Dario Federiko. Azərbaycana ötən il gələn cinah yarımmüdafiəçisi qısa zaman kəsiyində “Kəpəz”in liderinə çevrildi. İstedadlı vinger fərdi ustalığı ilə istənilən oyunun bəzəyinə çevrilməyi bacarır. O, Gəncə futbolunun tarixinə düşməyə də macal tapıb. Klubun Avropa Liqasında ilk dəfə mərhələ adlamasında Federikonun rolu danılmazdı. İki oyunda cəmi bir qol vuruldu ki, onun da müəllifi məhz braziliyalıdı.
Ancaq Darionun bir eybəcər xüsusiyyəti var: tənbəllik istedadını açmağa imkan vermir. Allah eləməmiş dırnağı sına, bunu o qədər şişirdər ki, sanki mina üstünə çıxmış kəşfiyatçı hər iki ayağını itirib. Bu cür xasiyyətdə insanlara el arasında “vasvası”, “qızbibi” deyirlər.
Ötən mövsümün ortasında zədələnən Dario bir də yaşıl meydanlara çıxmadı. “Kəpəz” rəhbərliyi isə onun məvacibini müqaviləyə uyğun olaraq, vaxtaşırı ödədi. Düşünmək olardı ki, braziliyalı Gəncə təmsilçisinin bu jestinə cavab olaraq, cari mövsümdə mənəvi borcunu qaytarmaq üçün alışıb-yanacaq. Ancaq sən saydığını say, gör, Federiko nə sayır?
8-ci turda ölkə futbolunda yaşananlar üzərində “süni örtüklü meydançaların fəsadları”mövzusunda diplom müdafiəsi etmək olardı. Birdən-birə 3 futbolçu eyni – “qasığ nahiyəsində əzələ dartılması” diaqnozu ilə sıradan çıxdı. “Qəbələ”dən Rəşad Sadiqovla Baqali Daboya “Kəpəz”dən Dario Federiko qoşuldu. Bu cür zədələrin bərpası 2-3 həftə çəkir. Ən maraqlısı bilirsiniz nədi? Sadiqovla Dabo çoxdan sıraya dönüblər. Dario isə hələ də xumarlanmaqdadı. Ay kişi, bu zədənin bərpası üçün 2 həftə vaxt tələb olunur! Ağır formada olduqda isə 3 həftə.
“Kəpəz”in AZAL səfərindən isə 1 aydan çox vaxt ötüb. Dario müəllim hələ də “zədəliyəm” bəhanəsini gətirərək, meydana çıxmaqdan yayınır. Açığı, Gəncə təmsilçisinin rəhbərliyinin səbrinə heyran qalmamaq olmur. Külək azacıq bərk əsən kimi yatağa yıxılan futbolçuya hansı ağılla maaş verirlər?
Statistikaya baxaq: ötən mövsüm 11 oyuna çıxan yarımmüdafiəçi bu çempionatda 8 dəfə meydana qədəm basıb. Ümumilikdə 48 qarşılaşmadan cəmi 19-da forma geyinən Dario de-fakto məvacibinin 39,5 faizini haqq edib. Qalan 60,5 faizini isə müftə yeyib.
Azərbaycanda futbolçular daha cəlbedici təklif alarkən, adətən bu cür hərəkətlərə əl atırlar. Ki, çıxış etdikləri klub müqaviləyə xitam versin və azad agent statusu ilə başqa komandaya keçsinlər. Ancaq bu oyunçunu görüb tanıyan hansı ağlı başında olan ölkə klubu Darioya qucaq açar?! Hər halda, Dario kimi futbolçuları yedirtməklə heç bir klub irəli gedə bilməz. Yəqin ki, göstərdiyimiz 39 faizlik statistika həm “Kəpəz” rəhbərliyinin gözünü açar, həm də Darionun potensial müştərilərinin.




Fikirlərini bizimlə bölüş!