…amma “Sabah” Avropaya xarakter göstərir!
Möcüzə baş vermədi, “Borussiya” indiyədək görüşdüyü üçüncü Azərbaycan klubunu da məğlubiyyətə uğratdı. Amma dortmundluların bu dəfəki qələbəsi illər əvvəl “Qarabağ” və “Qəbələ”yə qarşı olduğu kimi yüngül gəzinti deyildi. “Sabah” şöhrətli rəqibiylə əməlli-başlı dirəşdi.
Düzdür, oyunun əvvəli belə düşünməyə əsas vermirdi. Bundesliqanın liderlərindən biri Azərbaycan çempionunun qapısına erkən yol tapdı. Ancaq Valdas Dambrauskasın yetirmələri tez toparlandı, oyun intizamını saxladı və tədricən hər hücuma hücumla cavab verməyə başladı.
İlk yarının ortalarında artıq üstünlüyə də yiyələndilər. Bir-birindən kəskin həmlələr təşkil edən “bayquşlar” hətta bir ara qonaqları tam müdafiəyə çəkilməyə məcbur etmişdi. Yetişən qol Timo Puxaçın özünəxas üslubda, əks cinahdan yerinə yetirdiyi xəncərvari asmasından sonra vuruldu. Aden Makkarti başla hesaba tarazlıq gətirdi.
Təəssüf ki, “arılar” ikinci hissə başlayan kimi eyni ssenarini təkrarladılar. Qvineyalı Serru Girassi yenə hissənin əvvəlində fərqləndi və dublunu rəsmiləşdirdi – 2:1.
Qalan vaxt ərzində “Borussiya” daha diqqətli oynadı və əvvəlki səhvlərə yol vermədi. “Sabah” layiqli mübarizə aparsa da, məğlubiyyətdən qaça bilmədi.
Hesabında 3 xal olan “bayquşlar” Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununu 4-cü tur çərçivəsində, noyabrın 4-də Norveçdə yerli “Vikinq”ə qarşı keçirəcək. Çempionumuzun ortaya qoyduğu futbol pley-off şansını saxladığını deməyə əsas verir.
Oyunda ən çox təəssüf doğuran məqam Azərbaycan çempionunun heyətində heç bir azərbaycanlı futbolçunun meydana çıxmaması oldu. Milliləşdirilən legionerlərimiz Abdulla Xaybullayev və Aleksey İsayev isə ikinci hissədə şans qazandı.





Fikirlərini bizimlə bölüş!