Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Vadji – Tovuzun başının tacı! – kaş heç “Sent-Etyen”ə getməyəydi…

Vadji – Tovuzun başının tacı! – kaş heç “Sent-Etyen”ə getməyəydi…

“Turan Tovuz”un “Sabah” üzərindəki parlaq qələbəsinin memarı İbrahima Vadji oldu. Əslində seneqallı hücumçu “Neftçi” ilə oyunda belə yüksəlişin ilk siqnallarını vermişdi. Çempionla oyunda isə xarüqələr yaratdı, cinahında qarşısına çıxanı əzdi, keçdi.

Valdas Dambrauskas Rəhman Daşdəmirovun Vadji ilə bacarmadığını görüb, fasilədən sonra artıq Eyden Makkartiyə şans verdi. Amma Cənubi Afrikadan olan müdafiəçi də tovuzluların 3-cü qolunda kobud səhvə yol verdi. Bir sözlə, bu oyun bir aktyorun teatrı, daha dəqiqi, Vadjinin benefisi idi! 43-cü dəqiqədəki real qol vəziyyətini də boşa verməsəydi, lap əla olardı.

Yalnız ilk qolda, yəni Enrike Silvanın fərqləndiyi epizodda Aleksa Yankoviç də hücuma dəstək verdi. Yoxsa həmin qolu da faktiki İbrahima təşkil etdi. Məncə, seneqallı bu oyunda “Qarabağ”dakı ən yaxşı dönəmini xatırlatdı. Yenə o dərəcədə azad, sərbəst, qarşısıalınmaz idi, sanki cinahında qanad açıb uçurdu.

Düzdü, ağdamlılar 2022-nin avqustunda onun “Sent-Etyen”ə transferindən milyonlar qazandı. Amma “Sent-Etyen” bu transferdən nə qazandı? Prinsipcə heç nə! Vadji Fransanın ən titullu klubunun heyətində heç cür özünə yer tapa bilmədi, gah rəqabət, gah da zədə problemi ilə üzləşdi. Üç il ərzində çıxdığı 51 oyunda 13 qol, 4 məhsuldar ötürmə ilə yadda qaldı ki, bu da “Qarabağ”dakı göstəricilərindən xeyli zəifdi.

Və Vadji bu gün “Turan Tovuz”da əvvəlki formasına qayıtmaqdadı. Əlbəttə, bir-iki oyun ümumi qiymətləndirmə üçün bəs deyil. Amma “Sabah”a qarşı fenomenal idi. “Turan Tovuz” azarkeşi növbəti oyunda onun üçün “Vadji – Tovuzun başının tacı” pankartını qaldırsa, şəxsən mən təəccüblənmərəm!

Fikirlərini bizimlə bölüş!