AFFA “sandığı bağlı” saxlaya bilmədi… “pambıq” “futbol tarlasına” səpələndi. Ölkə mətbuatının illərlə bar-bar bağırdığı oyun alveri məsələsini gizlətmək limiti tükəndi. Məsələyə UEFA müdaxilə etdi və AFFA daim pərdələndiyi “əlimizdə sübut yoxdu” kozırını kənara atmalı oldu. Əslində, araşdırsaydılar, çoxdan belə bir siyahı ortaya çıxardı. Ancaq ya özlərinə sərf etmirdi, ya maraqlarına zidd idi, ya da “ağrımayan başıma niyə dəsmal çəkim” deyib, yaxalarını kənara çəkdilər.
Bəs, necə oldu ki, AFFA “budağından bar aldığı” “ağac”ı kəsmək qərarını verdi?
UEFA-dan daxil olan, lakin assosiasiya tərəfindən dərc edilməyən konfidensial məktubda AFFA-nın bu gün tətbiq etdiyi siyahıdakı futbolçuların oyun alqı-satqısında iştirak etdiyi göstərilib. Bəli, KİV-in xəbərdarlıqlarını qulaqardına vurub, yan keçmək mümkün oldu. Ancaq UEFA beynəlxalq qurumdu, onlarla zarafatın yekunu ölkənin diskvalifikasiyası deməkdi ki, belədə, bir çox poqonlar uça bilər.
Beləliklə, ibtidai istintaq qaçılmaz olub və “iyirmi dördlər”in siyahısı açıqlanmalı olub. Çünki Avropanın ali qurumu araşdırmaların yekununu tələb edəcək. Deməli, “dar ağacı” qaçılmazdı. Özü də “başları üzülməli” olan əsas qəhrəmanlar “24”-lər deyil. Çünki adları hallananların 22-si icraçı – yəni, meydanda göstərişləri həyata keçirənlərdi. Onlar da bunu özbaşına etməyiblər.
Hələliksə, gəlin digər “duet” – hakim Anar Niyazov və “Şahdağ”ın inzibatçısı Rafael Kübərovdan bəhs edək. Niyazovun 1-ci divizion oyunlarına “barmaq” etdiyini hətta Banqladeş Futbol Federasiyasında da bilirlər. Təsadüfə bir bax. Hamının danışılmış olması barədə bar-bar bağırdığı “Göyəzən” – “Şahdağ” qarşılaşmasının baş hakimi Anar Niyazov olub. Xəbəriniz yoxdu, onu həmin görüşə təyin edən kim olmuşdu? Məgər bunu ortaya çıxarmaq üçün UEFA-dan siyahı gəlməli idi? Qərəz, Anar Niyazovun AFFA-nın bayrağı altında keçiriləcək bütün yarışlardan ömürlük kənarlaşdırılacağı heç bir şübhə doğurmur.
O ki qaldı “Şahdağ”ın inzibatçısına, burda da təəccüblü bir şey yoxdu. Çünki həmin komandanı hələ ötən mövsüm oyunçu alveri sübuta yetirilən Adil Mahmudov çalışdırırdı. Yeri gəlmişkən, məhz “Göyəzən”lə qarşılaşmadan sonra Mahmudov “çemodanlarını qoltuğuna vurub” yola salındı.
İndi isə qayıdaq 22 futbolçu-alverçimizə. Onların hamısının bu hoqqalara getdiklərini iddia etmək düzgün olmaz. Ola bilər ki, bir neçəsi həqiqətən təmizə çıxsın. Ancaq bu da faktdı ki, adları çəkilənlərdən başqa hələ neçə-neçə işbaz futbolçular kölgədə qalıb. Lakin araşdırma bununla bitməyəcək. Əldə etdiyimiz informasiyaya görə, AFFA-nın yaratdığı xüsusi komissiya “24”-ləri bir-bir assosiasiyanın binasına dəvət edib, onlardan izahat alacaq. İzahatın da məğzi əsasən bir sualın cavabını almağa köklənəcək: “Oyunun nəticəsini sizə sifariş verən kim olub?”.
Bəs, “24”-lər “Allaha and olsun heç vaxt bu işlərə qol qoymamışam”, “Getdiyimiz müqəddəs torpaqlar gözümü kor eləsin, əgər bircə dəfə də olsa oyun alqı-satqısına getmişəmsə”, cavabını verib, tapşırıqları kimdən aldıqlarını deməsələr necə? Həə, “onda “xiyar əyri bitəcək”. Belədə, siyahıda adları çəkilən “qəhrəmanlar” hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaqlar. Belədə, hansı aqibətlə üzləşəcəklərini söyləməyə isə ehtiyac yoxdu. Deməli, “bıçaq sümüyə dirənib”. “Kilkələr balinalar”ın adlarını açıqlamaq məcburiyyətində qalacaqlar. Özü də bu proses uzun sürə bilməz. Axı, UEFA aylarla gözləmək fikrində deyil. İpucu verilib və “balinalar”ın adları açıqlanmalıdı.
Hələ ki, qanunvericilikdə oyunların manipulyasiyası ilə məşğul olanlara qarşı heç bir hüquqi cəza olmadığı üçün, yəqin ki, heç kim “dəmir barmaqlıqlar” arxasına göndərilməyəcək. Lakin hər şey bir neçə gün öncə yazdığımıza doğru gedir: qışda bir neçə klub 1-ci diviziondan kənarlaşdırılacaq.
Ceyhun ƏLİYEV




Fikirlərini bizimlə bölüş!