AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "Yubilyar Azərbaycan millisi" layihəsində növbəti silsilə yazılarına başlayırıq. Bu yazı "Millimizin baş məşqçiləri: Yerlilərlə başlayan uzun yola əcnəbilərlə davam" mövzusundadır.
Ən çox Berti Foqts, ən az azərbaycanlı köməkçiləri
Azərbaycan milli komandasını tarixini əhatə edən 25 ildə keçirdiyi 227 oyunda 14 mütəxəssis çıxarıb. Bunlardan 10-u yerli, 4-ü əcnəbi olub. Düzdür, milliyə rəhbərlik edənlərin hamısı baş məşqçi olmayıb, aralarında baş məşqçi əvəzi də olanlar da olub. Bunlar arasında oyun sayı baxımından ən azı olanlar millimizin sabiq futbolçuları Nazim Süleymanovla Mahmud Qurbanovdur. Onlar hərəyə 1 dəfə yığmanın "sükanı arxası”nda olublar. Özü də N.Süleymanov B.Foqtsun təyinatı ərəfəsində, Qurbanov isə almaniyalı mütəxəssisin gedişindən sonrakı oyunda millini meydana çıxarıb. B.Foqtsun vaxtıda onun köməkçiləri olan hər iki veteran futbolçumuz 0:1 hesablı məğlubiyyət alıb. N.Süleymanov Litva ilə səfərdəki yoldaşlıq görüşündə, M.Qurbanov isə Norveçlə evdəki rəsmi oyunda həmin nəticəyə üzülüb. Onu da bildirək ki, B.Foqts AFFA-dan dəvət aldıqdan sonra müqavilə imzalamaq ərəfəsində Litvadakı həmin matçı stadiondan izləyib.
Millimizdə həm oyun sayında mütləq rekordçu da məhz B.Foqtsdur. Bir göstəricilərdə aşkar liderliyi ilə diqqət çəkən 71 yaşlı almaniyalı mütəxəssis kimi uzun müddət baş məşqçi postunda heç kim olmayıb. Bu, 2008-ci ilin aprelindən 2014-cü ilin oktyabrınadək – 6 il 6 ay olub. Bu, 3 tam seçmə mərhələ olub ki, 4-cünün əvvəlində B.Foqtsun erası bitib. O, Xorvatiya yığmasına səfərdə 0:6 hesabı ilə uduzduğu rəsmi oyundan sonra istefaya göndərilib. B.Foqstun debütü də keçmiş Yuqoslaviya təmsilçisi – Bosniya və Herseqovina yığması ilə olub və bu yoldaşlıq görüşündə də uduzub – 0:1.
Yığmamızın seçmə mərhələdə rekordları da məhz B.Foqtsla bağlıdır. O, ilk seçmə mərhələsində – DÇ-2010-da topladığı 5 xalla Azərbaycan yığmasının xal rekorduna şərik olub. Bundan sonra tsikldə – AVRO-2012-də 7 xal B.Foqtsun yeni rekordçu olması demək idi. Təcrübəli mütəxəssis DÇ-2014-də isə 9 xalla öz rekordunu yeniləyib. Ancaq son seçmə mərhələnin startı almaniyalı üçün çox uğursuz alındı. Təsadüfi deyil ki, o, ilk 3 oyunun hamısında məğlubiyyət alıb. Ümumiyyətlə, B.Foqts üçün Azərbaycanda son il olan 2015 çox uğursuz alınıb. O, həmin il yoldaşlıq görüşlərini də nəzərə alsaq, yalnız 1-də qalib gəldi. Bu da da futbol ölkəsi sayılmayan Filippin üzərində 1:0 hesablı qələbə idi.
B.Foqts Azərbaycan yığmasında 71 oyundan 15-də qələbə qazanıb, 22-də heç-heçə edib, 34-də məğlubiyyət alıb. O, sçemə mərhələdə 4 qələbəyə sevinib ki, məğlub etdiyi rəqiblər Lixtenşteyn (2:0), Türkiyə (1:0), Qazaxıstan (3:2) və Şimali İrlandiya (2:0) olub. Bunlardan səfərdə yalnız lixtenşteynliləri üstələyə bilmişik. Yeri gəlmişkən, 2009-cu ilin oktyabrın 10-da paytaxt Vadutsda qazanılan həmin nəticə millimizin tarixində rəqib meydanında ilk qələbə kimi düşüb.
Millimiz ilk dəfə bir seçmə mərhələni də məhz B.Foqtsun vaxtında qazanıb ki, bunlar Türkiyə və Qazaxıstanı Tofiq Bəhramov adına Respublika stadionunda yendiyimiz matçlardır. Yeri gəlmişkən, bu rekordu Foqtsun xələfi Prosineçki cari seçmə mərhələdə Malta və Norveçi 1:0 hesabı ilə məğlub etməklə təkrarlayıb.
