Adıgözəlov gilin “Moneyball strategiyası”

Adıgözəlov gilin “Moneyball strategiyası” — illüstrasiya

“Sabah”ın prezidenti Maqsud Adıgözəlov müsahibə verib, deyib ki, biz klubun inkişafında “Moneyball strategiyası”ından istifadə etdik.

Şərhlərdə müəllimi təzə savadlı söz işlətməklə əlaqədar təbrik ediblər. Ancaq nə jurnalistin əlavəsində, nə də elə şərhlərdə bu nəmənə anlayışdı, nə strategiyadır, nə fəlsəfədi?! – izahatını görə bilmədim. Ona görə də, zərurət bilib, paylaşım dedim:

Futbolda “Moneyball” fəlsəfəsi sadə dillə belədir: ən məşhur və ya ən bahalı futbolçunu almaq yox, bazarın düzgün qiymətləndirmədiyi futbolçunu tapıb ondan maksimum idman və maliyyə dəyəri yaratmaq.

Termin əslində beysboldan gəlir. “Oklend Atletiks” klubu Billy Beane dövründə böyük büdcəli rəqiblərlə yarışmaq üçün ənənəvi skaut baxışından əlavə statistik göstəricilərdən istifadə edib və bazarda lazımi qədər qiymətləndirilməyən oyunçuları seçirdi. Məqsəd “ən yaxşı oyunçu kimdir” sualından çox “xərclədiyim hər 1 dollar qarşılığında mənə ən çox nəticəni kim verir” sualına cavab tapmaq idi.

“Moneyball” sözünün ingiliscədən tərcüməsi özü axmaq, anlamsız bir məna verir: “Pul topu” və ya “Pul+top”.

Əslində bu, xüsusi olaraq yaradılmış bir termindir. Mənası təxminən:

“Pulun imkanlarını statistik və kontekst məlumatları ilə ağıllı istifadə edərək, rəqiblərdən fərqli, daha səmərəli nəticə əldə etmək.”

Termin, Maykl Levisin 2003-cü ildə nəşr olunan “Moneyball: The Art of Winning an Unfair Game” kitabının adı ilə məşhurlaşdı. Kitab “Oklend Atletiks” beysbol komandasının məhdud büdcə ilə daha varlı komandalarla rəqabət aparmaq üçün analitik yanaşmadan istifadə etməsindən bəhs edir.

Futbola uyğunlaşdırsaq: “az pulla daha çox futbol dəyəri yaratmaq” fəlsəfəsi kimi izah oluna bilər.

Futbolda bunun qarşılığı xüsusilə transfer və skautinqdə ortaya çıxır. Məsələn, 3 milyon avroluq tanınmış bir cinah oyunçusu ilə 300 min avroya alınacaq az tanınmış futbolçu arasında statistika, yaş, oyun üslubu və inkişaf potensialına görə real fərq çox azdırsa, “Moneyball” fəlsəfəsinin içindəsiniz.

Əsas prinsip budur:

Bazar dəyəri ≠ futbolçunun real dəyəri.

Məsələn, bir hücumçunun 15 qol vurmasına baxıb onu avtomatik yaxşı transfer hesab etmək “Moneyball” deyil. Analiz daha dərinə gedər: neçə dəqiqəyə bir qol vurur, xG-si nə qədərdir, zərbələrinin keyfiyyəti necədir, komanda ona neçə qol şansı yaradır, topsuz qaçışları necədir, pressinqdə nə verir, hansı liqada oynayır, yaşı neçədir və həmin göstəricilər başqa liqaya nə qədər uyğun gələ bilər və.s. Yəni statistika yalnız filtrdir; məqsəd gizli dəyəri tapmaqdır. Bu da peşəkar skautinq hissetmə, görmə qabiliyyətlərinə bağlı amildir.

Çünki futbol beysboldan daha mürəkkəb və kontekstdən asılı oyundur. Eyni statistik göstərici fərqli taktiki sistemlərdə tam fərqli məna verə bilər. Akademik ədəbiyyatda da idman analitikasının ənənəvi qiymətləndirməni tamamilə əvəz etməkdən çox, qərarverməni gücləndirməsi vurğulanır.

Bu yanaşmanın beynəlxalq futbolda ən çox əlaqələndirildiyi klublardan “Brentford” və “Brayton”u nümunə göstərə bilərik. Bu klublar transfer bazarında data əsaslı seçim, az qiymətləndirilmiş oyunçuların tapılması və sonradan daha yüksək qiymətə satılması ilə tanınırlar.

Adıgözəlov gilin “Moneyball strategiyası” — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!