Azərbaycan futbolu

Xəbərlər və təhlillər

0:4 – qapını ört…

Bütün soydaşlarım kimi, mən də yığmanın Millətlər Liqasında yarımfinal və final perspektivi haqda yazmağı, duyğu və düşüncələrimi bölüşməyi çox istərdim. Amma olmadı; böyük ajiotaj yaşayan, şirin xəyallar quran ölkəm və ölkədəşlarım yenə dərdlə baş-başa qaldı.
Ümumiyyətlə, futbol çox çətin oyundu. Çətin və maraqlıdı, ağıl, hiyləgərlik, savad, düşüncə, güc, iradə, əzmkarlıq və yadıma düşməyən bir çox başqa keyfiyyətlər tələb edir. Bəzən hansısa uğura çatmaq üçün illərlə yol getmək lazım gəlir. Və sənə uğur gətirən ən ideal oyun üslubu da günün birində köhnəlir, rəqib üçün səni “oxumaq” asanlaşır, yeni ideyaları işə salmağa məcbur olursan. Kəsəsi, futbol bir dünyadı, öz qayda-qanunları olan dünya. Nə qədər acı olsa da, bizə, yəni jurnalisti, mütəxəssisi, idarəçisi, oyunçusu, baş məşqçisi ilə birgə Azərbaycan futboluna həmin o dünyada yer yoxdu.
Fikrimi bilmək istəyirsizsə, Azərbaycan yığması artıq son oyuna qədər turnir vəzifəsinin öhdəsindən gəlməli, Priştinada meydana təzyiq altında rəqib çıxmalıydı. Amma Qurban Qurbanovun Kosovo ilə ev oyununda hədsiz ehtiyatlı taktikası, Malta ilə oyundakı heç-heçələr bizi asılı duruma saldı. Məntiqlə düşünsək, belə zəif qrupda rəqiblərdən yalnız birini məğlub etməyi bacaran komanda Avropa çempionatının final mərhələsinə qatılmağı ağlının ucundan belə keçirməməlidi. Ancaq məsələnin başqa tərəfi də var. Məni narahat edən məqam odu ki, yığmanın obrazı Farerlə 3 gün əvvəlki oyunla müqayisədə büsbütün dəyişmişdi. Həmin əzmkar, üstünlüyünə şübhə yeri qoymayan komanda Kosovoda meydanda nə etmək istədiyini bilməyən, oyunun axarını dəyişmək üçün heç bir variantı olmayan, məğlubiyyətlə əvvəldən barışmış məhlə uşaqlarının yığınını xatırladırdı. Məğlubiyyət dünyanın sonu deyil, ağıllı adamlar üçün yeni qələbələrin başlanğıcıdı. Amma ortada qitə çempionatına vəsiqə varsa (bu məqama bir azdan qayıdacam), bu şəkildə, yəni laqeydcəsinə və məsuliyyətsizcəsinə uduzmaq heç xoş deyildi.
Az qala hakimin start fiti səslənən kimi qol buraxmaq təkcə statistika baxımından cəlbedici deyil, həm də sənin oyuna köklənə bilmədiyinə işarədi. Gerçəklik budu ki, nə Qurban Qurbanov, nə də futbolçular belə ağır yükün, psixoloji və emosional təzyiqin, final məsuliyyətinin altından qalxa bildi. Belə çətin məqamda komandanı toparlaya, arxasınca apara biləcək liderə ehtiyac var idi. Amma nə meydanda, nə də ondan kənarda – Qurban Qurbanovun şəxsində – belə lider görmədik. Nəticədə son günlər yaşanan böyük emosional yüksəliş yenə də yerini dərin xəyal qırıqlığına və ümidsizliyə buraxdı.
Təxminən üç ayı əhatə edən turnir məsafəsini bu şəkildə, yəni 0:4 ilə bitirməyin fiasko olduğunu mən də qəbul edirəm. Bu dəfə bizimkilər meydanda futbol adına heç nə göstərmədi, uşaqların hər biri imkanlarından aşağı səviyyədə çıxış etdi. Bəs bu məğlubiyyət dünyanın sonudumu? Bax, burda fikirlər haçalanır və haçalanmalıdı da… Yığmamız o gün udsaydı da, 2020-nin martındakı yarımfinal oyununu səfərdə keçirəcəkdi. Hətta bəlkə belə daha yaxşıdı. Məchul vəsiqəni qazanacağına ümid edəcək Azərbaycan yığması AÇ-2020-nin seçmə mərhələsində əlini-qolunu sallayıb oynayacaq, məğlubiyyətləri sıralayacaqdı. Cəmi bir neçə gün sonra həmin seçmə mərhələnin püşkü atılacaq. Qəhrəmanlıq etmək istəyən futbolçular üçün həmişə meydan tapılar. Yetər ki onların buna həvəsi olsun.
Məni düşündürən daha bir məqam oyundan dərhal sonra sosial şəbəkələri bürüyən “istefa” şüarlarıdı. Təxmin edirəm ki, bu şüar Elxan Məmmədovla Qurban Qurbanova yönəlib. İstefa – xüsusən də futbolda – ideal çıxış yolu deyil. Məgər AFFA yığmaların maliyyələşməsi, təlim-məşq toplanışlarının təşkili ilə bağlı hansısa qüsurlara yol verib ki, Elxan Məmmədov getsin? Yoxsa futbolçuların əvəzinə o, topu qapıdan keçirməliydi? Bəs Qurbanova yönələn çağırışlar nə dərəcədə ədalətlidi? Foqtsa 7 ilə yaxın, Prosineçkiyə 3 il dözən xalq, belə çıxır ki, ona futbolda az-çox uğur qazandıran məşqçidən bir il ərzində bezdi?!
Yox, istefa vermək əvəzinə vəziyyəti dəyişmək üçün yollar axtarmaq lazımdı. Şəxsən mən də Millətlər Liqasının qrup turnirində Qurban bəydən daha artığını gözləyirdim. Kosovo önündəki 0:4 fiaskodu – himnimizin fitə basılması, yerli azarkeşlərin davranışı ilə səciyyələnən qıcıqlandırıcı məqamlarla birgə -, amma faciə deyil. Artıq martda növbəti seçmə mərhələ başlayır, Qurbanov qalmalı, bəzi oyunçularla vidalaşmaq şərti ilə yeni və daha güclü yığma formalaşdırmalıdı. Legionerlərimizin olmadığı, çempionatda rəqabətin aşağı düşdüyü şəraitdə nəyi dəyişmək mümkünsə, onu da dəyişməlidi. Gəlin unutmayaq ki, “Qarabağ”da da ilk bir ildə baş məşqçinin işi yaxşı getmirdi, vaxtaşırı başının üzərini qara buludlar alırdı. Amma qaldı və böyük uğurlar qazana bildi. Qurbanovun daha güclü yığma qurmaq potensialının olduğuna inanıram. Məncə, o da bu üçaylıq turnirdə yol verdiyi səhvlərdən nəticə çıxarmalı, oyunun məzmunu ilə bağlı bəzi məqamlarda daha radikal və avantürist qərarlar verməlidi. Hələlik isə… Bu il üçün yolun sonuna gəldik. Məşhur uşaq sanamasını bir az dəyişsək, 0:4 – qapını ört…

Fikirlərini bizimlə bölüş!