbələ” – “Arsenal” oyununa yollandım. Yollanmaq demişkən, Antalyanın Bələk bölgəsində, mənim qaldığım yerlərdə harasa yollanmaq heç də asan məsələ deyil. Ən yaxın məsafəyə gediş haqqı 20-30 dollardan başlayır (hələ orta və uzaq məsafələri demirəm). Belə yerdə isə dadımıza klub nümayəndələri çatırdı. Oyuna gedərkən yolüstü bizi də (mənimlə birgə qalan həmkarım Ruslan Mikayıllı) götürməyi unutmurdular. Bu dəfə isə köməyimizə “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev çatdı.

Qriqorçukun narazılığı

“Qloria” meydançalarına yollandıqdan sonra oyun seçimində yanılmadığımı gördüm. “Qəbələ” ilə “Arsenal”ın oyununda futbol adına görmək istədiyiniz hər şey – hücum, səhvlər, qollar var idi. Matçda komandaların rəngarəng oyunundan çox, görüşün baş və yan xətt hakimi olan belaruslu xanım referilər diqqət çəkirdi. Hətta həmkarlarımdan biri oyundan sonra xanım baş hakimdən müsahibə də götürdü.

Oyun isə gedişatına uyğun olaraq bolqollu – 3:3 hesablı heç-heçə ilə nəticələndi. Matç zamanı diqqətimi çəkən əsas amil isə “Qəbələ” daxilində olan ab-hava idi. Komandadaxili atmosfer doğrudan yüksək səviyyədədi. Bu, hər cəhətdən görünürdü. Elə futbolçuların bir-biriləri ilə olan zarafatından komandadaxili ad-havanın qaydasında olduğu bəlli olurdu. “Qəbələ”nin sonrakı oyunlarında da bunun şahidi oldum. Oyunda digər diqqət çəkən məqam isə klubun yeni transferi Təmkin Xəlilzadənin rəqib komandanın qapısına təyin edilmiş penalti zərbəsini boşa verməsi oldu. Deyəsən, yeni transferin “ağ nöqtə”yə icazəsiz yaxınlaşması Roman Qriqorçukun xoşuna gəlməmişdi. Yoxsa oyunsonrası müsahibədə “niyə penalti nöqtəsinə o yaxınlaşdı, bilmirəm” deməzdi. Ukraynalı mütəxəssis həmin vaxt ölkə mətbuatında yayılan komandadan ayrılacağı barədə iddiaları isə gülüşlə qarşıladı.

Tixonovun səmimiyyəti, yoxsa…

“Qəbələ”nin oyunundan otelə qayıtdıqda “Neftçi”nin “Krılya Sovetov”a 0:2 hesabıyla uduzduğunu öyrəndik. Fürsətdən istifadə edib, Ruslan Mikayıllı ilə birlikdə bizimlə eyni oteldə qalan “Krılya Sovetov”un baş məşqçisi Andrey Tixonovla söhbətləşdik. Sabiq “Spartak”lı “Neftçi”ni bir xeyli təriflədi, yoxlama oyununda hesabın əsas olmadığını xatırlatdı. Tixonovun bunları deyərkən, səmimi olduğu, yoxsa rəqibə hörmətdən bu ifadələri işlətdiyi isə mənim üçün müəmmalı qaldı.

“Uzaqgörən” Hüseynov, döyüş meydanına çevrilən stadion

Növbəti gün isə “Kəpəz”in oyununa yollandım. Gəncə təmsilçisi “Qəbələ”nin ötən il Avroliqada mübarizədən kənarlaşdırdığı Polşa “Yagelloniya”sı ilə qarşılaşırdı. Oyunun keçirildiyi meydança qaldığım otelə çox yaxın olduğundan, ora hamıdan, hətta “Kəpəz”dən belə, tez çatmışdım. Oyundan öncə baş məşqçi Yunis Hüseynovla qısa söhbətimiz oldu. Hüseynov bizi görüncə, sanki oyundakı darmadağını öncədən sezibmiş kimi, bir gün öncə məşqdə komandanı çox “yükləmə”sindən danışdı.

