Azərbaycan futbolu

Xəbərlər və təhlillər

1 milyard dolların nağılı

Hər bir millətin xəmiri atalar sözləriylə yoğrulur. Digər aspektdən də bir xalqın həyata baxışını atalar sözlərində görmək olar. Bəlkə də, həm bu, həm də o. Heyf ki, atalar sözlərimiz çox da göz oxşamır bir çox halda. Amma bir gerçək də var ki, milləti və onun kimliyini atalarının sözləri və verdiyi istiqamət formalaşdıra bilir. Məktəbə getdiyim ilk gündən divarları gözəl aforizmlərin bəzədiyini görmüşəm. Atalarımızdan biri Nizami Gəncəvinin gözəl sözləri: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”…

Normalda, uşaqlıqdan bu öyüdlərlə böyüyən insanların əmələ gətirdiyi toplum elmə böyük dəyər verməliydi. Heyf ki, 30 ildən sonra dönüb baxıram və 1-ci sinifdən görməyə vərdiş etdiyim o aforizmi ancaq elə sözdə tapıram.

Bu yaxınlarda Elmlər Akademiyası “Web of Science” şəbəkəsindən dərs olunan məqalələrlə bağlı hesabat yayımladı. AMEA-ya bütövlükdə son 5 ildə 10 mindən bir az artıq dəfə istinad edilib. Böyük ehtimalla, xəbəri yayarkən bunu uğur kimi ifadə edirdilər. Oxuyanlar da bu 5 rəqəmi görüb ovsunlana bilərlər. Amma sizi yuxudan ayıltmağa məcburam. Elm dünyasında kiçik bir profildə ağsaqqallardan olan Kristian Qroonrossa təkbaşına son 5 ildə 34 min dəfə istinad edilib. Bütün AMEA-dan 3,3 dəfə çox. Başqa nəsə deməyə ehtiyac varmı?

2-3 gündür Azərbaycanın gündəmini elə mövzular zəbt edib ki, ölkədə istər dövlət, istər xalq səviyyəsində elmin dəyərinin olmamasına və bunun fəsadlarına bir daha şahidlik edirik. Bir aktyor özünü “Drakon” sayıb, müəllimi göz qabağında döyə və sonra da hədələyə bilir. Futbol yığmamız haqda bütün media iki gündür qalıb vurnuxa-vurnuxa.

Açığı, icazənizlə burdan bir səmimi tənqid edəcəm.

Günahkar kimdi? Qurban Qurbanovu “qavalıyax getsin”? Yoxsa bütün Paşayevlərin, Nazarovların əlindən formanı alaq? Elxan Məmmədov, qardaş, gəl çıx bir hesabat ver – qəşəng sitatlardır. Amma realist olmaq yaxşı şeydir. Farer adalarını iki dəfə udub, son tura sürünə-sürünə pley-off şansını daşımaq sizi necə aldada bilir? Məncə, daha gülməlisi, Priştinada Kosovonu sürüməli olduğumuzun düşünülməsi idi. Nə olsun ki, Kosovo (albanlara görə Kosova, serblərə görə Kosovo) yığması cəmi 3-4 il əvvəl qurulub. Xorvatiya yığması qurulandan 6 il sonra dünya 3-cüsü olmadımı? Ya da əhali nisbəti analogiyaları. Tamam gülməlidi. Dünya çempionatına getməyən 61 milyonluq köklü futbol ölkəsi İtaliya, yoxsa 350 minlik İslandiya? Çin və Hindistanın FİFA reytinqlərini heç xatırlatmağa belə ehtiyac yoxdu.

Kosovo bütün kosovarları bir araya toplaya bilsə, Avropanın ən “dişli” komandalarından biri olar. Amma bu, bir idman jurnalistimizin dediyi kimi, “bölgə futboluna diqqət və qayğının nəticəsi” deyil. Bir az araşdırmaq yaxşı şeydir. Ümumiyyətlə, Kosovoda paytaxt və bölgə anlayışı yoxdur, bizdəki kimi. Bu, Yuqoslaviya dağılanda qanı üçün bölgəyə çökən serblərdən qaçan Kosovo albanlarının övladlarıdır. Onlar 90-cı illərdə canlarını götürüb İsveçrəyə, Hollandiyaya, Almaniyaya qaçdılar. Məsələn, oyunun taleyi həll olunandan sonra, sırf topu saxlamaq üçün meydana çıxan Jeqrova (Zhegrova) Almaniyada doğulub və futbolu Belçikada öyrənib. Olduqca məşhur Şaçiri (Şakiri), Qranit Caka (Xhaka) kimi bir xeyli futbolçu da kosovardı. Hələ sevdiyiniz Rita Ora, Dua Lipa və Era İstrefini demirəm. Sonuncu DÇ-2018-in himnini oxuyanlardan biriydi.

Bəs yaxşı, elmi bu tənliyin harasına yerləşdirəcəyik?

Yoldaşlar, qardaşlar, hər şey məktəblə bağlıdı. Bu gün Azərbaycan futbolu, onsuz da ənənəsi olmayan bir institut olaraq, uğur ehtimalı aşağı bir predmetdi. Belə durumlarda yeganə çıxış yolu elmə güvənməkdir. Doğru insanları doğru vəzifələrlə yükləyib, hesabat almaq və addım-addım inkişaf etməkdir. İslandiya futbolda, Çin bir çox olimpiya idmanı və şahmatda, Türkiyə basketbolda etdiyi kimi. Bəli, bizim də kültürümüzdə belə şeylər var. Alındıra bilərik əslində. Amma biz neynədik? Ya da onlar… 15 ildə 1 milyard dolları yeyib-taladılar. Bu gün bunun hesabatını almaq demək olar mümkün deyil.

Qurban Qurbanov yığmanı öhdəsinə götürəndə “yox” demək şansı yox idi. Çox yaxşı bilirik bunu. İnsanın da enerjisi limitsiz deyil. Ümid edirəm ki, bu proses futbolumuzdakı tək-tük ümid verən nüanslardan birini əlimizdən almayacaq. Amma ümumi götürəndə, ənənəmiz olmayıb. Azarkeş yoxdu ki, azarkeşsiz futbol olmaz. Bu tərəfdən də son ümid olan o pullar yeyilib-dağıdıldı. Ona görə, çox həvəslənməyin. Bəlkə də, elə limitimiz bu idi. D liqasında pley-off ümidini son oyuna saxlamaq…

P.S. Dostlar bilir, Millətlər Liqası söhbəti başlayandan mənim D liqasındakı favoritim Kosovo idi. Hətta dua edirdim ki, təki sonuncu torbadan onlar gəlməsin. Göründüyü kimi, bütün qruplar məntiqi sonluqla bitdi, bircə bizdə kağız üstündəki autsayder qrupu qalib başa vurdu. Mən yenə də AÇ-2020-yə kosovarların gedəcəyini güman edirəm. Kosovo Avropa futbolunda ortabab mövqeyə möhkəm şəkildə oturacaq – tezliklə.

Fikirlərini bizimlə bölüş!