Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Ya səbr…

Hə, Xorvatiya ilə səfər matçında Ramil Şeydayev beynəlxalq arenada nəsə etməyə fərasəti çatan futbolçu olduğunu ortaya qoydu. Müdafiəçini və qapıçını məğlub edən forvardın vurduğu qol milliyə qələbə gətirməsə belə…
Son vaxtlar yığmadan kənarda qalan Eddi İsrafilov da “damalılar” önündə sıradan təsir bağışlamadı. Fəqət, obrazlı yanaşsaq, iki güllə də bahar olmadı. Yığma biabır olmasa da, yenə tsiklə yenilgi ilə başladı. Ramilin vurduğu qolun ardından, təbii olaraq, müdafiəyə çəkilən təmsilçimizin 2 top buraxaraq yenilməsində qeyri-adi nəsə axtarmağa dəyməz. Nikola Yurçeviçli komanda xorvat çalışdırıcının rəsmi debütünü xalla mübarək qılsaydı, hamımızın ruhunu təəccüb qanadlı sevinc oxşayardı. Razılaşaq ki, epizodik ümid qığılcımına rəğmən, yığma Zaqrebdən bərabərliklə dönməyi haqq etmirdi və sonluq ədalətli idi.
Millimizin yer aldığı qrupdakı digər rəqib – ilk turda Slovakiyaya yenilən Macarıstan hamımıza “damalılar”ın bu gün hansı vəziyyətdə olduğunu əyani şəkildə sübut etdi. Yəni bu Xorvatiya təmsilçimizin qapısından 6 cavabsız top keçirən o Xorvatiya deyildi. Müdafiə xəttindəki məlum itkilər öz yerində, qarşı tərəf komanda şəklində də mütəşəkkil görünmürdü. Əzmkar məğlubiyyəti bir neçə prizmadan dəyərləndirə bilərik və bütün hallarda yekunda eyni nəticəyə gələrik: Yurçeviçlə hədəflərin böyüyəcəyinə inanmaq üçün ya axmaq olmalısan, ya da futbolun “f” hərfindən xəbərsiz ağıllı.
Yox, AFFA-nın baş katibi Elxan Məmmədovun AÇ-2020-nin final mərhələsinə qatılmaqla bağlı dilə gətirdiyi sözləri yenidən xatırlatmayacam. Məmmədovun məramı hər kəsə bəllidi. Niyə belə dediyini, kimləri doğru yolda olduğuna inandırmağa çalışdığını artıq ağzı əmzikli uşaq da bilir. Qeyri-ciddi söhbətlərin dəmi deyil. Az-çox futbol anlayışı olanlar komandamızın tsikli 5-7 xaldan artıq “qazanc” ilə bitirə bilməyəcəyinə əmindi. Hərçənd bunun yarısı qədər də ola bilər.
Basketbol ölkəsi kimi tanınan Litva ilə Bakıdakı son yoldaşlıq görüşündə qəlbindəki son inamı da itirən azarkeşlər yığmanın seçmə mərhələnin növbəti matçlarında da üzləri güldürməyəcəyini anlayıbsa, media mənsubları Emin Mahmudovun futbolkasının arxasında yazılan “Makhmudiv” soyadını oxuyub acı təbəssümlə gülümsəyibsə, mövcud durum gülünc yox, qorxuncdu…
Bu gün əcnəbi məşqçinin yerlidən fərqi, hansı mövqedə kimin oynadığını çək-çevir etmək belə mübahisəlidi. Problemi ölkə futbolunu və futbolçularını 10 il sonra da Qurban Qurbanov qədər tanımayacaq Yurçeviçdə, bacardığından artığını edə bilməyən milli üzvlərində axtarmaq atı qoyub çula vurmaq kimi bir şeydi. İslahat komandada yox, AFFA-da aparılmalı, kadr dəyişiklikləri həyata keçirilməlidi. Ola bilsin ki, baş katib Elxan bəy marketinq meneceri vəzifəsində ölkə futboluna daha çox fayda verər, Eminin milli formasının arxasındakı hərf səhvinə görə cavabdehlik daşıyan adamdan yaxşı mühafizəçi olar, analitikdən “fişka düzən”, “fişka düzən”dən İcraiyyə Komitəsinə özünə hörmət edən, axara düşüb axmayan üzv çıxar. Niyə də yox?!
Əsas məsələ işinin öhdəsindən lazımınca gəlməyən, bəs edəcək qədər maliyyə ilə illərdi yerində sayan yerli futbol qurumunun tut ağacı kimi başdan aşağı silkələnməsi, “zay məhsullar”ın qurumdan təmizlənməsidi. Bunun bir gün baş verəcəyinə zərrə qədər şübhəm yoxdu. Necə deyərlər, örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçər. Amma nə vaxt? Onu o əlin sahibi bilər. Mənim bildiyim budu ki, “tut ağacı” silkələnməsə, zay məhsullar budaqda, yağlı vədlər qulaqda quruyacaq. Ya səbr…

Fikirlərini bizimlə bölüş!