Oyunun start fiti verildi. Elə bir neçə dəqiqə keçmişdi ki, rəqib hesabı açdı. Sonra? Daha sonra ardı gəldi – 0:2, 0:3, 0:4… 90-cı illərdə millimizin və klublarımızın astronomik hesablı məğlubiyyətlərini eşidəndə öz-özümə düşünürdüm ki, görəsən, orda nə baş verib? Bu cür hesab necə qeydə alına bilər? “Kəpəz”lə “Yagelloniya”nın oyununda bunun canlı şahidi oldum. Meydanda bir komanda var idi və o komandanın qapıya hər zərbəsi, hər hücumu qolla nəticələnirdi. Yunis Hüseynovun ehtiyat oyunçular skamyasından, köməkçisi Yaşar Vahabzadənin isə tribunadan tapşırıqları da buna mane olmurdu. Ancaq bəlkə də, elə bu iki istiqamətdən yönəlmiş tapşırıqlar “Kəpəz”in oyununa mənfi mənada təsir edirdi. İlk hissənin sonlarında isə hesab artıq 0:7 (!) idi. Bu vaxt zarafatla həmkarlarımızla bir-birimizə “Kəpəz” bir bəhanə tapıb, meydanı tərk etsin” deyirdik ki… meydanda həngamə qopdu. “Yagelloniya”nın futbolçularından biri “Kəpəz”in üzvü Tərzin Cahangirova qarşı çox kobud oynadı. Yerdə qalmış Cahangirov isə rəqibinə ayağı ilə zərbə endirdi. Polşalı futbolçunun da ona eyni formada qarşılıq verməsi aranın qarışması ilə nəticələndi. Bir anda yaşıl meydança döyüş meydanına çevrildi. Hər iki tərəf uşaq vaxtından öyrəndiyi döyüş fəndlərini işə saldılar. Meydanda yumruqlarını işə salan kim, güləş fəndindən istifadə edən, havada qoşa təpik atan kim…Yaxşı ki, hər iki klubda döyüş həvəskarları kimi sülh tərəfdarı olanlar da var idi. Yoxsa meydanda qan su yerinə axardı. Elə məhz bu sülh tərəfdarlarının səyi nəticəsində faciənin qarşısı alındı. Oyunun tacikistanlı hakimləri matçın ilk hissəsini 2 dəqiqə tez – 43-cü dəqiqədə başa çatdırdılar.

Bu vaxt ilkin mənzərə oyunun davam etməyəcəyi görüntüsünü yaradırdı. Həmkarlarımdan biri hakimlərdən oyunun davam edib-etməyəcəyini xəbər aldı. Hadisələrin şokundan rəngi ağappaq olmuş cılız baş hakim “göylər oynamaq istəmir” dedi. Baş hakim “göylər” deyəndə, meydana bu rəngli formada çıxmış “Kəpəz”i nəzərdə tuturdu. Ancaq çox çəkmədi ki, komandaların ikinci hissəyə çıxacağı aydın oldu. “Yagelloniya” meydana tam yeni heyətlə çıxmışdı. “Kəpəz”də isə bir neçə dəyişiklik olsa da, qalmaqalın əsas iştirakçısı – Tərzin yenə meydanda idi. Hətta polşalı futbolçulardan birinin əli ilə Cahangirovu göstərərək, “o yenə oynayacaq?” deməsi diqqətdən qaçmadı.

İkinci hissənin start fiti ilə hər şeyin geridə qaldığı aydın oldu. Deyəsən, Polşa təmsilçisi meydandakı dava ilə yanaşı, yoxlama oyununda bu qədər qol vurmağın da gərəksiz olduğunu anlaşmışdı. Fasilədən sonra meydanda olduğu kimi, hesabda da “sülh” qeydə alındı – 1:1. Ümumi hesabda isə polyaklar meydanı 8:1 hesablı qələbə ilə tərk etdi.

Oyundan sonra Yunis Hüseynovun danışmaqdan imtina edəcəyini gözlədiyimiz halda, mütəxəssis bütün suallarımızı cavablandırdı. Özü də çox sakit, heç bir həyəcan olmadan. Təbii ki, darmadağının əsas səbəbi kimi elə oyundan öncə bildirdiyi – komandanı məşqdə çox “yükləmə”sini göstərdi. Hüseynov komandalar arasında səviyyə fərqinin bu olmadığını sübut etmək üçün hətta bu komanda ilə ayın 31-də daha bir yoxlama oyununun təşkil edilməsinə görə müraciət edəcəyini dedi. Ancaq hamımız bu cür toplanışlarda planın uzun müddət öncə tutulduğunu, məhlə futbolundakı kimi, uduzanda “gəl bir də oynayaq” təklifinin keçərli olmadığını bilirdik. Elə də oldu. Ancaq əsas odu, Yunis bəy 1:8-in ardından jurnalistlər önünə çıxmaqda özündə cəsarət tapdı.

Qurbanov üçün SOS, “Sarayevo”nun sevinci

Toplanışın əsas hissəsi isə milli ilə bağlı idi. Yığma ilk dəfə Qurban Qurbanovun rəhbərliyi altında məhz Antalyada toplaşdı. Maraqlıdı ki, millinin məşqi ilə eyni gündə “Qarabağ”ın “Sarayevo” ilə oyunu var idi. Qurbanov “Qarabağ”ı Rəşad Sadıqova tapşıraraq, millinin “sükanı arxasına” keçmişdi. Qurbanovun gəlişi ilə millidə intizamın, daxili ab-havanın tam dəyişdiyi ilk baxışdan hiss olunurdu. Bunu mən yox, elə milliyə dəvət olunmuş oyunçular da deyirdi. Millimizin Qurban Qurbanovun rəhbərliyi altında ilk – Moldova ilə oyunu “sülh”lə başa çatdı. İlk oyundan sonra nə isə demək çətindi. Amma sadəcə, onu demək mümkündü ki, Qurbanov hücum xətti və müdafiənin mərkəzi ilə bağlı çox düşünməli olacaq. Ən azı Moldova ilə oyunda əsasən bu mövqelərin SOS siqnalı verdiyi aşkar görünürdü.

