Futbolun bəzəyi qoldur. Bunu deməklə özümdən yeni nəsə kəşf etmirəm. Məndən əvvəl deyiblər, sonra da deyəcəklər. Doğrudan da futbolun bəzəyi qoldur. İllahda ki, son dəqiqələrində vurula.
Yəqin ki, bir qədər yaşlı futbol azarkeşləri 1999/2000-ci il mövsümündə Çempionlar Liqasının finalını xatırlayır. “Bavariya” ilə “Mançester Yunayted” arasında keçirilən möhtəşəm oyunu deyirəm. Əslində, həmin oyun adi finallardan biri idi. Yaddaşlarda əbədi qalmasına səbəb isə, hakimin təyin etdiyi əlavə vaxtda Teddi Şeringem və Ule Qunnar Solskyayerin vurduğu qollar idi. 90+1 və 90+3-də.
Çox uzağa getməyək, millimizin Serbiya üzərində 2:1 hesablı qələbəsini də yəqin ki, xatırlayırsınız. “Şəfa”da keçirilən həmin oyundakı hesabda geri olan komandamızın hücumçusu Fərrux İsmayılovun ifasındakı qolu nəzərdə tuturam. 90+4-də. Futbolun bəzəyi qoldur. İllahda ki, 90+-də vurulanda.
Amma hərdən bu bəzək təzəyə dönür. Elə Preymer Liqada 20-ci turunda olduğu kimi. Əslində son dəqiqələrdə vurulan qollar axıra kimi mübarizədən, qələbə ehtirasından xəbər verir. Təəssüf ki, bizim birincilikdə isə çox vaxt qalmaqallara səbəb olur.
Başlayaq, “Xəzər Lənkəran” – “Neftçi” oyunundan. Kiçik bir haşiyə çıxacam. Bir neçə il əvvəl həmkarlarımdan biri “Fənərbaxça” – “Qalatasaray” oyunundan əvvəl məndən matçın hansı hesabla nəticələnəcəyini soruşdu. Cavab verməkdə çətinlik çəkdim – hansı komandanın qalib gələcəyini təxmin edə bilməsəm də, oyunda qırmızı vərəqənin qaçılmaz olduğunu söylədim. Eynən “Xəzər Lənkəran” – “Neftçi” oyununda olduğu kimi.
Təəssüf ki, bu komandaların qarşılaşmalarında çox vaxt qırmızı vərəqənin şahidi oluruq. Özü də 90+-də. Bu dəfə də istisna deyildi. Skarlatakenin 90+4-də vurduğu qol oyunun bəzəyi olsa da, qoldan sonra Rəhim Həsənovun birdən-birə 3 futbolçunu meydandan qovması oyunu təzəyə çevirdi.
Düzü, burada Rəhimlik bir şey yox idi, qaydalara uyğun işini görürdlü. Daha sonra “Neftçi” rəsmiləri, o cümlədən komandanın baş məşqçisi Böyükağa Hacıyev hakimi günahlandırdı. Adamdan soruşarlar, təpik atan hakim idi? Bəlkə, azarkeşlərə barmaq göstərən Rəhim Həsənov idi?
Yaxud götürək “Rəvan” – “İnter” oyununu. Burada da 90+4-də qol vuruldu. Amma bayaqkı oyundan fərqli olaraq, bu dəfəki qolda hakimin birbaşa rolu var idi. Rauf Cabbarovun əlavə vaxtda verdiyi penalti qərarından sonra ara qarışdı, məzhəb itdi.
“Rəvan” rəsmiləri hakimi qərəzli idarəçilikdə, haqsız olaraq penalti təyin etməkdə günahlandırdı. Hətta həmin oyundan sonra klubun vitse-prezidenti Bəhruz Şirəliyevlə söhbətimdə söz vermişdim ki, epizodu gördükdən, bir neçə keçmiş hakimlə məsləhətləşdikdən sonra nəsə deyə bilərəm. Bəhruz müəllimə pis xəbərim var – referi haqlı idi. Vaqif Cavadova toxunuş var idi və hakimin penalti qərarı doğru idi.
Amma gəlin, məsələyə başqa prizmadan yanaşaq – görəsən, “Xəzər Lənkəran” – “Neftçi” oyununda hər iki komandanın və ya elə “Rəvan” – “İnter” matçında qonaqların qapısı qarşısında eynilə bu cür epizod baş versəydi, Rauf Cabbarov penalti təyin edərdimi? Çətin.
Bu mövsüm “Rəvan”a qarşı hakim səhvləri bir deyil, iki deyil. Bunu ki, hakimlər məndən yaxşı bilir. Azından Antalyadakı təlim-məşq toplanışı vaxtı dərslərdə mübahisəli epizodlar zamanı hamımız bunun şahidi olmuşuq.
“Rəvan” autsayder olanda nə olur? Gərək canaq həmişə onların başında çatlasın? Nəhayət bir qədər də AZAL – “Sumqayıt” oyunu barədə. Bu qarşılaşmada da son dəqiqələrdə qol vuruldu. Doğrudur, 90+ olmasa da, əsas vaxtın bitiminə 1 dəqiqə qalmış sumqayıtlılar hesabı bərabərləşdirə bildilər.
Oyundan sonra AZAL tərəfi hakim Elvin Əsgərovu qərəzçilikdə günahlandırdı. Hətta müəyyən epizodlarda hakimin verdiyi səhv qərarlarla bağlı PFL-ə etiraz da bildirdi. PFL-də eləmədi tənbəllik, həmin epizodlara cavab verdi. Amma hamısına yox, özlərinə sərf edənə. Həmin videogörüntülərə baxanda gülməli mənzərə yaranırdı. Epizodların yarısında AZAL, yarısında isə PFL haqlı idi. Kimə lazım idi özünü biabır etmək? Nə isə…
Elvin Əsgərovun idarəçiliyinə gəlincə… Yenə də hakimlərin Antalyadakı toplanışını yada salacam. Cənab Əsgərov, axı orada qaydalardan dərs geçibsiniz. Axı, toplanışın son günündə imtahan veribsiniz. Hələ də bilmirsiniz ki, komandalar oyuna mərkəzdən başlayanda bütün futbolçular meydanın özlərinə aid olan hissəsində olmalıdılar? Çox hörmətli PFL! Əgər AZAL-ın etiraz etdiyi epizodlarda onların “neprav” çıxarırsınızsa, niyə haqlı epizodlara da münasibət bildirmirsiniz?
Və nəhayət, ey AZAL klubunun epizodları hazırlayan başbilənləri! Etiraz edəndə heç olmasa bilin nəyə etiraz edirsiniz? Bəlkə “neprav” çıxmaq xoşunuza gəlir?
Gəlmirsə, arada atalar sözlərini yada salın. Yadınıza düşmürsə, birini mən xatırladım – “Yüz ölç, bir biç”. Yazımı futbolla… üzr istəyirəm, “Mançester Yunayted”lə başlamışdım, elə onlarla da bitirəcəm. İngiltərə Preymer Liqasında ötən bazar “Fulhem”lə oyunda qonaqların vurduğu qol meydan sahiblərini qələbədən etdi – 2:2. Özü də 90+4-də. Nəsə, həmin oyundan sonra nə hakimlərə etiraz bildirildi, nə də futbolçular sillə-təpik atdılar. Əsl futbol və əsl futbol bəzəyi.




Fikirlərini bizimlə bölüş!