İndi – artıq odu söndürüb, külün içində eşələndiyimiz vaxtda “Qarabağ”ın Avroliqada yaza qalmaq baxımından necə gözəl şansı əldən verdiyini düşünəndə adam alovlanır, tüstüsü ərşə bülənd olur. Gizlətmək lazım deyil, nəinki gələn il, heç yaxın 3-5 ildə də Azərbaycan klublarının, çox güman, elə həmin “Qarabağ”ın pley-offa bu qədər yaxın olacağına inanmaq çətindi. Halbuki hər şey ağdamlılar üçün yaxşı da yox, əla başlamışdı.
Yalnız bir nəhəngin olduğu qrupun tərkibi nikbinliyə əsas verən ilk amil idisə, APOEL-i tanımağımız, “Qarabağ”ın bu komandadan qisas istəyinin havadan asılı qalması və elə startdaca “Düdelanj”ın səfərdə kiprliləri məğlub etməsi futbol Tanrısının çempionumuza və azərbaycanlı azarkeşlərə hədsiz böyük lütfkarlığı idi. 2-ci turda “Düdelanj”ı da səfərdə inamla məğlub edən “Qarabağ”ın üzərinə düşən iş artıq bu lütfkarlığı dəyərləndirmək və prosesi məntiqi sonluğa çatdırmaq idi. Məntiqi sonluq deyərkən APOEL-dən iki oyunda heç olmasa, 2 xal almağı nəzərdə tuturam. Yüzdəyüz əminəm ki, mümkün iki heç-heçə intriqanı son tura daşıyacaq, burda isə ağdamlılar rəqibdən ən azı bir addım öndə olacaqdı. Aydın məsələdi ki, “Sevilya” nə qədər motivasiyasız olsa da belə, Nikosiyada meydan sahiblərinə müqavimət göstərəcək, “Qarabağ” isə Bakıda “Düdelanj”ın dərsini verəcəkdi. Bəs bu gün əlimizdə olan nəticə nədi? Qrupdan pley-offa adlayan komandaların adı bəllidi, “Qarabağ” isə ardıcıl 6-cı il onların arasında yoxdu. Son turla bağlı şəxsən mənim üçün yeganə maraqlı məqam isə azarkeşlərin Respublika stadionunun yolunu tutub-tutmayacağıdı.
Təbii ki, “Qarabağ” yorulub, özü də bütün səviyyələrdə – yəni rəhbərlikdən tutmuş sıravi işçiyə qədər – və sözün bütün mənalarında. Geye, Slavçev kimi biveclərin transferi, bəzi əsas oyunçuların gözlənilmədən sıradan çıxması, çempionat və Avroliqa oyunları arasında uğurlu-uyğun rotasiya edilməməsi (hələ də anlaya bilmirəm ki, noyabrın ilk günündə “Neftçi”ilə faktiki heç nəyi həll etməyən çempionat oyununda fədakarlıq göstərməyin, Mahir Əmrəlini son ana qədər meydanda saxlamağın mənası nə idi?!), APOEL ilə oyunlardakı total bəxtsizlik – bütün bunlar üst-üstə yığılır və sən də məntiqli olaraq gedən qatarın arxasınca boylanmalı olursan.
Bəlkə də kənardan müşahidə olunanlarla kollektivin içində yaşananlar eyni deyil. Ancaq Tahir Gözəlin qəzetimizin elə bu sayında yer alan açıqlamalarını oxuyanda da hansısa küskünlük duyulur. Bu küskünlük, komandanın pley-off ümidlərini erkən itirməsi qarşıdakı günlərdə fərqli təsir göstərə bilər – yaradıcı və ya dağıdıcı yöndə. Mənə elə gəlir ki, artıq doymuş, yaşlanmış bəzi futbolçularla elə bu qış, ya da uzağı gələn yay vidalaşmaq mümkündü. İndiki futbolçuların bir çoxu “Qarabağ”a potensialının maksimumunu verib. Bundan sonra nə Miçel “artıracaq”, nə Maksim, nə də Almeyda. Qurban Qurbanov isə yeni komanda qurmağı bacardığını artıq sübut edib. Odu ki, heç düşünmədən heyətlə bağlı radikal dəyişikliklərə əl atmaq olar.
Gözəl ailəsi ilə baş məşqçi arasındakı bağların, münasibətlərin bu uğursuzluqdan sonra hansısa şəkildə sarsılacağına inanmıram. Bununla belə, klubun yaxın illər üçün strategiyası bir daha nəzərdən keçirilməlidi. Sponsorun maliyyə durumu qrupdan çıxmağa imkan verən səviyyədə transferlərin həllini əngəlləyirsə, bunu da futbol ictimaiyyətinə aydın şəkildə çatdırmaq lazımdı ki, sabah heç kim günahkar axtarışına çıxmasın, günahı bir-birində görməsin. Yəni AFFA-nın yığma ətrafında yaratdığı gərgin mühit, çoxtirəlik “Qarabağ”ın da həyatına köçərsə, bunun altından çıxmaq çox çətin olacaq, Azərbaycan isə onu Avropada layiqincə təmsil edən, müntəzəm qruplara qalan klubunu itirəcək. Bundan kim qazanacaq? Təbii ki, heç kim! “Qarabağ”ın ciddi silkələnməyə ehtiyacı var. Məndən olsaydı, prosesə elə “Düdelanj”la ev oyunundan dərhal sonra başlayardım. Amma lüksemburqluları istənilən halda məğlub etmək lazımdı. Həm Avroliqanın qapısını möhkəm çırpmaq, həm də klub xəzinəsinə pul qazandırmaq üçün.
HUŞƏNG
Yaxşı başlayan, faciəvi bitən nağıl




Fikirlərini bizimlə bölüş!