Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Xəzər Lənkəran” haqqında adsız yazı

Təxminən 5 ilin söhbətidir. Lənkərana ezamiyyətə getmişdim. Orada keçiriləcək “Xəzər Lənkəran” – “İnter” matçı ilə əlaqədar reportajlar hazırlamağa. Oyun öncəsi, oyun və oyundan sonra. Biletlərin satılması, təhlükəsizlik, matç günü meteovəziyyət repotajların prioritetini təşkil edirdi. Oyundan əvvəl Lənkəran bazarına da baş çəkdim. Bir arabaçının gördüyü iş müqabilində aldığı bir manatı öpüb gözü üstə qoyduğu diqqətimi çəkdi. Əslində burada qeyri-adi bir şey yox idi. Müsəlmanın şükrü həmişə yadında olmalıdır. Amma bu ağsaqqal qazancını cibinə qoyaraq “bilet pulu çıxdı, indi çörək barədə fikirləşmək olar” deməsi çox mətləblərdən xəbər verirdi. Onda anladım ki, təkcə Lənkəranda yox, bütün cənub bölgəsində futbol nə deməkdir və hələ də başa düşə bilmirəm ki, onlar, uzun müddət regionun futbol kimi nemətdən məhrum olmasını necə həzm edə biliblər.

Azərbaycanın ən çılğın azarkeşləri cənub bölgəsindədir desəm, yəqin yanılmaram. Zaman-zaman estafet çubuğu Gəncədə, Tovuzda, Yevlaxda da olub. Amma razılaşaq ki, indi Lənkəran azarkeşləri kimi fəal fanat ölkənin heç bir bölgəsində yoxdur (Düzdü, qəbələli fanatlar da son vaxtlar yaxşı mənada fəallaşıblar. Lakin onların Lənkəran azarkeşlərinə çatmasına var. Bəlkə bu il Avropa Liqasında iştirak onlara təkan olacaq. Görək…). Təsadüfi deyil ki, lənkəranlıların səfər oyunlarını izləyənlər yüzlərlə ölçülür.
Lənkəran azarkeşləri Azərbaycanın ən xoşbəxt fanatları saymaq olar. Təsəvvür edin ki, illər boyu futbol arzusunda olan bir bölgədə bir şəxsin yaxşı mənada fətvasıyla klub yaradılır və 10 ildir ki, çempionatımıza rəng qatır. Rəhbərlik buna xobbi kimi baxsa da, beynəlxalq miqyas və standartlarla götürüldükdə yetərincə uğur qazanır. 10 il ərzində 1 çempionluq, 3 kubok, 1 superkubok və hələ də pəhəpəhlə gözə soxduğumuz “Birlik Kuboku”. Nailiyyət yaxşıdır. Bir daha yazıram ki, normal futbol analitikası ilə baxdıqda 10 illik tarixi olan komanda üçün bu nəticələr çox yaxşı göstəricidir. Əmması barədə sonra yazacağam.

Lənkəran azarkeşləri Azərbaycanın ən yazıq fanatları da sayılmalıdır. 10 il sərasər dəstəklədikləri komandanın uğurları onlar üçün yetərli deyil və onların daha artığını tələb etməyə haqqları çatır. Bu, azarkelərin qənaətidir. İnsafən onların istəyində həqiqət var. Klubun himayədarı, Azərbaycanın ən zəngin adamlarından biri Mübariz Mənsimov kollektiv üçün hər şey edib. Yəni mən biləni onun anlamında bu 10 ildə “Xəzər Lənkəran” üçün “yoxa yox” devizi hökm sürüb. Və düşünürəm ki, sürəcək də. Düzdü, bir ara komandanın göstərdiyi oyundan ovqatı təlx olmuş Mənsimov hətta komandanı bağlamaq niyyətinə də düşmüşdü. Lakin bu, sadəcə olaraq çılğınlıqdan verilən qərar idi. Onu da ehtimal edirəm ki, səxavət kisəsini geninə-boluna açmış Mənsimovun komandasının büdcəsi Premyer Liqadakı iştirak edən top 3 klubdan kənarda olmaz. Və bu şəraitdə kollektivin bu illər ərzində cəmi 1 çempionluq, 3 kubok, 1 superkubok və 1 “Birlik Kuboku” qazanması çox azdır. Beynəlxalq miqyasda isə yaddaqalan heç nə… Mövsümün əvvəlində öz meydanında 0:8 hesablı məğlubiyyət yarası hələ uzun müddət yaddan çıxmayacaq.

