Azərbaycan futbolu

Xəbərlər və təhlillər

20 il əvvəl və indi… “Ayfon” səsi ilə top səsinin fərqi

Şair deyir ki:
Uşaqlığım əlimdən uçdu kəpənək kimi,
Hey onun arxasınca göndərdim öz qəlbimi,
Dedim bəlkə qaytarar uşaqlıq illərimi,
Anam yenə oxşaya qıvırcıq tellərimi.

Uşaqlıq heç vaxt qayıdan deyil. Çünki zaman elə amansızdır ki, həyatın ən şirin vaxtlarında sənə “dayan zaman” deməyə belə imkan vermir, öz axarı ilə gedir. Günlər bir-birini, aylar bir-birini əvəzləyir. Əvvəlcə qarlı qış, sonra insanları coşduran bahar gəlir, yay günəşində qızınmağa vaxt tapmamış, düşüncəli payızı salamlamaq məcburiyyətində qalırıq. Və öz axarı ilə irəliləyən zaman bizi elə bir məqama gətirib çıxarır ki, artıq ürəyimizdə uşaqlıq həsrətinin ilk çırpıntıları eşidilir. İnsan üçün hər şey yoxluğunda şirindir, uşaqlıq da, məktəb illəri də, universitet illəri də, ilk sevgi də. Və bu dövrlərin yaratdığı izlər heç vaxt pozulmur…
Yəqin indi yazacağım cümlələr bunu oxuyanlar üçün də tanış mənzərə olacaq.

Nə gizlədim, bəzən dərs çantasını da qapı dirəyi yerinə qoymuşam, digər yoldaşımın çantasına dəymək istəməyəndə hətta öz çantamın içindən ən qalın kitabı götürüb, o biri dirəyi də qurmuşam. Dərsdən qaçıb futbol oynadığım günlər o qədər olub ki… Özümüzdən balacaları küçədə pusquda qoyub “atam gələndə mənə xəbər ver” dediyim anlar o qədər olub ki…

Kənd həyatı görmüşəm, əziyyətlə böyümüşəm və bir daha doğulsaydım, yenə həmin əziyyətli uşaqlığı yaşamaq üçün lüks evləri, avtomobillərdə dərsə gedib gəlməyi, bu yaşımda “ayfon” işlətməyi vallah qurban verərdim. Çünki uşaqlıqda çətinlik çəkənlər həyata hazır olurlar, çətinliklərdən qorxmurlar.

Açığı, indiki uşaqlara çox heyfim gəlir. Sosiallaşmaq olar, amma bu qədər də yoxdur. Təsəvvür edin ki, sənin həyətində əla bir meydança var, günəş hər kəsi həyətə dəvət edir, sən isə “atapleni”nin yanında oturub, “play-station” oynayırsan. Qardaş, belə uşaqlıq olar? O ki dərsdən qaçıb futbola gəlmədin, futbolda yıxılıb, ayağın əzilmədi, bütün bu hərəkətlərinə görə, əvvəl acı, indi isə hər şeydən şirin gələn ata silləsi yemədin, qara tər qıvırcıq tellərindən çıxıb, qaşlarından süzülüb, kipriyində dayanmadısa, sən nə uşaqlıq yaşadın? Uşaqlıqdan nə danışacaqsan?

Əslində, mən durduğum yerdə illər öncəyə boylanmadım. Adi bir kibrit çöpünün də alışmasının səbəbi var. Mən top xəstəsiyəm. Əvvəl bizim telefonumuz da yox idi, velosipedimiz də. Polad əmi imkan verməsə də, günün qızmarında stadiona yığışardıq ki, o ya namaza getmiş olurdu, ya da yatırdı. Belə olan halda, bizim futbol oynamağımız üçün əla zəmin formalaşırdı. Yarıcırılmış topun 3 dəfə yerə dəyməsi ilə uşaqların hasardan bir-bir stadiona tullanması arasında maksumum 6-7 dəqiqə zamana ehtiyac olurdu. O qədər uşaq yığılırdı ki, gəl görəsən… Hətta 6-7 komanda qurulurdu və meydança, top üstündə dava olurdu. Və beləcə biz ilk qələbələrin, ilk məğlubiyyətlərin, ilk alın tərinin, ilk paylaşma hissinin, birlik hissinin, kollektiv hissinin, ilk əziyyət hissinin, ilk itirmək hissinin nə olduğunu anlayırdıq. Ondan bu yana 20 il vaxt keçib.

Mən yenə eyniyəm. Yenə top səsi gələndə o tərəfə qaçıram. Necə ki, soyuq düşən kimi, quşlarda isti ölkələrə uçmaq instinki var, mənim də top səsinə, futbola belə bir alışqanlığım var. Amma indiki uşaqlara görə çox üzülürəm.

Bizim ofisin yerləşdiyi yaşayış kompleksində 6 bina var. Səhərlər həyətdə nə qədər istəsən uşaq görmək olar. Hamı atasına və ya atasının onun üçün tutduğu maşına tərəf tələsib, məktəbə gedir. Qayıdanda isə çantası bir başqasının əlində, öz əlində isə “hamburger” olur. Niyə? İnsan niyə öz yükünü başqasına daşıtdırmalıdır? Yaraşırmı, yaraşmaz…

Xüsusən də, kişiyə, gələcək ailə başçısına. Və günün ən həssas vaxtına doğru gələk. Bu binalarda yaşayan insanlar üçün stadion da ayrılıb. Amma çox təəssüf ki, həmin stadionda bizim vaxtımızda olan kimi, anşlaq yoxdur. Həmin binada yaşayan uşaqlardan minimum 10 komanda düzəltmək olar. Amma nədənsə heç iki komanda da düzəltmək mümkün deyil. Çünki həmin uşaqlar günəşdən qorxurlar, soyuqdan qorxurlar. İnsan təbiətə alışmasa, həyata necə alışacaq? Və ən əsas məsələ odur ki, uşaqların sümükləri möhkəmlənmir. Sənin ayağın indi əzilmədi, qanamadı, daha nə oldu? Bu hissləri nə vaxt yaşayacaqsan və ya uşaqlarına hansı uşaqlıqdan danışacaqsan?

Mən əminəm ki, analoji vəziyyət təkcə bizim yerləşdiyimiz yaşayış kompleksində hökm sürmür. Eyni zamanda, digər məkanlarda da vəziyyət belədir. Bu isə uşaqlığın dörd divar arasında keçməsi ilə yanaşı, məhəllə futbolunun da məhv olması deməkdir. Daha tozlu-qumlu arenalarda istedad axtarmağa ehtiyac yoxdur. Çünki indi nə tozlu-dumanlı meydança var, nə də onu yaradan qüvvələr. İndi “play-station” var, “ayfon” var. Əvvəl top səsinə sevinən uşaqlar, indi “ayfon” səsinə uyğunlaşıblar. İlk sevinc də odur, ilk kədər də. Yaşamaq lazımdır, yaşamaq. Dörd divardan xilas olmağı hər kəs arzulamalıdır. Xüsusən də, təmiz və gənc beyinlər. Nə qədər ki, gec deyil, haydi stadionlara…

Fikirlərini bizimlə bölüş!