Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Xaqani Məmmədov Blatterlə Platinindən nəyi atırqdı?

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov haqda peyda olan şok video gündəmə bomba kimi düşsə də, son günlər sanki ara səngiyib. Halbuki UEFA kubokunun 14 il əvvəl baş tutan "Osiyek" – "Dinaburq" görüşündə Xaqani Məmmədov-Asim Xudiyev-Ramiz Əsədov "üçlüy"ünün çıxardığı hoqqanın bəraəti yoxdu. Normal ölkədə adı çirkli olayda çəkilən (həm də tutarlı dəlilə söykənən) birisini vəzifəsindən kresloqarışıq atardılar. Ancaq bir halda ki, AFFA araşdırma aparmağı lazım bilib və bunun üçün xüsusi komissiya yaradıb, gözləməkdən başqa əlac qalmır.

"Xaqani Məmmədovu sədr postunda əvəz edəcək kadr yoxdu" izahı isə gülməli, bir o qədər də ağlamalıdı. Bəyəm Məmmədov bu vəzifəyə təyin ediləndə aydan arı, sudan duru idi? Ona baxanda namizəd göstərdiklərimiz toya getməlidi. Gülağa Cabbarova, Tahir Süleymanova və digər təcrübəlilərə güvənmirlərsə, yeni kadrları – Vüsal Əliyevi, Fariz Yusifovu irəli versinlər. Ən pis halda komitəni əcnəbiyə tapşırmaq olar. İstənilən halda, adı rüşvətdə hallanan və haqqında bəraət qərarı çıxmayan birinin məsul vəzifədə qalması futbol təsərrüfatında çalışan hər kəsə hörmətsizlikdi.

Fikrimcə, Elxan Məmmədov da Xaqani Məmmədovu vurmaq üçün fürsət yetişdiyini anlayır. Sadəcə, Ramin Musayevlə açıq mübarizədən ehtiyatlanır. Araşdırma üçün 60 gün vaxt ayrılması isə təsadüfi deyil. Baş katibin açıqlamasında "60 gün uzun müddət deyil. Amma ola bilər ki, nəticə 30 gün sonra açıqlansın. AFFA rəhbərliyi olaraq düşündük ki, əvvəlcə araşdıraq, sonra müvafiq qərar qəbul edək. Söhbət uzunmüddətli yox, maksimum 60 günlük araşdırmadan gedir. Ola bilər ki, iki həftə sonra nəticə açıqlansın. Komissiya üzvlərinə möhlətin bundan çox ol-maması tapşırılıb" fikri müəyyən ssenarinin hazırlandığından xəbər verir. İki ayı video üzə çıxarıldığı gündən – noyabrın 13-dən hesablasaq, yanvarın ilk yarısında artıq qərar verilməlidi. Həmin tarixdə isə çempionatda fasilə olacaq. Elə Hakimlər Komitəsi də o arada bayram fasiləsində olacaq. Adətən, hakimlər qış toplanışına yanvarın ikinci yarısında yollanır. Mümkündü ki, ədalət təmsilçilərini Antalyaya yeni sədr aparsın. Bunu da zaman göstərəcək.

Ancaq indiki məqamda bir məsələni gündəmə gətirmək lazım gəlir. Xaqani Məmmədov AFFA-nın divarları arasında fəaliyyətini davam etdirə-etdirə komisiyanın işinə təzyiq göstərəcəyi ilə bağlı şübhələr var. Ümumiyyətlə, bu adi istintaq yanaşmasıdı. Uzağa getməyək, dünya futbolunda yaranmış korrupsiya qalmaqalı üzündən FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platiniylə bağlı oxşar vəziyyət yaranmışdı. FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası qərar verərək, hər ikisini vəzifəsindən 3 ay müddətinə kənarlaşdırıb. Başqa sözlə, dünya və Avropa futbol qurumlarının başçılarının səlahiyyətləri 90 günlük dondurulub. Eyni vəziyyət Hakimlər Komitəsinin sədri ilə bağlı da yaranıbsa, araşdırmanın obyektiv aparılması üçün Məmmədov ən azı "təmizə çıxana qədər" kənarlaşdırılmalıdı. Əslində bu haqda komisiya yaradıldığı gün qərar verilməliydi. Ancaq indi də gec deyil…

Fikirlərini bizimlə bölüş!