Bütün bu məsələləri beynimdə saf-çürük edərək bu materialı çoxdan yazmaq niyyətində idim. Hələ ötən ilin mart ayında klubun sükanının keçmiş oyunçuları Emin Quliyevə həvalə ediləndə “Axı niyə” başlığı altında yazı da cızma-qara etmişdim… Düşünürdüm ki, vəziyyət düzələr. Nədənsə alınmadı.

“Nədənsə” sözünü bilsəniz bura necə vicdansızcasına soxdum. Özümün özümə nifrətim əmələ gəldi. Çünki bu zəhrimar “nədənsə”nin orda heç yeri yoxdu. Elə “Xəzər Lənkəran”ın uğur qazanmağının da. Səbəbini indi açıqlayaram.

Kim desə ki, bizim futbol idarəçiliyimiz xarici ölkələrinkindən daha mükəmməldir, inanmayın. O adama cavab verə bilməsəniz də, sadəcə yola verin getsin. O adamda ya çatmır, ya da sizi o yerə qoyur. Olsa-olsa biz həmin xarici ölkələrin nümunəsindən faydalana bilərik. Necə ki, “Bakı” Futbol Klubu ispan modelini, AFFA almanlarınkını tətbiq edir və sair, və ilaxır. Bəs görəsən niyə əsas məsələlərdən biri olan peşəkarlıq göz önünə gətirilmir? Elə götürək baş məşqçi məsələsini. Hansı ölkədə görülüb ki, baş məşqçi ilə kiçik müddətli müqavilə imzalansın və hər hansı “ÇePe” olan kimi topu qoltuğuna verilib yola salınsın? Əlbəttə mən sivil ölkələrin futbolundan danışıram və bizdən çox aşağı səviyyəli ölkələrdə mütəxəssisi iti qovan kimi qovmaq da olmaya bilməz. Digər tərəfdən məşqçilərlə imzalanan müqavilələrin müddəti də mübahisə mövzusudur.

İndi bu məsələlərin “Xəzər Lənkəran”da necə baş verdiyini analiz edək. Əvvəla bu on il ərzində komandanın inkişafın hansı modelini seçdiyini araşdırmaq mümkün olmadı. Bu illər ərzində klubun sükanı arxasında Rasim Karadan tutmuş Con Bencamin Toşaka qədər müxtəlif əcnəbi, Ağasəlim Mircavadovdan Yunis Hüseynova kimi cürbəcür yerli mütəxəssis olub. Amma hansının dövründə komanda hansı inkişaf modelində olduğu və ya elmi dildə desək klubun “futbol doktrinası” pünhan qalıb…

Bu materialı yazmamışdan əvvəl lənkəranlıların tarixi ərzində baş məşqçilərin sayı ilə maraqlanmaq qərarına gəldim. Baş vurdum internetə və dəhşətə gəldim. Vikipedeya mənbəyində “Xəzər Lənkəran” klubunun 15 məşqçisi olduğu göstərilib. Amma o da hələ tam siyahı deyil. Burada Emin Quliyevin, iki nəfərə 4 oyunda komandanı baş məşqçi əvəzinə meydana çıxarmış Hafiz Əliyevlə Şenol Fidanın da adı unudulub. Bu isə 10 illik tarixi olan və yarandığı illərdə Qafqazın “Çelsi”si adını özünə gömmüş bir klubun bütünlükdə 18 dəfə başbilən-mütəxəssis dəyişikliyi deməkdir. Əcəba, çox deyilmi? Müqayisə üçün deyək ki, “Real” bu qədər məşqçi dəyişikliyi 23 ildə həyata keçirib. “Bavariya” və “Barselona”da bu 31 ildə baş tutub. Konservatizmlə yadda qalan Britaniya futbolunun etalonu “Mançester Yunayted” isə həqiqətən də qibtəedicidir. Dünya Çempionatının finalından sonra bu komandanı çalışdırmağa başlayacaq Lui van Qalı da saysaq, Mançester Yunaytedin son 18 baş məşqçi dəyişikliyi nə az, nə çox, düz 100 ilə baş tutub. İndi özünüz müqayisə edin. 100 il və 10 il. 10 dəfə artıq. Tək Aleks Fergüsson 27 il komandanın sükanını heç kimə verməyib. Fransız mütəxəssis, 75 yaşlı Qi Ru bu məsələdə rekordçudur. Arada 2 il fasiləni saymasaq Qi Ru 44 il “Oser” klubunun baş məşqçisi olub. İnanmıram ki, bu nəticəni təkrarlayan tapılsın.

