Azərbaycan futbolu

Xəbərlər və təhlillər

AĞ-QARA FİLM

“Neftçi”də prezident Sadıq Sadıqovun istefası, sturktur dəyişikliyi, Müşahidə Şurasının yaradılması və bu şuranın, faktiki olaraq, klubun rəhbərliyinə xalq yazıçısı Çingiz Abdullayevin gətirilməsi xəbəri ictimaiyyətdə ciddi ajiotaj yaratdı. Bu sətirlər qələmə alına qədər ölkənin ən yaşlı futbol klubunun ofisinin dəhlizlərində hansı hadisələrin yaşandığı hələ bəlli deyil, hər kəs xəbər gözləyir… Fürsətdir ki, 78 yaşlı klubun tarixinə nəzər salasan və onun bütün prezidentlərini xatırlayasan.

Aydın İbrahimov

Doğum tarixi: 17.09.1938

Rəhbərlik etdiyi müddət: 1988 – 1997

Titulları: Azərbaycan çempionu (1992, 1996, 1997), Azərbaycan kuboku (1995, 1996)

1988-ci ildə SSRİ-də yenidənqurmanın təsiri ilə “Neftçi” də digər klublar kimi tarixinin 51-ci ilində peşəkar futbol klubu statusu aldı və ilk prezidenti seçildi (buna qədər klubda belə bir vəzifə yox idi və komanda birbaşa olaraq, Mərkəzi Komitədən idarə olunurdu). Bu posta 1960-cı illərdə dünya güləşində “at oynadan” – dünya və Avropa çempionu, 1964-cü il Olimpiya oyunlarının bürünc mükafatçısı Aydın İbrahimov gətirildi. Onun fəaliyyəti dövründə klub SSRİ çempionatının Güclülər dəstəsinə vəsiqə qazana bilməsə də, müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi oldu, sonra isə daha iki dəfə ölkənin ən güclüsü adını qazandı.

Aqil Paşayev

Doğum tarixi: 01.05.1947 – 15.04.2005

Rəhbərlik etdiyi müddət: 1997 – 2001

Titulları: Azərbaycan kuboku (1999)

Aqil Paşayevin rəhbərliyi dövründə “Neftçi” milli çempionatda ciddi uğurlar qazana bilməsə də, mərhum prezident klubu faktiki olaraq, iflasdan xilas etdi. 1997-ci ildə “Neftçi” bölünmə ərəfəsində idi. İki qüvvənin mübarizəsindən məhz Paşayev qalib ayrıldı və “ağ-qaralar”ın maliyyə vəziyyətini yaxşılaşdırdı. Onun ən böyük xidmətlərindən biri 90-cı illərin əvvəllərindən Odessada yaşayan Əhməd Ələsgərovu “Neftçi”yə qaytarması oldu. Təcrübəli mütəxəssis gözləniləni verə bilməyib missiyasını bitirmədən ölkəni yenidən tərk etməsinə rəğmən…

Ramiz Mirzəyev

Doğum tarixi: 27.10.1954 – 30.10.2007

Rəhbərlik etdiyi müddət: 2001 – 2003

Titulları: –

O dövrləri çətin ki azarkeşlər xoş hisslərlə xatırlasın. Azərbaycan futbolunda hakimiyyət davası, başında Ramiz Mirzəyevin rəhbərlik etdiyi “Neftçi” gələn qiyamçı klublar, yarımçıq qalmış çempionat… Mirzəyevin prezidentliyi dövründə “ağ-qaralar” doğru-düzgün rəsmi matça da çıxmadı. Buna görə də onun fəaliyyətinə qiymət vermək olduqca çətindir.

Rövnəq Abdullayev

Doğum tarixi: 03.04.1965

Rəhbərlik etdiyi müddət: 2004 – 2008

Titulları: Azərbaycan çempionu (2004, 2005), Azərbaycan kuboku (2004), Birlik Kuboku (2006)

Rövnəq Abdullayevi inamla bugünkü “Neftçi”nin “atası” hesab etmək olar. Məhz hazırkı AFFA prezidentinin rəhbərliyi dövründə “Neftçi”də bir neçə önəmli hadisə yaşandı: klub tarixindəki ilk loqonun rebrendinqi ilə artıq 10 ilə yaxın idi imtina etdiyi doğma ağ-qara rənglərinə döndü, ölkənin ən yaxşı futbolçuları heyətə cəlb edildilər və müstəqillik dövründə ilk dəfə Ağasəlim Mircavadov baş məşqçi təyin olundu. Nəticələr göz önündədir: çempionluqlar, avrokuboklarda parlaq çıxış, Birlik kuboku.

Əkbər Hacıyev

Doğum tarixi: 04.01.1972

Rəhbərlik etdiyi müddət: 2008-2010

Titulları: –

Əkbər Hacıyev də Ramiz Mirzəyev kimi “Neftçi”yə “Azərneftyağ” Neft Emalı Zavodundan gəldi və fəaliyyəti onun kimi uğursuz alındı. Hacıyevin rəhbərliyi dövründə “ağ-qaralar” ortabab kluba çevrilməklə yanaşı, Hans-Yürgen Gede kimi anlaşılmaz personaja qucaq açdı. Bu prezident kluba sakit gəldi, sakit də getdi.

Sadıq Sadıqov

Doğum tarixi: 09.11.1965

Rəhbərlik etdiyi müddət: 2010 –

Titulları: Azərbaycan çempionu (2011, 2012, 2013), Azərbaycan kuboku (2013, 2014)

Sadıq Sadıqov isə əksinə – səs-küylə gəldi. Deyəsən, elə səs-küylə də gedir. Onun rəhbərliyi zamanında “Neftçi”nin yaşadığı qalmaqallar saymaqla bitməz, amma ortada nəticə də var: 3 çempionluq, kuboklar, parlaq futbolçular və ən əsası – Avropa Liqası zəfəri. Kluba hansı ad-soyadlı, hansı sənətin sahibi olan şəxsin rəhbərliyinin elə bir önəmi yoxdur. Çünki prezidentin əvəzinə nəticələr danışır. Amma digər tərəfdən ölkənin ən köklü və uğurlu klubu kimi “Neftçi” öz adı ətrafında müsbət aura formalaşdırmalıdır. Klubun bu gün məhz buna ehtiyacı var.

Fikirlərini bizimlə bölüş!