Azərbaycan futbolu

Xəbərlər və təhlillər

AFFA get-gedə nüfuzunu itirir

Klubların əksəriyyəti yeni sistemi qəbul etmir

Fevralın 12-də AFFA-nın Futbol Akademiyasında qurumun baş katibi Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev və yığmanın baş məşqçisi Berti Foqtsla premyer-liqa iştirakçılarının çalışdırıcıları arasında görüş keçirildiyini bilirsiz. Yalnız “Qə-bələ” və “Bakı”nın təmsilçilərinin iştirak etmədiyi tədbirdə İcraiyyə Komitəsinin (İK) premyer-liqanın 2014/15 mövsümü üçün legioner limitiylə bağlı qəbul etdiyi qərar müzaki-rə olunub. Nəticədə İK-nın martın 7-də keçiriləcək iclasında bu məsələnin müzakirəyə çı-xarılması razılaşdırılıb. Həmin iclasda klub məşqçilərinin mövqeyini “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla “Xəzər Lənkəran”ın çalışdırıcısı Mustafa Dənizli qo-ruyacaq.

Bəs görəsən, bu məsələnin yenidən gündəmə gətirilməsinə lüzum var idi? Niyə İK qəbul etdi-yi qərarı yenidən müzakirə obyektinə çevirir? Martın 7-də legioner limitiylə bağlı hər hansı dəyişiklik baş verə bilərmi? Bu suallara cavab tapmaq üçün bəzi məqamlara göz atma-ğa dəyər.

İclasa qatılmayanlar fərqli fikirdədi

Ancaq gəlin bu suallara cavab tapmazdan öncə son iclasda təmsil olunmayan klublara müra-ciət edək. Olmaya “Qəbələ” və “Bakı” üçün bu tədbirin ciddi önəmi yoxdu. Əvvəlcə bölgə klubuna üzümüzü çevirdik. “Qırmızı-qaralar”dan öyrəndik ki, Yuri Syomin həmin gün səh-hətiylə bağlı problem yaşadığından iclasa qatıla bilməyib. Tədbirə yalnız baş məşqçi-lər dəvət olunduğundan klub rəhbərliyindən heç kim görüşə getməyib. Bununla belə, “Qəbə-lə”nin bu məsələylə bağlı mövqeyini klubun baş meneceri Zaur Əzizovdan öyrənə bildik: “Biz belə fikirləşirik ki, cari limit sistemi saxlanılsa, daha münasib olar. 21 yaşadək iki futbolçunun meydana çıxması zərurəti komandanın səviyyəsinə təsirsiz ötüşməyəcək. Gənc futbolçuların mövsümboyu ağır mübarizəyə tab gətirməsi reallıqdan uzaqdı. Düzdü, bizdə 1992-93 təvəllüdlü istedadlı futbolçular yetərincədi. Onların bir neçə ildən sonra əsas yığmanın üzvlərinə çevriləcəklərinə inanırıq. Ancaq bu qərarın onların əleyhinə işləyəcəyini düşünürük”.

“Bakı”dan isə vitse-prezident Yaşar Seyidovla danışdıq: “Milinko Pantiç məşq qrafikinə görə iclasa qatıla bilmədi. Halbuki biz AFFA-ya həmin qrafiki göndərmişdik. Yalnız baş məşqçi çağırıldığından klub rəsmilərindən heç kim ora getmədi. Limitlə bağlı İK-nın qərarını dəstəkləyirik. Bu, futbolumuzun inkişafı üçün müsbət addım olacaq”.

AFFA nüfuzunu itirir

Ötən il avqustun 14-də AFFA-nın inzibati binasında İK-nın iclası keçirildi və 12 qərar qəbul olundu. Bu qərarlardan biri də legioner limitinin növbəti mövsüm üçün 6 (legioner) + 5 (yerli) sistemi üzrə müəyyənləşdirilməsi idi. Özü də yerlilərdən ən azı ikisi 21 ya-şadək olmalıydı. Hələ o vaxt İK-nın bu qərarının böyük mübahisə obyektinə çevriləcəyi-ni, hətta uzaqgörənlik edib qərara yenidən baxıla biləcəyini qeyd etmişdik. Çünki təcrü-bəyə əsaslanıb bu iddianı irəli sürmüşdük. Axı dəfələrlə İK qəbul etdiyi qərarı sonra-dan dəyişmək məcburiyyətində qalıb. Heç uzağa boylanmağa ehtiyac yoxdu. Elə avqustun 14-də keçirilən iclasda İK ötən ilin martında qəbul etdiyi qərarı dəyişdi. Belə ki, birinci divizionda 2013/14 mövsümü üçün 21 yaşadək 8 futbolçunun meydana çıxması tələbi aşağı dəstə təmsilçilərinin kəskin narazılığından sonra 6-ya endirildi. Bu da bizim futbol başbilənlərimizin cəmləşdiyi İK-nın acınacaqlı durumundan xəbər verir. Görünən odu ki, 11 nəfərdən ibarət heyət bir qərarı çox səthi düşünərək qəbul edir. Nə klubların, nə futbolçuların, nə azarkeşlərin, nə də ictimaiyyətin maraqları uzlaşdırılır. Nəticədə mübahisəli, zərəri xeyrindən çox olan qərarlar sonradan dəyişdirilir ki, bu da həm İK-nın, həm də AFFA-nın imicinə böyük zərbə vurur. Ali qurum getdikcə nüfuzunu itirir. Ar-tıq futbol ictimaiyyəti AFFA-nı qeyri-ciddi qurum sayır. Buna görə də kimsəni qınamağa dəyməz. Düşünülməmiş qərarların verilməsi davam etdiyi müddətdə bu münasibətin dəyi-şiləcəyi də real deyil.