Bütün bunlar başa düşüləndir. Əcnəbi klubların mütəxəssislə müqavilə imzlanmasında 1 illik sövdələşmələr olmur. Ən azı özünə hörmət qoyan çalışdırıcı bu sənədə imza atmaz. 2 illik müqavilə də tək-tükdür. Əsas sövdələşmələr 3 və daha artıq ilə nəzərdə tutulur. Bunun da səbəbi sadədir. İlk ildə mütəxəssis heyəti formalaşdırır, ikinci mövsümdə xətlər arası əlaqlər ideal həddə çatdırılır. Üçüncü ildə isə artıq nəticə barədə düşünülür. Bax klub rəhbərliyi də mütəxəssis qarşısına məhz bu məqsəd qoyur və yaxud ən azı qoymalıdır. 10 il ərzində 18 dəfə məşqçi dəyişikliyi olan klubda hansı heyət formalaşmasından, xətlər arası əlaqədən danışmaq olar və bunu kim etməlidir? Prezident? Vitse-prezidet? Menecer? Bəs kim? Bu cür şəraitə gələn yerli mütəxəssis sözsüz ki, işsizlikdən yaxa qurtarmağı fikirləşib. Əcnəbi mütəxəssis isə karyera barədə düşünür. Əlbəttə əgər söhbət mütəxəssisdən gedirsə. Elə götürək Toşakı. Özünə hörmət edən adam (mütəxəssisliyi qoyuram bir tərəfə) Avropa Liqasında 0:8 hesablı məğlubiyyətdən sonra istefa verib gedərdi. Amma o, bunu eləmədi. Əla məvacibi var və inanmıram ki, bundan sonra haradasa ona bu məbləğdə anamın sözü olmasın “donluq” veriləcək. İş o yerə çatdı ki, klub axırda özü Toşakla yolları ayırmaq qərarına gəldi. Səbr kasasının daşması isə kompensasiya deməkdir. Uelslinin pulunu verib yola saldılar. Rasim Karada da istisna olmayacaq. Ondan sonra gələcək Asim Qırmızı, Vasim Beyaz da eynən. Bu isə ondan xəbər verir ki, klubda işlər peşəkarcasına qurulmayıb. Peşəkarlıq tək müqavilə sənədlərinin qaydasında olması demək deyil.

Bəs çıxış yolu? Uzağa getməyək. Elə “Qarabağ”la “İnter”in işinə baxaq. İnanmıram ki, ağdamlıların büdcəsi Lənkəran təmsilçisi qədər olsun. “İnter” isə o məbləğə iki mövsüm çıxış edər. Bəs oyun, nəticə? “Qarabağ” Qurban Qurbanova 6 il etimad göstərdi və nəticəni bu il əldə etdi. Söhbət tək çempionluqdan getmir. Ən əsası klubun öz oyun dəst-xətti, stabil heyəti, əvəzediciləri var. Komanda Avropada uzun illərdir əla çıxış edir. Bundan yaxşı nəticə? “İnter” isə Kaxabet Sxadadzeyə 5 ildi inanır. Komanda onun rəhbərliiyi altında bəlkə də “Xəzər Lənkəran”ın 10 ildə keçdiyi yolu keçib. Onların da öz oyun stili var. Və mənə elə gəlir ki, cənublular ən azı bu iki komandaya qibtə eləməlidirlər. Lap elə lazım gəlsə paxıllıq da. İdman paxıllığı.

Belədə isə mən “Xəzər Lənkəran” komandasını idarəçiliyinə görə “Rəvan”dan nə iləsə fərqləndirə bilmirəm. Baş məşqçi axıcılığı hər iki klubda eynidir. Sadəcə, maddi imkanlar hesabına daha yaxşı oyunçulara sahib olan “Xəzər Lənkəran” nisbətən yuxarı mövqedə qərar tutub. Vəssalam.

Çox istərdim ki, bunu “Xəzər Lənkəran” klubuna qarşı qərəz kimi qələmə verməyəsiniz. Bu klubun heyətində, rəhbərliyində, məşqçi korpusunda, ümumilikdə Lənkəranda bəs deyəcək qədər salam-əleyk etdiyim və xətrini istədiyim şəxs var. Amma fikirləşin. Bir normal mütəxəssis dəvət edin, hansı ki pulu yox, həqiqətən karyerasını düşünəcək, ona vaxt verin və ən əsası DÖZÜN. Sonda görün nəticəsi necə olcaq. Babalı Asifin boynuna.

Asif BAĞIROV

Fikirlərini bizimlə bölüş!