"Araz Naxçıvan"ın fəaliyyətini dayandırmasından sonra Azərbaycan çempionatında cəmi 9 klub qaldı. İndi hər kəsi bu sual düşündürür: Növbəti mövsüm çempionatda neçə komanda olacaq?
Oliqarxların siyasi və biznes karyerasından asılı olan klublar
Məşqçilər Komitəsi çempionatda klubların sayının artırılmasını məqbul hesab edir. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə mətbuata verdiyi açıqlamada növbəti mövsümdən çempionatda 12 klubun iştirak edəcəyini bildirib. Çempionatda klubların sayının artırılmasını tələb edənlər güman ki, Azərbaycan futbolunun reallığını nəzərə almırlar. Elitada hansı klublar çıxış edəcək? Axı dünənə qədər elə PFL prezidenti özü bəyan edirdi ki, birinci diviziondan Premyer-Liqaya gəlmək istəyən klub yoxdu. Səbəb də aydın idi: birinci divizion klublarının maliyyə imkanları elitada oynamağa yetərli deyil.
Bu, dünən idi. Bu gün isə vəziyyət daha da pisdi. Dünənə qədər sabit maliyyə dayağına sahib "Bakı" bu gün dağılmaq təhlükəsiylə üz-üzədi. Hələ "Bakı"nın növbəti mövsümdə çempionatda olub-olmayacağı da məlum deyil. Ölkənin ən iddialı klublarından olan "Xəzər Lənkəran" büdcəsini kəskin şəkildə azaldıb. Elə "Neftçi" də uzun müddətdi ki, maliyyə sıxıntısı içindədi. Premyer Liqada maliyyə sabitliyini qoruyan cəmi üç klub qalıb: "Qarabağ", "İnter" və "Qəbələ". Onların da sabah hansı duruma düşəcəyi bəlli deyil.
Azərbaycan klubları peşəkarlaşmayana, gəlir əldə etməyənə qədər belə də olacaq. Ayrı-ayrı nazirlərə, oliqarxlara təhkim olunmuş klubların maliyyə durumu onların siyasi və biznes karyerasından asılıdı. Azərbaycan çempionatı "sabaha gümanı olmayan, oliqarxların siyasi və biznes karyerasından asılı olan klublar" məkanıdı.
Bir gecənin içində yeni klublar "doğacaqlar"?
Bu məkanda peşəkarlıqdan danışmaq yersizdi. Elə ona görə də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qeyri-peşəkar açıqlama verir. Dünənə qədər birinci diviziondan elitaya gəlməyə komanda tapmayan PFL prezidenti bu gun komandaların sayını 12-yə necə, hansı yolla qaldırmağı düşünür?
Üç klub birinci dəstədənmi gələcək, yoxsa yeni klublar "doğacaqlar" bir gecənin içində? Hələ üç klubun gəlməsi üçün İcraiyyə Komitəsi yığışmalı, əsasnaməni dəyişmək üçün barmaq qaldırmalıdı. Bəs 12 klubun olacağı çempionat hansı sistemlə keçiriləcək? Yenə də "altılıq sistemi"nə müraciət ediləcək?
Qoy bu suallara Ramin Musayev cavab versin. Biz isə iddia edirik ki, çempionatda klubların sayının artırılmasının heç bir effekti olmayacaq. Bu addım Azərbaycan çempionatının səviyyəsini yetərincə aşağı salacaq. Rəqabət demək olar ki, aradan qalxacaq. Fikir verin, Ramin Musayev bir neçə "moşennik"in iştirakı ilə yaratdığı "Şuşa" adlı komandaya maliyyə dayağı tapa bilmir. Az qala bütün ölkəboyu "dilənsələr" də. Amma indi elə bu "Şuşa"nı elitaya pərçim etməklə, orda rəqabət yaratmağı düşünürlər. "Şuşa"nın adını şərti olaraq çəkdik. "Şuşa" olmasın, olsun acından günorta duran "Kəpəz", yaxud da Musayevin göstərişiylə adını dəfələrlə dəyişən "Turan-Tovuz". Bu komandaların infrastrukturunun olmadığı bəllidi. Bəs maliyyə vəsaiti hardan əldə ediləcək? Olmaya, Musayev ARDNŞ-in bu klublara ayırdığı 300 min manatla onların Premyer Liqada rəqabət yaradacağına ümid edir. Bəs onda bu 300 mindən Musayevə və klublardakı "moşenniklər"ə nə qalacaq?
