Birinci fakt
Bir neçə il əvvəl PFL-in rəsmi saytını Ramin Musayevin müsahibəsindən yazı başlığına çıxarılan "Klubların vəzifəsi yığmaya oyunçu hazırlamaqdı" sözləri bəzəyirdi. Ola bilər cümlənin forması bir az fərqli idi, amma mahiyyət eyni idi. Yəqin həmin başlığı tək mən yox, bu sayta baş çəkən başqa ziyarətçilər də görüb.
Bir PFL prezidenti üçün belə sözləri səsləndirmək sadəcə ayıb, qeyri-peşəkarlıq, dilletantlıq, öz vəzifəsini bilməməzlikdi.
Doğrudanmı klubların vəzifəsi yığmaya oyunçu hazırlamaqdı? Xeyr! Klubların vəzifəsi elə klub olmaqdı. Klub müstəqil bir biznes strukturu kimi fəaliyyət göstərməlidi. Onun vəzifəsi yarışmaq, qalib gəlmək, mümkün qədər irəlidəki yerləri tutmaq və pul qazanmaqdı. Klubun qarşısında yığmaya oyunçu vermək kimi bir vəzifə yoxdu. Əksinə, oyunçuları yığmada zədələndiyi halda superklublar həmin ölkənin federasiyasından kompensasiya tələb edirlər. Detalları xatırlamıram, nəticəsi barədə də məlumatım yoxdu, amma təxminən 10-15 il öncə bu məsələ qaldırılmışdı.
Bəlkə hansısa klubun siyasətində yığmaya oyunçu yetişdirmək kimi bir istiqamət ola bilər. Bu, peşəkar addım sayılmasa da, klubun daxili işidi, hörmətlə qarşılanmalıdı. Amma bu qərar həmin komandanın özünün müstəqil qərarı olmalıdı. Hansısa kənar fiziki və ya hüquqi şəxs, məsələn, elə PFL ona bunu diqtə edə bilməz. Əsasən isə əsl peşəkar klubun məqsədi həmişə çempionatda, kubokda və qatıldığı digər yarışlarda mümkün qədər irəli getmək, qalib gəlmək olmalıdı. Ona görə də, irəliləmək üçün daim güclənməyə, bu istiqamətdə işləməyə çalışır.
Ramin Musayevin "Klubların vəzifəsi yığmaya oyunçu hazırlamaqdı" fikirlərini səsləndirməsi birbaşa klubların işinə müdaxilədi və qəbulolunmazdı. PFL-n vəzifəsi yarışları təşkil etməkdi, vəssalam. Musayev düşünürsə ki, PFL-in prezidentidisə klublar da avtomatik onun tabeliyində olmalıdı, yumsaq desək, yanılır. Onun klubların işinə qarışmağa qəti ixtiyarı yoxdu!
Əslində, bunu izah etməyə də ehtiyac olmamalıydı. Çünki bu yarışın təşkilatçısı olan adamın belə şeyləri bilmədən işi aparması qeyr- mümkündü. Amma bizim ölkə qeyri-mümkünlərin mümkün olduğu ölkədi. Yəni funksiyanı bilmədən də vəzifədə otura bilərsən. Həmin sahə inkişaf edir etsin, etmir etməsin. Burda əsas şərt həmin sahənin inkişafı yox, verilən korrupsion tapşırıqların problemsiz, səssiz icrasıdı. Məsələn, bu il filan komanda çempion olmalıdı.
İkinci fakt
İyulun 5-də Ramin Musayev növbəti dəfə PFL prezidenti seçildi. Bu prosesdən sonra keçirilən mətbuat konfransında o, jurnalistlərin suallarını cavablandırıb. Və cavablandırarkən birinci divizion haqqında fikirləri türkün sözü, ilginc olub:
"Şuşa"nı ilk dəfə mən yaratmışam, bu komanda üçün 4 il əziyyət çəkdim. Komandanı verdik Nadir Qasımova. Ona böyük hörmətim var. Amma o, klubda çalışdığı vaxtda bir nəfər futbolçu vermədi. "Şəmkir"i mən futbola qaytardım, futbolçu vermədi. Bu komandanı niyə saxlayım? 8 komanda olsun 1-ci divizionda, amma futbolçu yetişdirsin. Bir komandaya mən nəzarət edəcəm 1-ci divizionda. Görün, necə komanda hazırlayacaqlar."
Bilirsiz bu sözlərdə peşəkar liqa prezidentinin nə qədər qeyri-peşəkar yanaşması var? Dəhşətdi! Deyir "Şusa"nı mən yaratdım". "Şəmkir"i mən futbola qaytardım". "Bir komandaya mən nəzarət edəcəyəm". Axı sən bəyəm klub prezidentisən, səhmdarsan, yoxsa sponsorsan ki, komanda yaradasan, saxlayasan, nəzarət edəsən? Sən yaranan, iştirak etmək istəyən komandaları yarışa buraxan şəxssən. Daha doğrusu, sən yox, sənin prezidenti olduğun qurum. Biabırçılıqdı, vallah-billah, biabırçılıqdı. Bu, "Daçiya"nın prezidentinin baş məşqçilik etməsindən betər biabırçılıqdı. O qədər jurnalistdən də biri durub demır ki, ay müəllim, sən liqanın prezidentisən, müstəqil klubların prezidenti deyilsən, komanda yaradasan, saxlayasan, nə bilim nəzarət edəsən.
Moldovalı məşqçinin bizə nə aidiyyatı? Onu qısnamaq asandı. Oğul ona deyərəm ki, Ramin Musayevi qısnasın. Özümüzdəki o boyda tiri görmürük, özgədə qıl axtarırıq. "Daçiya"nın baş məşqçisinə "qonaqpərvərlik" göstərib sərt ifadələrlə vəzifəsinə, statusuna uyğun hərəkət etmədiyini üzünə çırpıb, onu biabır, "pozor" etmək asandı. Amma bu bizə bir şey verməz. Çünki özgənin problemidi. Ancaq Musayev bizim problemdi! Ona yerini göstərmək, qeyri-peşəkar, dilletant olduğunu, öz vəzifəsini bilmədiyini və bunun ayıb olduğunu başa salmaq çox şey verər. Ən azı o, istefa verməsə də, öz üzərində işləyər.
Və…
Yuxarıdakı qeydlərdən sonra qayıdıram iyulun 5-də PFL prezidenti postuna keçirilən seçkiyə aid mətbuatda gedən xəbərə:
"Ramin Musayev növbəti illər üçün də PFL prezidenti seçilib. Bunu bu gün AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib:
"PFL-in işini yüksək qiymətləndirirəm. PFL ədalətli çempionat keçirdi, həm də ədalətli hakimlik oldu".
Burda qələminə hörmətim olan Natiq Muxtarlının hərdən köşələrinin, hərdən də statuslarının sonunda işlətdiyi iki kəlmə yerinə düşür:
"Di dağılışın".




Fikirlərini bizimlə bölüş!