Qurbanovun brifinqinə getdiyimiz gün, ordan çıxan kimi Rəşad Sadıqovun rəhbərlik etdiyi “Qarabağ”ın “Sarayevo” ilə oyununa yollandıq. Biz stadiona çatanda, hesab artıq 0:2 bosniyalıların xeyrinə idi. Həmişə “Qarabağ”ın legionerlərin hesabına yüksək nəticələr qazandığını deyirik, ancaq bu oyun göstərdi ki, “Qarabağ” elə bütün heyəti ilə “Qarabağ”dı. Milli üzvləri olmadan, sadəcə legionerlərin ümidinə qalmış “Qarabağ” əvvəlki əzəmətindən uzaq görünürdü. Bu oyunda diqqət çəkən digər məqam isə rəqibin təmsilçimiz üzərində yoxlama oyununda qazandığı qələbəyə sevinci idi. Artıq “Qarabağ” “Sarayevo” kimi Avropanın kiçik klubları üçün müəyyən bir zirvə sayılır. Məhz buna görə, hətta yoxlama oyununda belə, təmsilçimiz üzərində qələbə rəqibə böyük sevinc bəxş edir. Əvvəllər “Qarabağ”ın şərəfini qorumuş, hazırda isə “Sarayevo”nun uğurları üçün çalışan qapıçı Boyan Pavloviç də bizimlə müsahibə zamanı bunu etiraf etdi.

“Necə hazır olduğumu çempionatda görəcəksiz”

Antalyada olduğum zaman vaxt tapıb, “Keşlə”nin də oyununa getdim. Yuri Maksimovun yetirmələri “Spartak”ın sabiq üzvü Dmitri Aleyniçevin çalışdırdığı, hazırda Rusiya 1-ci divizionunda lider olan “Yenisey”lə oyunda (1:1) heç də pis təsir bağışlamadı. Komandanın yeniləri fövqəladə nə iləsə yadda qalmasa da, oyunları ilə çempionata əlavə rəng qata biləcəklərini göstərdilər. İlk hissədən sonra əvəzlənən Kamran Ağayevlə söhbət zamanı isə qolkiperin mətbuatdan əməlli-başlı incik düşdüyü aydın görünürdü. Suallara qısa-qısa cavablar verən Ağayevlə müsahibədən sonrakı söhbət zamanı əsasən, meyxana deməsinin çox hallanmasından narazı qaldığı görünürdü.

Oyundan sonra isə matçda fasilədən sonra şans qazanmış Vaqif Cavadovla danışdım. Çoxu Cavadovu çoxdan siyahıdan silsə də, yarımmüdafiəçi tam fərqli fikirdədi. Tam hazır olduğunu deyən Cavadov, hətta “necə hazır olduğumu çempionatda görəcəksiz” kimi iddialı açıqlama da verdi. Futbolçunun uzun müddət klubsuz qaldıqdan sonra bu cür özünəinamlı çıxışı əlbəttə, sevindiricidi.

Əsl imtahan qabaqdadı!

Bu matç Antalyada izlədiyim sonuncu oyun oldu. Bir gün sonra, səhər tezdən burdan ayrıldım. Məni oteldən hava limanına aparmaq üçün yenə Riad gəlmişdi. Bu dəfə az danışırdı, yorğun görünürdü. Verdiyi ilk sual isə “Antalyanı gəzə bildin” oldu. “Antalyanı yox, amma burdakı meydançaları yaxşıca gəzdim” cavabımı isə təbəssümlə qarşıladı.

Ümumiyyətlə, Antalyaya ilk səfərimdə klubların qışda niyə məhz buranı seçdiklərinin əyani şahidi oldum. Burda komandanın əla təlim-məşq toplanışı keçməsi üçün hər cür şərait var. Mülayim havadan tutmuş, rəqib bolluğu, əla infrastruktur, gözəl meydançalara kimi. Antalya klubların “imtahan”a, yəni mövsümün ikinci yarısına hazırlaşması üçün ideal yerdi. O ki qaldı yoxlama oyunlarına, bu cür matçlarda qeydə alınan nəticələrə görə klublara “2” vermək hələ tezdi. Bu tip qarşılaşmalar şagirdlərin imtahan qabağı hazırlıq müddətindəki qaralama vərəqinə bənzəyir. Orda yazılanlardan asılı olmayaraq, əzilib kənara atılacaq. Əsl qiymət isə imtahanda veriləcək. Klublarımızın “imtahan”ına, yəni mövsümün ikinci yarısının startına isə cəmi bir neçə gün qalıb…

Fikirlərini bizimlə bölüş!