Yüngül Bakı gəzintisi

Yüngül Bakı gəzintisi

“Sabah” Çempionlar Liqasının Liqa mərhələsində ən çox gözlənilən qarşılaşmasına 5-ci turda çıxdı. Və təəssüf ki, qatıla biləcəyi ən mötəbər turnirdə elə ən zəif oyununu keçirdi.

“Barselona”nın Bakıdan az qan axıdaraq 3 xal aparmaq niyyəti start heyətindən bəlli idi. Superstarı Lamin Yamalı ən uzun avroturnir səfərinə gətirməyən baş məşqçi Hansi Flik Rafinya, Kanselo, Olmo, Kubarsi kimi as futbolçularını da ehtiyatda saxlamışdı, qoruyurdu. Tam güc sərfinə, tempi yüksəltməyə heç gərək də qalmadı. “Sabah”la qarşılaşma katalonlar üçün yüngül gəzintiyə çevrildi…

Halbuki oyunun əvvəli maraqlı başlamışdı. Azərbaycan çempionu dünya nəhəngindən geri qalmamağa çalışırdı. Arxaya çəkilib oturmamışdı, yenə irəli atılmaqdan çəkinmirdi. İmkan düşdükcə dişini göstərirdi.

Hətta Xəyal Əliyev matçın əvvəlində sürpriz şəkildə hesabı açmağa yaxın oldu. Valdas Dambrauskasın start heyətində Mikels, Parris və Mbina kimi təcrübəli forvardların əvəzinə ilk 11-likdə bəlkə də həyatının ən böyük şansını verdiyi millimizin üzvü fürsəti qaçırdı və bundan sonra da yaxşı heç nə ilə yadda qalmadı, fasilədə dərhal əvəzləndi.

Puxaçın klassik kəskin künc zərbəsindən sonra Lepinitsanın tirdən qayıdan topu da bizi çox həyəcanlandırdı.

Nəyəsə ümid etməyə başlamışdıq ki, “Barsa” ustalığını ortaya qoydu. Daha doğrusu, kapitan Pokatilov yenə kobud səhvə yol verib, öz əliylə topu Qordonun qarşısına atdı. “Qarabağ”ın qənimi kimi “Nyukasl”dan yaxşı xatırladığımız ingilis vinger eyni tərzdə ikinci qolun da müəllifi oldu.

İkinci hissənin əvvəlində 9 dəqiqəyə 3 qol sığdıran qonaqlar fərqi 4 topa çatdırdı və matçın intriqasını erkən öldürmüş oldu.

Nədənsə bu dəfə də ilk 11-likdə özünə yer tapa bilməyən Mikelsin soyuqqanlıqla vurduğu qol isə Bakı Olimpiya Stadionunun 68 minlik tribunalarını dolduran azarkeşlərimiz üçün yüngül təsəlli idi – 1:4.

Medianın yerə-göyə sığışdırmadığı Dambrauskas bərbad start heyətindən başqa heç nə ilə rəqibi təəccübləndirə bilmədi. B planı yox idi, oyuna müdaxilələri də vaxtsız, yersiz, gecikmiş idi.

Pley-off şansı qalmasa da, “bayquşlar”ın Avropanın futbol vitrinində hələ 3 qarşılaşması var. Ən yaxşı oyunlarının irəlidə olduğunu və qapını bərk vurmağı bacaracaqlarına inanaq.

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.