Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qəssab Hüseyn? Dəllək Mamed? Çoban İldırım?

"Araz Naxçıvan" dağıldı, "Şəmkir", "Kəpəz", "Turan", "MKT-Araz", "Viləş" və daha neçə-neçə klub dağıldı, dağılmış kimidi, can verir. Bu klublar can verdikcə, Azərbaycan çempionatında çıxış edən klubların sayı gah artdı, gah azaldı.

Kim idi günahkar?

Qəssab Hüseyn? Dəllək Mamed? Çoban İldırım?

Deyə bilərsənmi, kim idi bu klubları "cəhənnəm"ə göndərən, onlar can verərkən başının üstündə dayanıb kəlmeyi-şəhadətlərini oxuyan, Ramin Musayev? Sən idin! Azərbaycan futbolunda səndən çox klub yola salan, "mollalıq edən" olmayıb, Musayev.

Azərbaycan futbolunda oyun-alqı satqısı həmişə olub. Alıblar, satıblar, "atıblar". Amma müstəqil Azərbaycan futbolunda oyun alverinin yeni, "müasir" forması formalaşdı. Bu, tipik bazar qaydaları idi – qiymət artırmaq, qiymət öldürmək.

Kim gətirdi Azərbaycan futboluna oyun alverində bazar qaydalarını?

Qəssab Hüseyn? Dəllək Mamed? Çoban İldırım?

Sən gətirdin, Ramin Musayev, sən. "Neftçi"nin vitse-prezidenti olarkən çıxdığın hoqqalar Azərbaycan futbol tarixinə "şanlı səhifələr" kimi yazılıb və bu səhifələr adamün üzünə at kimi durur. Məsələn, "Neftçi"nin vitse-prezidenti olarkən "Olimpik"lə (indiki AZAL) oyunu "həll etməsi" üçün hakim İmanxan Sultaniyə təklif etdiyin 70 min dollar faktını tarix necə özündə saxlamaya bilər? Bu, tarix adına böyük utanc olar. Tarix sənin kimiləri mütləq yadda saxlamalıdı. Mütləq! Gələcək nəsillərə görk olsun deyə.

Mətbuata ikili standartlarla yanaşan, jurnalistləri "bajoğlular"a və "bajoğlu" sayılmayanlara bölən kimdi?

Qəssab Hüseyn? Dəllək Mamed? Çoban İldırım?

Sən, Ramin Musayev, sən. Amma bu məsələnin üzərində çox dayanmaq istəmirəm. Nə hoqqa çıxardığını, bazar təfəkkürüylə necə seçimlər etdiyini, "bajoğlu" dediyin jurnalistləri necə meymun yerinə qoyduğunu özün hamıdan yaxşı bilirsən. AFFA-nın baş katibi Elxan Məmmədovun "qabırğa"sına döşəyib sənin gözünə girməyə çalışanlar da sən ağıldadı. Və əslində, hər nə qədər tənqid etsək də, Avropa mədəniyyəti, Avropa təhsili görmüş Elxan Məmmədovla sənin fərqin burda ortaya çıxır. O fərqin nə olduğunu bəlkə də bilməzsən. Bəzən aradakı fərqi görmək üçün də yaxşı təhsilə, savada ehtiyac yaranır. O isə nə yazıq ki, səndə yoxdu…

Pis, yaxşı – arxasında dayanıb mətbuata söydürdüyün Elxan Məmmədovun baş katibi olduğu AFFA hər il hesabat verir, maliyyə gəlirlərini, xərclərini açıqlayır, Ramin Musayev. Amma sənin başında dayandığın PFL var olduğu bu illər ərzində bir dəfə də olsun hesabat verməyib.

Sənin yerinə o hesabatı kim verməlidi?

Qəssab Hüseyn? Dəllək Mamed? Çoban İldırım?

Sən verməlisən, Ramin Musayev, sən verməlisən. Lazım gəlsə (zəhrimar gəlmir ki, gəlmir), oğluna aldığın bahalı avtomobillərin də hesabatını verməlisən. Amma vermirsən, Ramin Musayev, vermirsən. Sən türkün məsəli, verməyə öyrəşməmisən. Həmişə almısan – klub almısan, futbolçu almısan, məşqçi almısan, hakim almısan, oyun almısan.

Futbol əyləncədi. Futbol insanların asudə vaxtını keçirməsi üçün ən yaxşı vasitələrdən biridi. Amma sən, Ramin Musayev, əyləncəylə əlləşdirməyi qarışdırmısan. Futbol hər il əlləşdirmək, yeni hoqqalar çıxarmaq üçün münasib məkan deyil. Dön, PFL prezidenti olduğun illərə bax, Ramin Musayev. Hoqqasız bir ilin olubmu? Gah 12 komandayla, gah 14, gah 10, gah 11, gah da 9 komandayla çempionat keçirmisən. Hansısa klubda bir az pul görən kimi "çempionatda klubların sayını artırmaq lazımdı" demisən. Pulsuzluq olan kimi "bu il yüksək liqaya komanda çıxmayacaq" söyləmisən. Yorulmadınmı əlləşdirməkdən bu çempionatı, Ramin Musayev? "Neujeli" bir nəfər ağıllı adam çıxıb sənə "bu, Azərbaycanın bir nömrəli çempionatıdı, hər il təcrübə keçməyin üçün laborotoriya deyil" demir?

Bu, Azərbaycanın bir nömrəli futbol çempionatıdı, Ramin Musayev. Özünə, oğluna, nəsil-nəcabətinə istədiyin qədər pul qazana bilərsən bu çempionatdan. Hətta ömrünün axırına kimi PFL prezidenti olub, heç kimə hesabat verməyə də bilərsən. Amma lütfən, Ramin Musayev, lütfən, əlləşdirmə bu çempionatı!

Fikirlərini bizimlə bölüş!