Fuad Əsədovu yəqin unutmamısınız. AFFA-nın Elxan Məmmədovdan əvvəlki baş katibidi. Baş futbol qurumunda illərlə müxtəlif strateji postlarda çalışıb. Yaxınlarda haqqında oxumaq istədim. “Vikipedia”da çıxmadı. Əsədovla bağlı ümumiyyətlə səhifə açılmayıb. Əvəzində ondan sonrakı baş katibin özünü qoyun bir kənara, tutduğu işlər haqda ayrıca səhifələr düzəldilib, çağbacağ… Məsələn, Region Liqası!
Son günlər haqqında çox danışılır. Böyük turnir, samballı iş olduğu üçünmü? Yeni başladığından, əlimizdə hansısa bir keyfiyyət göstəricisi yoxdu. Əlbəttə ki, ajiotajı da yox səviyyəsindədi. Bildiyiniz həvəskar turnirdən söhbət gedir. Fərq ondadı ki, oyunlarda AFFA hakimlər, inspektor təyin edir, qaydalara görə, polis əməkdaşları olmalıdı və yanğınsöndürən maşının iştirakı şərti var. Yəni, əvvəllər xoruzumuz olmasa da səhər açılırdı, indi isə, AFFA-da maaş alan bığlı-bığlı kişilər oturub əsasnamə yazıb qərarlaşdırıblar ki, bu səhərlər xoruz banı müşaiəti ilə açılsın.
Başqa sözlə, sözügedən regionlarda onsuzda həvəskar səviyyədə futbol oynanılırdı. Həvəskar səviyyədə futbol oynamaq bilirsiniz nədi? Yığın məhəllə uşaqlarınızı, qonşu məhəllə ilə futbol oynayın. Sizin oyununuzun statusu ilə Region Liqasında keçirilən oyunun statusu eynidi. Fərq ondadı ki, yanğınsöndürən maşın və polis yoxdu, bir də oyunun təşkilində Vaqif Sadıxov iştirak etməyib, məsələn.
Həvəskərlar arasından Region Liqasından əvvəl də çempionat keçirilirdi. Hələ onun altında kənd və qəsəbələrin turniri var idi. Bu kütləvilik hələ mərhum Fuad Musayevin dövründə təmin olunmuşdusa, siz nəyin adını yenilik qoyursunuz?
Region Liqasının əsasnaməsini oxuyuram. O qədər adam yığışıb bir normal sənəd ortaya qoya bilməyiblər. Məsələn, bu yarışda iştirak üçün yaş həddi ilə bağlı bənd yoxdu. 60 yaşlı dədə ilə 6 yaşlı nəvənin adını yaz yan-yana iştirak ərizəsinə, göndər, etiraz etmək üçün hüquqi baza tapmayacaqlar.
Xarici futbolçu oynaya bilərmi? Məlum deyil. Xarici məşqçi işləyə bilərmi? Məşqçilərin iştirakı normativləri nədi? Hansı kateqoriya sahibləri komandanın baş məşqçisi və ya məşqçisi kimi tanınır? Yoxdu.
Ağıllının biri çızmaqara edib, adını əsəsnamə qoyublar, qaçıblar “vikipedia”da səhifə açmağa. Bütün gördükləri işlər ötəridi, səthidi. Məsələ odu ki, nə isə düşünülsün, büdcə yazılsın və xərclənsin. O işdən hansı keyfiyyət alınacaq? Önəmli deyil.
İndi gəlin baxaq görək, bu turniri normal qaydalarla keçirib necə faydalı qılmaq olardı? Əsəsnamədəki yaş tezisi boşluğunu elə-belə qeyd etmədim. Klubların U-17, U-19 komandalarında oynayan futbolçuların əksəriyyətini itiririk. Bu tendensiya dünyanın bütün ölkələrində var. Futbolçu U-17 yaş kateqoriyasını keçəndən sonra U-19, 19 yaşı tamam olandan sonra isə, əvəzedicilərə və ya potensialı imkan verirsə, əsas komandaya keçməlidi. Seçimləri edənlər məşqçilərdi. Yəni çox təbii, səhv etmək kimi məziyyəti olan insan oğlu. O səhvlərin nəticələri çox hallarda gənclərin gələcəyini məhv edir. 17 və ya 19 yaşlı futbolçunun öz klubundan çıxarıldığı halda alternativi olmalıdı. PFL-in keçirdiyi 1-ci divizionun vəziyyəti göz qabağındadı. Elə bil ki, o turniri Elxan Məmmədov keçirmir deyə, qəsdən hər il daha da yerin dibinə soxurlar. Oranı kənarda qalan gənclər üçün alternativ saymağa adamın dili gəlmir. Region Liqası alternativ ola bilərdimi? Mübahisəli mövzudu. Gəl ki, ən azından yaş limiti qoymaqla komandalarda daha çox gənc futbolçular oynamasına zəmin yaradılardı. İndi kəndin 35 yaşlı “cavanlar”ının oyununda 50 seleksioner göndər, kimi tapacaqsan?
***
Əslində heç bur turnirə ehtiyac yox idi. Futbolun inkişafı üçün vacib amillərdən biri bilirsiz nədi? Alt peşəkar liqlərin gücləndirilməsi! 1-ci divizion gücləndirilməlidi. 2-ci divizion yaradılmalıdı. Üst liqaya boş yerə elita demirlər. Adamdan soruşarlar, nəyin elitası? Bazarın elitası olarmı? Normal, səviyyəli turnirlər təşkil olunmalıdı, onun da üstünə elita deyilə bilsin. 1-ci divizon bataqlıqdı, zibillikdi, sanki. Batanı, kasıblayanı, xəstələnəni ora göndərirlər. Ordan aşağısı axirətdi. Bəli AFFA Region Liqasını axirətdə, o biri dünyada yaratdı. Bu işdən qazanan bir tək mürdəşir, iki cüt molla olacaq, çox şeyə ümid etməyək.




Fikirlərini bizimlə bölüş!