Qələbəsiz Torreslə Hacıyevski, böyük ümidlər bəslənilən Prosineçki
Azərbaycan milli komandasının ilk əcnəbi baş məşqçisi isə Karlos Alberto Torres olub. 1970-cı ildə Braziliya millisinin kapitanı kimi dünya çempionu, əfsanəvi Pelenin kapitanı olan keçmiş müdafiəçi ilyarım bu postda olub. Özü də onun debütü də, son oyunu da böyükhesabla məğlubiyyətlə yadda qalıb. Bunlar İsraillə səfərdə yoldalıq görüşündə 0:6, dava saldığı və nəticədə qovulduğu Polşa ilə evdə rəsmi oyunda 0:3 hesablı məğlubiyyətdir. K.A.Torres yoldaşlıq görüşlərində nə qədər uğurlu olsa da, onun vaxtında rəsmi oyunda qələbə nə olduğunu bilmədik. Ümumiyyətlə, həmin DÇ-2006 seçmə mərhələsi millimiz üçün qələbəsiz olan ən uğursuz tsikllərimizdən biri olub. K.A.Torresin ilk xalı elə sonuncu olub və bu, Uelslə mərkəzi arenada edilən 1:1 hesablı bərabərlik idi.
Millimizin ikinci əcnəbi baş məşqçisi Qyoko Hacıyeski olub. Düzdür, makedoniyalı mütəxəssis Şahin Diniyevin gedişindən sonra baş məşqçi əvəzi kimi təyinat alıb və 3 oyuna çıxarıb. Bunlar həmin AVRO-2008 seçmə mərhələsində son 2 oyun – Finlandiyaya səfərdə 1:2, Belçikaya evdə 0:1 hesablı məğlubiyyət idi. Yığmamız Q.Hacıyevskinin vaxtında Antalyada Qazaxıstanla qolsuz bərabərliklə nəticələnən yoldaşlıq görüşü də keçirib. Göründüyü kimi, Q.Hacıyevski də qələbə sevinci yaşamayıb və onun vaxtında cəmi 1 qol vurulub. Buna isə Q.Hacıyevskinin "Bakı”da rəhbərliyi altında çempion olan M.Qurbanov imza atıb. Maraqlıdır ki, bu, "Professor” ləqəbli yarımmüdafiəçinin millidə yeganə qolu olub.
25 ildə 14 baş məşqçi və ya Berti Foqtsun aşkar liderliyi – LAYİHƏ
Millimizdə sonuncu əcnəbi baş məşqçi isə hazırkı çalışdırıcısı Robert Prosineçkidir. Onun təyinatı 2014-cü ilin sonlarına təsadüf etsə də, fəaliyyəti 2005-ci ilin əvvəlindən başlayb. Xorvatiyalı mütəxəssis 16 matç keçirib ki, onun 10-u seçmə mərhələyə, 6-sı yoldaşlıq görüşlərinə təsadüf edib. R.Prosineçki debütündə – AVRO-2016-da hesabında xal olmayan millimizə 6 oyunda 5 xal qazandıra bilib. İndisə – DÇ-2018-də isə millimiz onun başçılığı altında 4 matçda 7 xal toplayıb ki, belə uğurlu start heç bir baş məşqçimizin vaxtında olmayıb. R.Prosineçkinin vaxtında 4 qələbə qazanan futbolçularımız 5 dəfə bərabərlik edib, 7 dəfə uduzub. Topların fərqi 12-21-dir.
Debütant Əlsəgərov, məğlubiyyətsiz Məmmədov, ilklər sahibi Tuayev….
Millimizdəki əcnəbi baş məşqçilərin göstəricilərini ümumiləşdirsək, 4 mütəxəssislə 118 oyun edir. Bu isə 227 matçın yarısından çox deməkdir. Qalan 10 yerli məşqçinin payında millinin oyunlarının yarısından az düşür. Bunlardan Əhməd Ələsgərov ilk baş məşqçimiz kimi tarixə düşüb. Onu əvəzləyən Ələkbər Məmmədov isə baş məşqçilər arasında seçmə mərhələdə iştirak etməyən və eyni zamanda məğlubiyyət almayan yeganə mütəxəssisdir. Onun vaxtında əsas məqam ilk beynəlxalq turnirimiz idi ki, İranın paytaxtı keçirilən EKO yarışında 3 oyuna 7 xal qazana bilmişik.
Millimizin tarixində 1 oyunda – 1994-cü ilin aprelin 19-da Maltanın Ta Qali şəhərində yerli milli komandaya 0:5 hesabı ilə uduzduğu yoldaşlıq görüşündə baş məşqçi postunda 2 nəfər yer alıb. Bunlar Ağasəlim Mircavadovla Kazbek Tuayev olub ki, onlardan sonradan xeyli müddət bir-birlərini əvəzləyib. Bu nəticə düz 10 il yoldaşlıq görülərində ən ağır məğlubiyyəti kimi qalıb ki, həmin antirekordu K.A.Torres İsrailə 0:6 hesabı ilə uduzmaqla yeniləyib.
K.Tuayev millimizə seçmə mərhələdə ilk xal (Polşa ilə 0:0) və ilk qələbə (İsveçrə ilə 1:0) qazandıran baş məşqçi kimi düşübsə, ən ağır məğlubiyyət – Fransaya 0:10 A.Mircavadovun adı ilə bağlıdır. Məhz bu oyundan sonra istefaya göndərilən bu mütəxəssisi əvəzləyən K.Tuayev əvvəl dediyimiz tarixi nəticələrə bundan sonra imza atıb.