Deyək ki, Ramin Musayev Nuru Əliyevə yalvar-yaxar etdi…
Ola bilsin ki, Ramin Musayev elitada oynayacaq üç komandadan birini "Neftçala"nın timsalında görür. "Neftçi"nin farm-klubunun infrastrukturu yoxdu. Bu, birmənalıdı. Deyək ki, ictimaiyyət "Neftçi"nin farm-klubunun elitada oynaması faktı ilə də razılaşdı. Onsuz da AFFA rəhbərliyi heç vaxt ictimai rəylə hesablaşmayıb. Amma gərək bu klubun büdcəsi də artırılsın axı. ARDNŞ-in pulu varsa, elə "Neftçi"nin mətbuata olan borclarını ödəyərdi, daha elitaya ikinci komanda çıxartmaq haqda düşünməzdi.
Deyək ki, Ramin Musayev gedib Nuru Əliyevə yalvar-yaxar etdi, "Rəvan"ın başına açdığı oyunlara görə ondan dönə-dönə üzr istədi. Və Nuru Əliyev də "Rəvan"ın elitada oynamasına razılıq verdi. Bu nəyi dəyişəcək? Nuru Əliyev "Rəvan"ın büdcəsini 700-800 min dollardan artıq etməyəcək. Belə büdcəylə Premyer Liqada rəqabət yaratmaq olar? İndi Avropanın həvəskar komandalarının büdcəsi də bu məbləğdən çoxdu.
Böyük müdaxilə tələb olunur
Aydın hiss olunur ki, AFFA və PFL rəhbərliyi çıxılmaz durumda qalıb. Ölkə futbolu əldən gedir. Rəhbərlik isə vəziyyətə təsir etmək imkanında deyil. Daha doğrusu, səlahiyyətində deyil. Ölkə futbolunda yaranan acınacaqlı durumu düzəltmək üçün ən yuxarı səviyyədə müdaxilə tələb olunur. Yalnız ölkə başçısının göstərişlərindən sonra nəyəsə ümid etmək olar. "Niyə"sini də deyək.
Azərbaycanda futbolun inkişafına və populyarlığına nail olmaq üçün bu idman növünü ilk növbədə bölgələrə daşımaq lazımdı. Məsələn, "İnter"ə göstəriş verilməlidi ki, şələ-şüləsini yığışdırıb Gəncəyə köçsün. Ya da heç kimə lazım olmayan bu komanda buraxılmalı, Cahangir Hacıyev isə Gəncə futboluna himayədarlıq etməlidi. Orda infrastruktur qurmalı, güclü komanda yaratmalıdı. Cahangir Hacıyevin Kamaləddin Heydərovdan nəyi artıqdı? Zəhmət çəksin, Tale Heydərovun Qəbələdə qurduğunu o da Gəncədə yaratsın. Bakıda Rövnəq Abdullayevlə birləşib dəyəri 100 milyon dollar olan stadionu 4,5 milyon dollara almaqla Hacıyev futbolun inkişafına töhvə vemir.
Elə AZAL-ın himayəçisi Cahangir Əsgərova da demək lazımdı ki, komandanı götür, get Mingəçevirə. Ancaq bu şəxslərə kim göstəriş verməlidi? AFFA prezidenti Rövnəq Abdullayev onlara göstəriş verəcək adam deyil. Bu şəxs sözsüz ki, ölkə başçısıdı. Məhz ölkə başçısı futbol sahəsindəki xaosu nizamlamaq iqtidarındadı. Prezident AFFA-da, PFL-də kadr islahatlarının da aparılmasına göstəriş verməlidi. AFFA, PFL mənfi reputasiyalı, Azərbaycan futbolunu bu duruma salan şəxslərdən təmizlənməlidi. Azərbaycan futbolunu acınacaqlı durumdan çıxarmaq üçün müdaxiləyə ehtiyac var. Böyük müdaxiləyə.




Fikirlərini bizimlə bölüş!