Azərbaycan futbolu

Xəbərlər və təhlillər

5 litr çaxır

Uzun müddətdi yox idim. Uzun müddət deyəndə ki, 10 gün-filan. Tanıyanlar bilir mənim üçün 10 gün “facebook”da olmamaq necə böyük hadisədi. “Facebook”da olmamaq o deməkdi ki, bütün dünyadan təcrid olursan, heç nədən xəbərin olmur. Əslində, yaxşı bir şeydi, kitab-zad oxuyurdum. Nəysə, qayıtdım “facebook”a, dedim bir köşə də yazım. Bütün saytları ələk-vələk elədim, maraqlı heç nə tapmadım. Çempionatda fasilədi, klublar, hakimlər, PFL çıxıb gedib Antalyaya.

Allaha şükür, pulumuz çoxdu. Təlim-məşq toplanışları Antalyada-zadda olur, hər klub oyunçu alıb, heyətini gücləndirir. “Bakı”nın bazasında Nurlan Novruzovu “dollar” şəklində görürlər.

Allah qoysa, Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Düzdü, bu aralar neftin qiyməti bir az aşağı düşüb, amma bunun bizə heç bir dəxli yoxdu. ABŞ-ın ağzını cırarıq, Rusiyanın pətəyini dağıdarıq. Yəni hər şey zordu. “Futbolçularımız da maşallah, qaz vurur, qazan doldurur” deməyə başlamışdım ki, bir xəbər başlığı gördüm: “Göyəzən”də 30 dollara oynayan futbolçular var”. Açıb xəbəri oxudum ki, bəs birinci divizionda iştirak edən “Göyəzən”in ən çox maaş alan oyunçusu ayda 70-80 manat alır. Xəbəri oxuyanda atama dedim ki, bəs belə-belə də, bu oyunçular bu qədər maaş alır. Bir az fikirləşdi, fikirləşdi, qayıdıb dedi ki, utanmırsan, məzələnirsən mənlə? Deyirəm, ay ata, ciddi xəbərdi ee. Yenə bir az fikirəşib, bu dəfə dedi ki, ola bilsin adları gedir, maaş yazılır, amma oynamırlar, yoxsa 30 dollara futbol oynamaq olar?

Ağlabatan söhbət idi, 150-200 manat maaş alan həkim və müəllimi başa düşdük, rüşvətdən-zaddan alıb, birtəhər dolanırlar. Bəs bu 70-80 manat maaş alan “futbolçu” necə dolanır? Ümumiyyətlə, bu adam niyə futbol oynayır? Sözün düzü, sonra başa düşdüm ki, atam da mənimlə məzələnib. Adları gedir nədi, a kişi? Hə, pensiyaya çıxmaq üçün adlarını yazdırıblar, elə bil dövlət işi zaddı.

Qazax yaxşı yerdədi, sərhəddədi, ayda 4-5 dəfə sərhədi keçib Gürcüstandan 5 litr çaxır alıb, gəlib Bakıda satsalar, daha yaxşı qazanarlar. Ümid edirəm ki, futbolçular bu yazını oxuyacaq və məsləhətimə qulaq asacaqlar.

Başqa xəbər də oxudum. “Şuşa”nın baş məşqçisi, prezidenti, vitse-prezidenti, müşaviri, masajisti, stadionunun direktoru, qapıçısı, hələ bilmədiyimiz bir neçə vəzifəsini yerinə yetirən Nadir Qasımov deyib ki, “Şuşa”nın adını dəyişib “Şuşa Qarabağ” qoyuruq ki, qarabağlı pullu kişilər bizə sponsorluq eləsinlər. O vaxt kanallarımızda “manıs” verilişləri var idi ee, irəli çıxıb “hacı filankəsdən, kərbəlayi filankəsdən, filankəslərdən, filan icra başçısından səs gözlüyürəm” deyirdilər, lap ona bənzədi. Nadir müəllimi qınamıram, Azərbaycandakı bir çox klub “səsi olmayan seksi müğənni”, prezidentləri və ya sahibləri də “onları saxlayan “bazbrudlu kişi” obrazında olduğu üçün belə deməsi yetərincə normaldı.

Bütün bunların fonunda Ramin Musayev deyir ki, növbəti mövsümdə Premyer Liqadakı klubların sayını 12 edəcəyik. İki ay qabaq, 12-ci turda fəaliyyətini dayandıran “Araz Naxçıvan” elə bil heç bizim çempionatda oynamırdı. “Araz Naxçıvan” fəaliyyətini dayandırıb, “Bakı” Nurlan Novruzovu “dollar” şəklində görür, “Xəzər Lənkəran” əvəzedicilərə güvənir, “Neftçi” onun günündə…

Ramin Musayev də deyir ki, çempionatda 12 klub iştirak edəcək. Bəlkə də Ramin müəllimlə biz başqa-başqa çempionatları izləyirik. Yəni onun biz baxdığımız çempionatdan, bizim də onun rəhbərlik etdiyi çempionatdan xəbərimiz yoxdu. Daha inandırıcı versiyası olan varsa, buyursun yazsın, gözləyirəm.

Fikirlərini bizimlə bölüş!