Klubların marağı nəzərə alınmayıb

Hərçənd bu işdə bir “amma” var. Belə ki, avqustun 14-də keçirilən iclasda İK-nın bütün üzvləri iştirak etməyib. 11 üzvdən 8-i – Rövnəq Abdullayev, Elşad Nəsirov, Mirkamil Rəhi-mov, Mahir Məmmədov, İsgəndər Cavadov, Ələkbər Məmmədov, Hafiz Məmmədov və Rauf Əli-yev qərarları qəbul edənlərdisə, Kazbek Tuayev, Cahangir Hacıyev və Elmar Qasımov ölkə xaricində olduqlarından iclasa qatıla bilməyib. Beləliklə, həmin iclasda klubların ma-rağından çox yığmanın baş məşqçisi Berti Foqts və U-21-in çalışdırıcısı Bernard Lip-pertin istəyinin reallaşdığı görünür.

Əksəriyyət yeni limitdən narazıdı

Bu gün üçün növbəti mövsüm üçün qəbul olunmuş limitin yalnız 3 klub tərəfindən dəstək-ləndiyini deyə bilərik. AFFA-nın qərarlarını “ləbbeyk” deyib qəbul edən “Bakı”nın və ye-tərincə gənc futbolçusu olan “Sumqayıt”ın etirazçılar sırasına qoşulmaması başadüşü-ləndi. Belə baxanda, 21 yaşadək iki futbolçunun meydana çıxmasının “Neftçi” üçün də elə bir “isti-soyuğu” yoxdu. Yerli futbolçuları oturuşan “ağ-qaralar”ın növbəti mövsüm üçün sıxıntı yaşamayacağını qətiyyətlə söyləyə bilərik. Ancaq başqaları üçün bu limitin ba-şağrı verəcəyi bəlli məsələdi. Söhbət heç də yerlilərin sayından getmir. Daxili yarış-da 5 yerli futbolçuyla meydana çıxmaq premyer-liqa klubları üçün ciddi problem olmaz. Təbii, 1-2 komandanı istisna etsək. Söhbət birdən-birə iki gənc futbolçunu döyüşə atmaq-dan gedir. Bax, bu məsələdə “Kərəmi ağlamaq tutur”. Bu üzdən əksəriyyət cari sistemlə yola davam etməyi dəstəkləyir.

Elə olsun, yoxsa belə?

İK-nın martın 7-də çətin seçim qarşısında olacağı dəqiqdi. Yuxarı tüpürsə bığ, aşağı tü-pürsə saqqal. Başbilənlər birinci divizionla bağlı limit məsələsində geri addım atdığı kimi, 6+5 sistemini dəyişsə, onların ciddiliyinə və futbol savadına şübhəylə yanaşan-ların sayı artacaq. Bu həm də ictimaiyyətdə AFFA-nın hökmünü icra edə bilməməsi və klubların tələbləri qarşısında aciz qalması təəssüratını oyadacaq. Digər tərəfdən, qəra-rını dəyişməsə, klubların marağı tapdanmış olacaq. Bəs görəsən, hansı variant daha məq-buldu?

Əlbəttə, ilk baxışdan gənclərin daha sürətlə inkişafı, əsas və gənclər yığmamızın baza-sının gücləndirilməsi üçün yayda qəbul olunmuş sistem daha münasibdi. Gənclərin prem-yer-liqa təcrübəsi qazanması, yerli futbolçuların oyun praktikasından əziyyət çəkməməsi tərəqqi üçün mütləq şərtdi. Bu da var ki, bizdə bu sistem uğurla işləmir. Daha doğrusu, ays-berqin görünməyən üzü fərqli mənzərəni qarşımızda açır. Xatırlayırsızsa, bir neçə il öncə legioner limiti daha sərt idi. Komandalar meydanda yalnız 4 əcnəbi futbolçunun xid-mətindən yararlana bilirdi. Belədə yerli futbolçulara tələbat birə-beş artdı. Nəticədə süni qiymət artımı yaşandı. Bir çox oyunçular “limitə görə komandanın mənə ehtiyacı var, əvəzedilməzəm” düşüncəsiylə üzərlərində işləmədi. Nəticədə futbolumuzda durğunluq dövrü yaşandı. İndi isə gənc nəsildə “şişmə” prosesi gedir. Bəlkə də bir çoxlarına qəribə gələcək, amma məhz bu limitdən arxayınlaşan bəzi gənc futbolçular özlərindən yaşca bö-yük olanlara söz qaytarır, intizam qaydalarını pozur, “artırmaq” haqda yox, daha müasir maşın almaq, əyləncə, eyş-işrət və başqa məsələlərlə bağlı bir-biriləriylə rəqabət apa-rırlar. Bir sözlə, bizimkilərin əksəriyyəti peşəkarlıqdan uzaq olduqlarından limitlə bağlı hər hansı sistemi yaxşıca saf-çürük etdikdən, təhlillər apardıqdan sonra qəbul et-mək lazımdı. Bizə indi gözləmək qalır. Görək İK martın 7-də hansı addımı atacaq.|Futbol+

Fikirlərini bizimlə bölüş!