Fevralın 9-da Lənkəranda keçirilən «böyük oyun»un yayımlanmaması ciddi müzakirələrə yol açdı. Bu məsələylə bağlı birmənalı fikir formalaşmadı. Kimisi yayıma mane olduğu üçün “Xəzər Lənkəran”ı, kimisi də PFL-i tənqid etdi.
Azərbaycan çempionatı nəyə görə keçirilir?
Əslində, peşəkar amilləri nəzərə alsaq, “Xəzər Lənkəran”ı qınamağa haqqımız yoxdu. Cənublular futboldan gəlir götürməyə çalışan yeganə Azərbaycan komandasıdı. “Xəzər Lənkəran” bilet, forma satışını təşkil edir. Komandanın yayımdan da pul əldə etmək istəyində qəbahətli heç nə yoxdu. Hətta deyərdik ki, bu istəkdə tam haqlıdı. “Neftçi”nin bu amildən yararlanıb “Xəzər Lənkəran”ı ittiham etməsi də qeyri-ciddilikdi. “Ağ-qaralar” gəlir haqda qətiyyən düşünmürlər. Onlar onsuz da xalqın vəsaitini – neftdən ayrılan pulu xərcləyirlər. Futboldan gəlir olmasa da olar, bu vəsait onlara onsuz da ayrılacaq.
Digər tərəfdən, PFL yayım hüququna sahib olub. Sahib olubsa, buna görə klubların büdcəsinə mütləq vəsait ödəməlidi. Fikir verin, “Xəzər Lənkəran” cərimələrdən AFFA-ya xeyli vəsait ödəyir. Bunun üzərinə legionerlərə görə ödənilən rüsumu da gəlin. Böyük məbləğ alınır. AFFA-ya, PFL-ə bu qədər vəsait ödəyən bir klub yayıma görə niyə haqq tələb etməsin ki? Klublar AFFA-nın, PFL-in tuluğunu doldurmalı, orda oturan saxtakarlar da bu vəsaiti qamarlayıb yeməlidilər? Azərbaycan çempionatı nəyə görə keçirilir? Klublara sponsorluq edən şəxslərin missiyası Rövnəq Abdullayevin adamlarının varlanmasına xidmət etməkdən ibarətdi? Axı futbolun peşəkar sifəti də var. Özü də adidən də adi sifəti. Heç olmasa, buna əməl etmək lazımdı.
Həmkarımız yazdı…
Həmkarımız, «Qarabağ»ın uşaq futbolu üzrə sabiq koordinatoru Emin Abbasov yayım məsələsiylə bağlı orijinal fikir səsləndirib. Abbasov təklif edir ki, dövlət bu məsələyə müdaxilə etməlidi:
«Xəzər Lənkəran» tərəfi bu oyunun göstərilməsi üçün pul tələb edib. Lənkəran klubu istənilən telekanalın tələb olunan məbləği ödəyərək matçı yayımlaya biləcəyini deyib. Prinsipcə, «Xəzər Lənkəran» bu məsələdə haqlıdı. Çempionatı təşkil edən qurum yayım hüququnu hər hansı telekanala satır və əldə olunan gəlir bütün klublar arasında bölüşdürülür. Bizdə isə nə çempionatın yayım hüququnu alan, nə də klublara düşən pay var. Ona görə də, vəziyyət belə qəliz xarakter alır. Ümumiyyətlə, Azərbaycanda futbolun təbliğatı çox zəifdi. Məsələ ondadı ki, futbolu təbliğ etmək üçün müəyyən vəsait xərclənməlidi. Ancaq kanal rəhbərləri futbolun işıqlandırılmasına vəsait ayırmaq istəmirlər. Oyunun yayımlanması üçün efir vaxtı ayrılmalı, xüsusi avadanlıq çəkiliş yerinə göndərilməli, işçi qrupu ezam olunmalı, sputnik və s. Xərclər ödənməlidi. Əgər futbolun kütləviləşməsini istəyiriksə, telekanallarda futbolun təbliğini artırmalıyıq. “İdman Azərbaycan” telekanalını çıxmaq şərtiylə, digər telekanallarda futbola ya heç vaxt ayrılmır, ya da ki, çox az. Bu gün futbol verilişlərinin sayını və keyfiyyətini artırmaq lazımdı. Türkiyədə Markus Merk kimi tanınmış simanı dəvət edib verilişin reytinqini artırmağa çalışırlar. Bizdə isə oxşar xarakterli verilişlər illərdi ki, durğunluqdan çıxa bilmirlər. Bu vəziyyəti dəyişmək üçün dövlət futbolun da təbliğatı üçün telekanallara vəsait ayırmalıdı. Serialların çəkilişi üçün hər telekanala 300 min manat pul verilib. Analoji addım futbol verilişləriylə bağlı da atılsa, bu sahənin təbliğinə nail ola bilərik. Əks halda, belə vəziyyət hələ çox davam edəcək. Qəbul etmək lazımdı ki, futbolun populyarlaşması üçün təbliğat çox vacibdi».
