Azərbaycan futbolu

Xəbərlər və təhlillər

10 milyon baş məşqçisi olan komanda!

Biraz əvvəl "Futbol+"in baş redaktoru Mahir Rüstəmlinin paylaşdığı statusu gördüm: "Bəli-bəli, Azərbaycanın futbol yığması dünyada 10 milyon baş məşqçisi olan yeganə komandadı!"

Mən də elə bundan yazmağa hazırlaşırdım. 🙂

Qurban Qurbanovun millinin baş məşqçisi təyin edilməsi etiraf edin ki, hər birinizin ürəyincə oldu. Çox yəqin, ayrı-ayrılıqda hərənin bu istəkdə bir səbəbi, istəkdən bir gözləntisi var idi. Ancaq hamımızn ortaq tələb meyarımız uğurdu. "Qarabağ"la qazanılmış uğur kimi uğur.

Baş məşqçi heyəti açıqladı. Adların içində cəmi 3 nəfər yeni var ki, onlar əsas komandaya təcrübə qazansınlar deyə çağrılıb. Digər istifadə olunacaq fiqurların bütünü Prosineçkinin komandasını xatırladır. Dmitri Nazarov, Araz Abdullayevin siyahıda olmaması Qurbanovun seçimi ilə bağlı deyil, çox güman. Bu futbolçuların komandaları oynayır, çempionatları davam edir, ona görə də, təbii olaraq, klublarından heç icazə də istənilməyib. Ancaq yığmanın digər toplanışlarında bu iki futbolçunu da görəcəyimizə əminən. Abdullayevin oyun stili haqda Qurbanovun yüksək fikirdə olduğundan xəbərim var. Nazarov da öz tipi ilə yeni baş məşqçinin komandasının – hətta, ilk "11-liy"inin futbolçusudu.

Dedik ki, çağrılmış heyət Prosineçkinin komandasına oxşayır. Bəs, Qurbanovun ortaya qoyduğu dəst-xətt necə, xorvatın işinə bənzəyəcəkmi? Müəyyən elementləri çıxmaq şərti ilə, qətiyyən yox! Eyni futbolçularla eyni üslubda futbol oynanılacaq deyə bir qayda yoxdu. Ancaq biz yığmada sırf "Qarabağ" stilinin sərgilənəcəyinə də çox ümid etməməliyik. O üslubun realizə edilməsi ən azında qarşıdan gələn Millətlər Liqasına qədər çatdırılası iş deyil. Deməli, Qurban bəy ağlında orta bir yol planlaşdırıb. Mümkün qədər tez müddətə oturdulacaq komanda siması.

Heyətə çağrılmayan futbolçular var. Amil Yunanovdan başlayaq. Biz bu futbolçudan da çox keçməz, Nurlan Novruzov və ya Nizami Hacıyev düzəldəcəyik. Hər dövrdə mətbuatrın yığmaya çağırmaq istədiyi, axırda da baş məşqçinin "tərs damarı" halına gətirdiyi adlar olur. Məncə, Yunanovu o hala salmayaq, dostlar. İmkan verin, Amil üzərinfə işləməyində olsun, Qurbanov isə düşünsün.

Bəxtiyar Həsənəlizadəni Elvin Yunuszadədən üstün sayırıq. Hansı meyarlarla? Yunuszadə dünən kimi, Avroliqanın qrupunda oynayan "Neftçi"nin əsas müdafiəçisi idi. Niyə fikirləşmirsiniz ki, əgər Qurbanov da belə düşünsəydi, Həsənəlizadə çoxdan "Sumqayıt"ın yox, "Qarabağ"ın müdafiəçisi olardı. Bu təbii ki, Bəxtiyarın pis futbolçu olması mənasına gəlmir. Sadəcə baxışlar fərqli olur. Hər məşqçinin öz beynindəki komandanın oyunçuları var və eyni zamanda da nə qədər yaxşı futbolçu olsalar da, o komanda da oynaya bilməyəcək futbolçular var. Bax həmin, o komandada oynaya bilməyəcək futbolçular demək ki, başqa məşqçinin futbolçularıdı. Samir Abbasovla Qurbanov, Roman Qriqarçukla Qurbanov, Ayxan Abbasovla Qurbanov bir düşünə bilməz. İnanın ki, Rəşad Sadıqovla da həmçinin və irəlidə bu ikili arasında fikir ayrılıqlarını da görəcəksiniz.

Tellur Mütəllimovu yığmaya niyə çağırmayıblar, deyə sual veririk. Yaxşı, tərsini niyə soruşmursunuz. Bəhlul Mustafazadə niyə çağrılıb, yığmaya? Cavabı müəmmalıdı. Bu şeyləri fikirləşmək, qiymətləndirmək üçün çox tezdi, ona görə. Bədavi Hüseynovun yeni "Qarabağ"a transfer olunduğu vaxtı xatırlayırsınızmı? Bu transfer nə üçün edildi deyə suallar var idi ortada. O dövr üçün cavabı müəmmalı olan suallar. İndi cavabını hamımız bilirik. Odu ki, gəlin səbrli olaq. Güvəndiyiniz, inandığınız məşqçi işinə başlayıb. Uğurlar arzu etmək və köklü dəyərləndirmələr üçün tələsməmək lazımdı.

Fikirlərini bizimlə bölüş!