• Şahin Diniyevli milli komandanın Bakıda Serbiya yığmasına 1:6 hesablı məğlubiyyəti niyəsə, daha çox yadımda qalıb stadiondan izlədiyim oyunlar arasında. Sonra Berti Foqtsun da baş məşqçisi olduğu komandanın bir neçə matçını izləmişdim stadiondan. Amma mütəxəssis kimi heç sevmədiyim almanın başında durduğu millinin oyunlarının məzmunsuzluğundanmı, nədənmi, yadımda qalmayıb heç biri. Bəlkə, Bakıda serblərə həmin o faciəvi – sonra haqqında çox söz-söhbət gəzən (məsələn, deyirdilər ki, bizim uşaqlardan – milli üzvlərindən bəziləri qəsdən oynamayıb, bəziləri rüsvayçı məğlubiyyətə sevinib və sair) məğlubiyyətdən sonra yaddaşım milli komanda ilə bağlı çox şeyi özündə saxlamaq istəmədi. Bilmirəm…
• Uşaqlıq illəri 90-cı illərə təsadüf edənlər təsdiqlər, o illərdə futbolda qazandığımız istənilən qələbə bizə az qala Novruz bayramı qədər sevinc bəxş edirdi. Və zatən, Novruz bayramı kimi də olurdu elə qələbələr – ildə bir dəfə, ya da heç… İndi 90-cı illər deyil, indi nə Səddam Hüseyn var, nə üzüm tarlalarından üzüm oğurlayan məktəbli uşaqlar, nə tramvay, nə də boş küçələr. İndi heç Az.TV-yə əvvəlki inam, sevgi, məhkumluq da yoxdur.
• Bayaq Azərbaycan millisinin Millətlər Liqasında gecə Kosovo ilə olacaq görüşü ilə bağlı “facebook”da paylaşımlara baxırdım. Zaur Xudiyevin fikirləri diqqətimi daha çox çəkdi. Hörmətli həmkarım oxuduqca adamın canını sıxan, həqiqət olduğu üçün sıxan bir neçə sual yazmışdı:
“Azərbaycan yığması, Azərbaycan futbolu hansı xüsusiyyətlərinə görə, məsələn, Farer adalarından, Maltadan, Kosovodan üstündür ki?
– 8 komandalı çempionatına görəmi?
– Bu 8 komandanın 6-sının AFFA-nın çətiri altında olmasına görəmi?
– Bərbad birinci diviziona görəmi?
– Bərbaddan da pis vəziyyətdə olan aşağı yaş yığmalarına görəmi?
– Yetişdirdiyimiz (?) bir tək oyunçunun belə "Biləcəridən o yana" keçməməsinə görəmi?
Daha da uzadaqmı siyahını?”
…İndi nə Səddam Hüseyn var, nə üzüm tarlalarından üzüm oğurlayan məktəbli uşaqlar, nə tramvay, nə də boş küçələr. Dünya dəyişib, dünyanın futbolu, dünyanın futbola olan münasibəti dəyişib. Deyəsən, yox, yox, dəqiq, futbolu və futbola münasibəti dəyişməyən bir tək bizik. 20 il sonra Kosovo kimi sıradan bir komandanı məğlub etməyi özümüzə borc bilmiriksə, 20 il əvvəl olduğu kimi, yenə futbolçularımızın “Biləcəridən o yana” keçməməsindən şikayətləniriksə, yenə aşağı yaş qrupları üzrə milli komandaların "şikəstliyini" özümüzə dərd ediriksə, yenə çempionatımıza görə utanırıqsa… Kosovonu udsaq nə olacaq, udmasaq nə olacaq? Biz onsuz da uduzmuşuq, 90-cı illərdən sonrakı bütün illəri uduzmuşuq.
Rahat oynayın, uşaqlar!




Fikirlərini bizimlə bölüş!