Ən çox oyun sayı olan yerli mütəxəssis – Vaqif Sadıqov
Vaqif Sadıqov isə bir sıra göstəricilərdə fərqlənib. Əvvəla, o, yerli məşqçilər arasında millidə ən oyun keçirəndir. V.Sadıqov bu göstəricidiyə yalnız rekordçu B.Foqtsdan geri qalır. Bundan əlavə, V.Sadıqov 3 müxtəlif vaxtda millimizin baş məşqçisi olması ilə də seçilib. Düzdür, yoldaşlıq görüşlırindn fərqli rəsmi oyunlarda qələbə üzünə həsrət qalan sçemə mərhələdə ilk və hələ ki yeganə xalını 2005-ci ilin sentyabrında Avstriya ilə Bakıda 0:0 hesablı heç-heçə ilə qazanıb.
V.Sadıqovu ikinci dönəmində əvəzləyən Əsgər Abdullayev isə tarixi nəticə ilə yadda qalıb. Çünki millimiz seçmə mərhələdə ilk dəfə rəqib meydanında onun rəhbərliyi altında uduzmayıb. Bu, 2003-cü ilin fevralında Serbiya və Çernoqoriya yığması ilə 2:2 hesablı heç-heçədir. Ə.Abdullayev həmin milliyə Bakıda qalib gələrək 4 xal alıb və bu, bir seçmə mərhələdə eyni rəqibə uduzmadığımız ilk hal olub.
Ponomaryovun rekordu köməkçisi Diniyevlə təkrarlandı
25 ildə 14 baş məşqçi və ya Berti Foqtsun aşkar liderliyi – LAYİHƏ
Ə.Ələsgərov debüt matçından sonra millidən ayrı düşərək 7 il sonra qayıdıb. Həmin vaxt "Neftçi”nin baş məşqçisi olan təcrübəli mütəxəssis eyni vaxtda iki vəzifədə olub. Millliyə dönüşündə Portuqaliyadan səfərdə rəsmi oyunda 0:7 hesablı ağır məğlubiyyət alan Ə.Ələsgərov ardından "Tofiq Bəhramov”da iki tarixi nəticəyə imza atıb. Bunlardan biri iyunda Lixtenşteyn üzərində 4:0 hesablı qələbə olub ki, bu, millimizin tarixinə nəinki rəsmi oyunlarda, ümumiyyətlə, ən böyükhesablı qələbə kmi düşüb. Sentyabrda Portuqaliya ilə 1:1 hesablı bərabərlik isə qələbəyə bərabər nəticə idi.
İqor Ponomaryov millimizin baş məşqçiləri arasında seçmə mərhələdən əvvəldən sonadək olan ilk mütəxəssisdir. Bu, sonra yalnız B.Foqtsa bu, müəssər olub. Olimpiya çempionumuzun topladığı 5 xal uzun illər ən çox xal kimi rekord idi ki, bunu həmin vaxt köməkçisi, sonralar özü baş məşqçi olan Şahin Diniyev təkrarlayıb. Düzdür, bu mütəxəssis seçmə mərhələnin – AVRO-2008-nin sonuna 2 oyun qalmış vəzifəsindən ayrılıb. Ancaq onu müvəqqəti əvəzləyən Q.Hacıyevski hər 2 matçda uduzduğundan 5 xal Ş.Diniyevin sayəsində qazanılıb. Millimizin evdə seçmə mərhələdə ən ağır məğlubiyyəti də onun vaxtında olub ki, bu, istefa verdiyi Serbiyaya 2007-ci ilin oktyabrında Respublika stadionunda 1:6 hesablı məğlubiyyətdir.
14 baş məşqçimizdən 3-ü artıq dünyalarını dəyişib. Bunlar həmin postda ilk olan təcrübəli mütəxəssislərimiz Ə.Ələsgərovla Ə.Məmmədov və əvvəl qeyd olunduğu ilk əcnəbi baş məşqçimiz olan K.A.Torresdir. Ə.Ələsgərovla Q.Hacıyevski eyni zamanda 2 vəzifədə – həm millidə, həm də klubda baş məşqçi olublar. Bunlar müvafiq olaraq "Neftçi" və "Bakı" olub.
Azərbaycan milli komandasının baş məşqçilərinin oyun sayları
1.Berti Foqts – 71
2.Vaqif Sadıqov – 32
3.Şahin Diniyev – 20
4.Karlos Alberto Torres – 18
5.Robert Prosineçki – 16
6.İqor Ponomaryov – 14
7.Kazbek Tuayev – 14
8.Əsgər Abdullayev – 13
9.Əhməd Ələsgərov – 10
10.Ağasəlim Mircavadov – 10
11.Ələkbər Məmmədov – 4
12.Qyoko Hacıyevski – 3
13.Nazim Süleymanov – 1
14.Mahmud Qurbanov – 1




Fikirlərini bizimlə bölüş!