Dambrauskas niyə azarkeşləri günahlandırır ki?!
Əlbəttə, “Sabah”ın Çempionlar Liqasındakı ilk ev oyununda inamlı qələbə qazanması sevindiricidir (2:0). Komanda çox möhtəşəm çıxış etdi və layiqli şəkildə qalib gəldi.
Oyundan sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransındakı açıqlamalarını ingiliscə dinlədim. Yəqin ki, sinxrondan azərbaycancaya düz-əməlli tərcümə olunmayıb. Bəlkə də Tomaş Vlçekin açıqlamaları kimi kəsib-doğrayıblar.
Amma eşidilən bu idi ki, Dambrauskas mətbuat konfransına başlar-başlamaz tribunalardakı azarkeş sayı ilə bağlı narazı tərzdə açıqlamalar səsləndirirdi.
Əvvəlcə inanmadım. Daha sonra xüsusi proqramla açıqlamaları çevirdim: Həqiqətən də kifayət qədər narazı idi. Həmin açıqlamaları şərh bölümünə yerləşdirirəm.
Nə demək olar? Yenə nə isə yazsam, başqa cür başa düşüləcək. Amma fakt budur ki, “4 oyuna 1 bilet” kampaniyasının acı nəticəsi tribunalardakı boşluqlarda göründü. Çünki əksər azarkeşlər 35 manatlıq bileti 4 oyuna yox, “Barselona”, müəyyən qədər də “Borussiya Dortmund”la qarşılaşma üçün alıblar,
“Slaviya” ilə oyuna azarkeşi 35 manata yox, 5 manata, ən uzağı 10 manata cəlb etmək olardı. Bu gün tribunalardakı boş qalan oturacaqların yiyəsi 35 manata tutulmuşdu, sadəcə, özləri bu oyuna gəlməmişdilər. Çünki “Barselona” ilə matçı gözləyirlər. Nəylərinə lazımdır “Slaviya Praqa” ilə oyun?
Guya 50 mindən çox azarkeş var imiş. Harda idi 50 min tamaşaçı?
Ona görə də Dambrauskas azarkeşləri yox, ilk növbədə, öz klubunun rəhbərliyini günahlandırsın.
Sonda Dambrauskasın üz ifadələrindən də göründüyü kimi, narazı və təəssüf dolu açıqlamalarını paylaşırıq.
Mövzu üzrə digər yazılar: Sabah dosyesi.




Fikirlərini bizimlə bölüş!