«Komanda» fərqləndirdi və…
Həmkarımızın fikirlərində həqiqət yükü yetərincədi. Ancaq dövlətin bu sahəyə vəsait ayırması ilə bağlı məsələdə biz bir qədər fərqli düşünürük. Ölkə başçısı 2005-ci ildə bununla bağlı Dövlət Proqramını da imzalayıb. Həmin proqramda futbolun kütləviliyinə və təbliğatına nail olmaq üçün xüsusi bənd də var. O başqa məsələ ki, cavabdeh qurumlar proqramda nəzərdə tutulan işləri görməyiblər. Elə bu proqramın tərkib hissəsi olaraq “İdman Azərbaycan” kanalı da açılıb. Bu kanalın açılmasında əsas məqsəd Azərbaycanda futbolun kütləviliynə nail olmaq idi. Bunun üçün xeyli vəsait də xərclənib. “İdman Azərbaycan”ın illik büdcəsi 7-8 milyon manat civarındadı. Ancaq Elsevər Dünyamalıyevin dəstəsi o vəsaiti mənimsəməklə məşğuldu, futbolun təbliğatı ilə yox.
Digər tərəfdən, seriallar üçün ayrılan vəsaitin hara və nəyə xərcləndiyini də görürük. Əttökən seriallarla bu vəsait kimlərinsə cibinə axır. Elə futbolun təbliğatı üçün ayrılacaq vəsaitin də başına beləcə daş salınacaq. Rüşvətxor AFFA, PFL, kanal rəhbərləri əlbir olub o vəsaiti elə yoxa çıxaracaqlar ki, deməyə söz də tapmayacağıq.
Digər tərəfdən, dövlət çempionat oyunlarının yayımı üçün vəsait ayıracaqsa, bu, faktiki olaraq Azərbaycan Premyer-Liqasının qeyri-peşəkar çempionat olduğunu təsdiq etmiş olacaq. Belə olan halda, PFL-in fəaliyyətinə nə hacət var?
…Layihə təqdim etdi
Bu məsələni çox sadə yolla, dövlətin müdaxiləsi olmadan həll etmək olar. Amma AFFA rəhbərlərinin istəyi olsa… «Komanda» qəzeti bu məsələylə bağlı da öz təklifini irəli sürür.
Hər mövsüm legioner rüsumları və cərimələr hesabına AFFA-nın və PFL-in büdcəsinə ayrılan vəsaitin müəyyən qismi yayım üçün klublara verilməlidi. Ancaq pulun bölünməsi məsələsində fərqli sistem tətbiq edilməlidi. Yəni pul komandaların turnir cədvəlindəki mövqeyinə görə verilməməlidi. Hansı komandanın oyunlarına daha çox azarkeş gəlirsə, o komandaya da yayım üçün çox vəsait ödənilməlidi. Bilirik ki, belə olan təqdirdə “Xəzər Lənkəran”, “Qəbələ”, “Sumqayıt”, “Simurq” paytaxt klublarına nisbətən çox vəsait almalı olacaqlar. Olsun! “Neftçi”nin, “Bakı”nın, “İnter”in, AZAL-ın çığallıq etməsi üçün heç bir əsası yoxdu. “Neftçi”nin ev oyunlarına 200-300 azarkeş gəlirsə, deməli, o komandaya maraq da yoxdu. Klublar yayımdan çox vəsait əldə etmək üçün azarkeşlərlə iş fəaliyyətini peşəkar səviyyədə qurmalı, stadionlara fanat axınını təmin etməlidilər.
AFFA vəsaitin ayrılması zamanı ilkin olaraq klubları üç qrupa bölə bilər. Ev oyunlarında ən çox azarkeş toplayan üç komandaya mövsüm ərzində yayıma görə 500 min, sonrakı üç komandaya 300 min, yerdə qalan dörd komandaya isə 150 min manat ödəmək olar. İldən-ilə bu vəsaiti artırmaqla komandaların stadionlara daha çox azarkeş cəlb etməsini də stimullaşdırmaq olar. Beləcə, üç milyon manat xərcləməklə problemi kökündən həll etmək, üstəlik, klublara peşəkar yöndə stimul da vermək olar. Nəyi gözləyirsiz? Bu qədər çırpışdırdığınız bəs deyil? Bir az da futbolun inkişafını düşünün barı.




Fikirlərini bizimlə bölüş!