Azərbaycan futbolu

Xəbərlər və təhlillər

AFFA-nın büdcəsinin «milli təmizliyi» 2014-cü ildə pul sel kimi axacaq

Martın 7-də AFFA-nın 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirildi. İllik hesabatdan məlum olur ki, AFFA ötən il 20 milyon manat vəsait xərcləyib. Olduqca böyük rəqəmdi.
Hesabatdan göründüyü kimi, AFFA bu vəsaitin təxminən yarısını milli komandalara sərf edib.

Uzaq Amerika səfərinin «uzaqgörən» strategiyası

Biz dəfələrlə vurğulamışıq ki, milli komandalar AFFA rəhbərliyi üçün «çirkli vəsait»in yuyulması baxımından ən münasib məkandı. AFFA rəsmiləri alman mütəxəssislərə verdiyi fantastik məvacib, futbolçulara ödənilən ağlasığmaz mükafatlar hesabına qurumun büdcəsini demək olar ki, burda «təmizləyir».
Qurumun gəlirlərinin xərclərindən çox olduğunu nəzərə alsaq, növbəti seçmə mərhələdə mükafatların məbləği daha da artırıla bilər. Onu da yaddan çıxarmayaq ki, mətbuatda mükafat məsələsiylə bağlı söz-söhbətlər daim səslənib. Elə bu yaxınlarda bildirilmişdi ki, federasiya futbolçulara verdiyi mükafatın müəyyən hissəsini sonradan geri alır. Geri alınan hissə «yuyulmuş vəsait» sayılır. Deyilənlərə görə, alman mütəxəssislər də onlara ödənilən məvacibin müəyyən bir qismini AFFA rəsmilərindən kimlərinsə bank hesabına qaytarır. 2014-cü ildə AFFA-nın büdcəsini talamaq tendensiyası davam etdiriləcək. Millinin uzaq Amerika səfəri də bu əməliyyatın tərkib hissəsi olacaq.

Bahalı otellər, delikates qidalar

AFFA-nın maliyyə hesabatından aydın olur ki, qurum aviabilet və otel xərcləri üçün təxminən 800 min manat xərcləyib. Təbii ki, o aviabiletlərlə AFFA məmurları harasa uçublar. O otellərdə də onlar qalıblar. “Hara və nəyə görə gediblər” sualı isə açıq qalır. Bir halda ki, uşaq məşqçilərinin seminarına da baş katibin katibəsi göndərilir, onda o vəsaitin hara getdiyi məlumdu. Onu da qeyd edək ki, AFFA rəsmilərinin və qohumlarının səyahəti aviabilet və otel xərcləriylə yekunlaşmır. Buna görə onlara məvacib və ezamiyyət xərcləri də verilir ki, bu da kifayət qədər böyük məbləğdi – iki milyon manatdan yuxarı. AFFA keyterinq xidməti üçün də nə az, nə çox, düz 250 min manat xərcləyib. Qeyd edək ki, keyterinq yeməklərin hazırlanması və sifarişçiyə çatdırılması xidmətidi. Belə çıxır ki, AFFA-nın il ərzində bir diviziya qonaq-qarası olub. Bu qədər yeməyi ancaq bir ordu həzmi-rabedən keçirə bilərdi. AFFA-nın nəqliyyat xərclərinə sərf etdiyi vəsait də olduqca müəmmalıdı. Qurum nəqliyyat xərclərinə (maraqlıdı, təyyarə nəqliyyat vasitəsi sayılmır ki, AFFA aviabilet xərclərini nəqliyyat xərclərindən ayırıb? Bu özü də müəmmalıdı) təxminən 400 min manat xərcləyib. Avropa ölkələrində ən bahalı avtomobilləri sifariş versən də, bu məbləğin yarısını xərcləmək olmaz. Federasiya isə qonaqların daşınması üçün adi avtobuslara bu qədər vəsait xərcləyib. Xərcləyibmi? Araşdırma aparılsa, məlum olacaq ki, AFFA-nın sifariş verdiyi avtobuslar qurum rəhbərlərinə məxsus şirkətindi.

Divar kağızı, Balaxanı zibilliyi və digər xərclər

AFFA «Futbol dünyası» qəzetinə (təəccüblənməyin, həqiqətən də belə qəzet var, ən azı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib) 216 min manat vəsait xərcləyib. Təsəvvür edirsiz, varlığı ilə yoxluğundan kimsənin xəbərdar olmadığı, heç kimin oxumadığı, Azərbaycan futbolunun problemlərini işıqlandırmayan, AFFA məmurlarının fəaliyyətiylə bağlı təriflər yazan, futbolun iyrənc «inkişaf» göstəricisini uyduran bir qəzetə ayda nə az, nə çox, düz 18 min manat vəsait ayrılıb. Rövnəq Abdullayevin bir dəfə də vərəqləmədiyi (onsuz da oxuya bilmir), yalnız “Neftçi”nin, digər klubların bazasında stolun üzərinə qoyulan bir qəzetə bu qədər vəsait niyə xərclənməlidi? Niyə xalqdan oğurlanan bu vəsait Azərbaycan idmanının təbliğatı ilə məşğul olan gerçək idman mətbuatına yox, “Futbol dünyası” qəzetinə ayrılmalıdı? Azərbaycan futbolunun ciddi problemlərini qabardan, futbolun inkişafı ilə bağlı təklif və layihələr irəli sürən yeganə qəzet olan “Komanda”nın illik büdcəsi hansısa divar kağızı üçün cəmisi bir ayda niyə xərclənməlidi?
«Futbol dünyası» kimi bir qəzeti yemləmək AFFA rəsmilərinin nəyinə lazımdı? Güman ki, bu da federasiyanın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğluna olan hədiyyədi. O da bu vasitəylə müəyyən vəsaiti «yuyur».
AFFA-nın açıqladığı maliyyə hesabatında bir müəmmalı bənd də (müəmmasız bənd oldu ki?) var. Bu da «digər xərclər» bəndidi. AFFA digər xərclər üçün 600 min manat xərcləyib. Digər xərclər nədən ibarətdi? O nə xərclərdi ki, az qala bir milyon dollar tutur? Bəlkə “Futbol dünyası” qəzetinin Balaxanı zibilliyində yandırılmasına sərf olunur bu vəsait? Ya da AFFA-nın baş katibi Elxan Məmmədovun bəslədiyi jurnalistlərə verilən vəsait «digər xərclər»ə daxildi. Hər şey ola bilər. Amma bu «digər xərclər» nə mənədisə, “yağlı” xərclərdi. Özü də “digər xərclər” olduqca rahat “yuyulur”.
Hesabatdan aydın görünür ki, Azərbaycanda futbol olmasa da, AFFA futbolun inkişafı ilə bağlı heç bir addım atmasa da, qurum rəsmiləri yaxşı “təmizlik” işləri görüblər. AFFA-nın motoru “təmizlik” suyunu “napor”la vurur. AFFA rəhbərliyi də Azərbaycanı və onun futbolunu vurur.

Natiq MUXTARLI

Fikirlərini bizimlə bölüş!