Məlum olduğu kimi, Azərbaycan futbolunda ilk dəfə yeni təşviq mexanizmi tətbiq olunub və bu çərçivədə klublara ödənişlər edilib.
Ödənişlərin həyata keçirilməsi ilə bağlı məlumatı ilk olaraq Peşəkar Futbol Liqası yayıb.
Məlumatda qeyd olunub ki, Azərbaycan Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu klublar arasında bölüşdürülüb.
PFL-in məlumatında qeyd olunub ki, İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun həcmi minimum 1 milyon manat olaraq nəzərdə tutulsa da, Peşəkar Futbol Liqası tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb.
Bundan bir neçə sonra isə AFFA açıqlama yayıb. AFFA-nın yaydığı açıqlama PFL-in məlumatı ilə oxşar olsa da, iki xüsusi məqam diqqət çəkib.
Bunlardan birincisi, AFFA tərəfindən toplanmış vəsaitin 1 milyon 500 min manatlıq hissəsinin Peşəkar Futbol Liqasının büdcəsində saxlanılmasına icazə verilməsi ilə bağlı qeyddir.
İkincisi isə, “AFFA ilə Peşəkar Futbol Liqası arasında çempionatın təşkili və keçirilməsi ilə bağlı müqaviləyə uyğun olaraq, AFFA İntizam Komitəsinin tətbiq etdiyi maliyyə sanksiyalarından, eləcə də legioner futbolçular üzrə müəyyən edilmiş rüsumlardan formalaşan vəsaitlərin Peşəkar Futbol Liqasının büdcəsinə daxil edilməsinə AFFA tərəfindən səlahiyyət verilib” cümləsidir ki, bu da ölkənin ali futbol qurumunun müəyyən narazılığını dilə gətirməsi kimi anlaşılır.
Bonus fondu və PFL-də saxlanılan vəsait barədə mənbə: AFFA-nın rəsmi açıqlaması.
Belə başa düşülür ki, ölkənin ali futbol qurumu PFL-i ictimaiyyətə sanki birtərəfli və öz reklamına hesablanmış məlumat çatdırmaqda qınayır və AFFA-nın əsas narazılığına səbəb məsələ “1 milyon nəzərdə tutulsa da, Peşəkar Futbol Liqası tərəfindən klublara 2.6 milyon manat köçürülüb” cümləsindəki detaldır.
Hər halda bir məsələ ilə bağlı iki qurumun açıqlama yayması, AFFA-nın öz məlumatında təfərrüata varması bunu düşünməyə əsas verir.
AFFA açıqlamasında ona işarə edir ki, bu məbləğ əslində, PFL-in deyil, asossasiyanındır və sadəcə, klublara köçürülməsinin icrası bu quruma icazə verilib.
Yekunda belə aydın olur ki, AFFA-da legioner rüsumu üzrə ümumilikdə 4.1 milyon manat yığılıb, bunun 2.6 milyonu klublara ödənilib, qalan 1.5 milyon manata isə PFL-in bücəsində qalmasına razılıq verilib.
Bu məsələdən də aydın olur ki, PFL ilə AFFA arasında ciddi koordinasiya problemi var. Bunun isə son dövrlərdə PFL-in ləğv olunub-olunmaması ilə bağlı müzakirələr fonunda yarandığını düşünmək olar.
Qeyd edək ki, iyulun sonlarına doğru Peşəkar Futbol Liqasının prezidenti postuna yeni seçkilər keçiriləcək. PFL-in hazırkı prezidenti Elxan Səmədovu indidən çətin sınaq gözlədiyini demək olar.
Mövzu üzrə digər yazılar: AFFA və futbol idarəçiliyi dosyesi.


Fikirlərini bizimlə bölüş!