Quyuya su tökməklə quyu olmaz. Nə qədər dəryadan su daşısan da bulaq göz vermədisə, qaynamadısa, xeyri yoxdu. Lap günglərini qızıldan et, yerin mümkün dərinliyinə qədər qaz – ondan quyu olmaz.
“Xəzər Lənkəran” bu atalar sözünü təsdiqləyən ən bariz nümunədi. Mübariz Mənsimov boş səhrada artezian qazıb, amma 10 il tankerlə ora su daşımaqla məşğul oldu. Daha səbri tükənib, daha vacib işlərlə məşğuldu, quyu isə susuz qalıb.
Yevlax da, Şəmkir də, İmişli də bu səbəbdən futbolsuz qaldı. Çünki həm adı çəkilən rayonlarda, həm də Lənkəranda futbolun sabahı naminə heç bir iş görülmədi. Pul olanda alıb gətirdilər, olmayanda barmaq sormağa başladılar. Rednikə, Toşaka, Dənizliyə, yüzlərlə futbolçuya bir ay ərzində verilən pul indi “Xəzər Lənkəran”ın bütün heyətini dolandırmağa yetər. Amma hanı?
Gəncə, Sumqayıt, lap elə birinci divizionda təmsil olunan Qusar, Tovuz, Mingəçevir, Qazax və s. rayonlarda futbol həmişə olacaq. Çünki orada bulaq var, quyuya vedrəylə su tökmürlər, kadr yetişdirirlər. Bu bölgələr puldan asılı deyil, normal qurulmuş sistem var, uşaq məktəbləri işləyir, minimal maaşla mümkün olanı edirlər. Ancaq Lənkəranda belə olmayacaq.
Heç kim Lənkəranda futbolçu yetişmədiyini iddia edə bilməz. Elə komandanın hələ də yaşamasını təmin edən yerli uşaqları misal gətirmək olar. Gəl ki, iş düzgün qurulmadığından cənub klubundan Skarlatake, Dərəlioğlu, Dursun səviyyəli oyunçular çıxmadı, ən yaxşı halda “Rəvan”da pulsuz oynamağa razılaşan Orxan Sadıqlı yetişdi. Çünki Mais Mənsimov, Tuyqun Nadirov daim gözünü Mübariz bəyin cibinə dikmişdi, ondan gələn pulları isə klubun gələcəyinə yatırmadılar, 6 aydan bir heyəti dəyişib, milyonları göyə sovurmaqla günü yola verdilər. Hətta o qədər harınladılar ki, kiminsə pulunu mənimsəyib, incik yola saldılar. Həmin inciklər də indi klubun kötüyünə balta çalır.
Bu 10 ildə nələr etmək olmazdı ki? Mənsimovun kluba ayırdığı pulların 3-4 faizini xərcləməklə bu gün komandanı ayaqda saxlayacaq gənclər yetişdirmək lazım idi. O zaman 7-8 yaşlı uşaqlarla belə iş başlasaydı, indi komandanın gənclərdən ibarət gözəl heyəti var idi. Hər il ölkənin qaymaq futbolçularını yığmaqla, səviyyəsi oldu-olmadı onlarla legioner gətirməklə deyil ki… AFFA-nın gənc futbolçuların oynaması ilə bağlı qərarı olmasaydı, heç Orxan Sadıqlı, Elnur Cəfərov da yetişməyəcəkdi.
Mais – Tuyqun cütlüyü Mübariz bəyin də axırına çıxdı. İndi FİFA-da cəza vermək üçün ən populyar klub olan “Xəzər Lənkəran” yaşam savaşındadı. Artıq quyuya tökməyə su yoxdu, bulaq isə altdan qaynamır. Həmin bulağı tapmaq, gözünü açmaq, çeşməni bulağa çevirmək lazım idi. İndi başına döyməklə, ağlamaqla havaya sovrulan milyonlar geri qayıtmayacaq.




Fikirlərini bizimlə bölüş!