Azərbaycan futbolu

Xəbərlər və təhlillər

AFFA-nın bivec övladları

Hər atanın övladları ilə bağlı müəyyən planları, arzuları olur. Adam özünün çatmadığı zirvələri övladlarının fəth edəcəyinə dair ümidlərlə yaşayır, özünün yaşadığı problemlərlə övladlarının üzləşməsini istəmir.

Yəqin bütün bunlar bioloji ata – övlad münasibətləri üçün xarakterikdi. AFFA ilə saxladığı klubları isə bioloji yox, istisnasız maliyyə münasibətləri bağlayır. Bağlayır deyəndə ki… İllərdi “Keşlə”, “Sumqayıt” kimi bivec klubların yaşaması naminə milyonlar səpələnir, Zaur Axundov, Riad Rəfiyev kimi adamlar bir neçə vəzifədə otura-otura, əslində bir vəzifənin də məsuliyyətinin altından çıxa bilmirlər.

Sırf statistika baxımından yanaşsaq, ötən illə müqayisədə faciəvi heç nə baş verməyib. Ötən yay AFFA-nın bu ildən övladlığa götürdüyü “Qəbələ” və qurumun əziz-xələf balası “Səbail” ilk mərhələdə büdrəmişdisə, bu yay estafeti onlardan “Keşlə” ilə “Sumqayıt” qəbul etdi. Acı mənzərə budu ki, Qurban Qurbanov və “Qarabağ” ardıcıl 11 ildi ölkənin əmsal daxılını zənginləşdirsə də, hər il belə cüvəllağı klublar ortaya düşüb, yığılanı zay edirlər, özləri də ölkəyə heç nə qazandırmırlar.

Yadınızdadısa, pandemiya dövründə, xüsusən də ölkədaxili yarışların taleyi ilə bağlı mənasız qərar veriləndən sonra daim qışqırırdıq ki, avrokubok iştirakçıları bunun əziyyətini çəkəcək. Artıq görünən kəndə bələdçi lazım deyil: “Qarabağ”dan başqa heç biri oyunu ilə göz qamaşdırmır, oyun səviyyəsi ciddi şəkildə aşağı düşüb. “Qarabağ”ın uğurlarından sallanan Ramin Musayev, Elxan Məmmədov və başqaları isə özünə qoy çəki-düzən versin, bu, sizin çempionatın meyvəsi deyil, istisnasız və qeyd-şərtsiz “Azərsun”un maliyyə dəstəyi ilə Qurban hocanın fədakarlığının sintezidi. Azərbaycan futbolu və futbolçusu ilə bağlı təsəvvürləri illər öncə dəyişən Qurbanov fenomendi. Bəs 2-ci fenomeni hardan tapaq?

Daha doğrusu, sualı belə qoyaq: kim 2-ci fenomen ola bilər? Bəlkə Yunis Hüseynov? Son günlərin Hüseynovunu izləyəndə bir adamın futbolçu kimi qazandığı xətir-hörməti məşqçi kimi necə ayaqlar altına ata biləcəyinə dair klassik nümunə görürəm. Təsəvvür edin ki, adam oyunöncəsi mətbuat konfransında rəqib haqda danışarkən “orta sahədə olan təhlükəli oyunçuları da var” deyir, nə nömrə bilir, nə də ad-soyad. Elə həmin konfransda həmkarımın Kristovao haqda sualının cavabında “heç bir futbolçu mənə əsəbləşə bilməz” deyir, amma ertəsi penalti vurmağa futbolçu tapmır. Ən nəhayət, rəqibin baş məşqçisinə ünvanladığınız “qol epizodlarımızı görməyibsə, eynək taxmalıdı” ifadəsi sanki öz boyunuza biçilib, Yunis bəy. Şəxsən mən öz komandasının və rəqibin oyunçularını yaxından tanımayan adamın eynək taxmasının daha məqsədəuyğun olduğunu düşünürəm.

Hüseynovdan danışıb, Ayxan Abbasovu unutmaq ədalətsizlik olardı. Bir müddət öncə qəzetimizə açıqlamasında az qala bütün yerli həmkarlarını aşağılamaq eşqinə düşmüş, “sizə bizdən qat-qat imkanlı, büdcəsi 15-16 milyon manat olan klubların zəif ölkələrin təmsilçilərinə məğlub olmaları ilə bağlı yüzlərlə misal çəkə bilərəm” demişdi. Ayxan bəy, yığmanın oyunlarına görə fasilə yaranıb, indi vaxtınız çoxdu, o misalları toplayın, imkan tapanda prezident, yoxsa menecer olduğu bilinməyən Riad Rəfiyevə də göstərin. Amma mənim sizə bir maraqlı sualım da var, daha doğrusu, özümə maraqlı görünən mətləbə aydınlıq gətirmək istəyirəm: ən yaxşı döyüşçülər qoşundan ayrıldığı halda, sərkərdə özünün maaşının artırılmasına nail olub qalırsa, döyüşdə məğlubiyyətə görə hansısa məsuliyyət daşıyırmı? Həmkarlarınızın avrokubok nəticələrinin statistikasını öyrənmək dərəcəsində fərasət sahibisizsə, heç şübhəsiz, sualımda gizlənən incə mənanı da tutacaqsız.

Klubları ilk mərhələdə mübarizəni dayandıran ölkənin futbolsevərləri yığmadan nəsə gözləməkdə haqlıdımı? Canni De Byazinin heyətlə bağlı qəribə seçimlərini də nəzərə alsaq, mənə elə gəlir ki, yox. Təəssüf ki, nikbin nəticəyə ümid etmək üçün əsas tapmaq çətindi. Bəlkə də növbəti iki seçmə oyundan sonra AFFA-nın bivec övladları sırasına yığmanı da qoşmalı olacam. Amma yığma tək AFFA-nın yox, hamımızın övladı. Çox ağrıdacaq…
HUŞƏNG

Fikirlərini bizimlə bölüş!