Hər zaman sevə-sevə baxdığımız "Bizim Cəbiş müəllim" filmi dövrünün digər ekran əsərləri kimi, əvvəldən-axıradək dəyərli aforizmlərlə, düşündürən gülüş səhnələriylə zəngindi. Belə epizodların biri Cəbiş müəllimin qonşusu alverçi Əbülfəzin bazarda hinduşka satarkən patrula rast gəlməsidi. Quşun ona məxsus olmadığını inadla təkrarlayan Əbülfəzin davranışları patrulu xeyli şübhələndirir. Daha sonra patrulun "ay yoldaş, sənədlərini göstər" tələbinin qarşısında Əbülfəz cibindən bir yığın kağız çıxarır. Hər kağız parçasını təqdim etdikcə də izahat verir: "Bu mənim azad olmağım haqda kağız, bu arayış, bu da mənim "qrijam". Bu "qribki", yəni ayağımda göbələk var, bu da ki, sidik kisəmdə daş var…"
Əminəm ki, həmin epiozdu siz də xatırladız və indi dodağınıza təbəssüm, üzünüzə gülüş qondu. Lap yaxşı, gülmək insana müsbət enerji bəxş edir. Necə ki, mən hər dəfə bizim veteranlarımızın, Məşqçilər Komitəsinin üzvlərinin açıqlamalarını oxuyanda, məğlubiyyətə don geydirmək, eləcə də kiçik qələbələri mədh etmək cəhdlərini görəndə eyni hissləri keçirirəm, onların bu halına acı-acı gülümsəyirəm.
"Bizim Cəbiş müəllim" filmindəki bəhs etdiyim epizodu isə Məşqçilər Komitəsinin sədri, çox hörmətli Vaqif Sadıqovun qəzetimizin dünənki sayındakı sözlərini oxuyandan sonra xa-tırladım. Yadınızdadısa, AFFA-nın baş katibi Elxan Məmmədov və Məşqçilər Komitəsi üzvlərinin iştirakıyla baş tutan toplantıda U-21-in baş məşqçisi Yaşar Vahabzadədən hesabat sormuşdular. Avstriyaya 0:7 hesablı məğlubiyyətdən sonra belə bir toplantının keçirilməsi isə qaçılmaz idi. Ən azı gözdən pərdə asmaq üçün AFFA-nın inzibati binasında belə bir teatr tamaşası səhnəyə qoyulmalı, baş rejissorun tapşırıqlarına uyğun olaraq aktyorlar da ssena-ridəki rollarını oynamalıydılar. Həmin toplantıda komandanın nəticələrinə cavabdeh olanlar bir kənarda qaldı, bacarığını meydanda sərgiləyən, 90 dəqiqə ərzində topun dalınca qaçan futbolçular hədəfə çevrildi. U-21-in üzvlərinə gündəlik xərc kimi veriləcək pulları kəsməklə cəza tədbiri düşündülər. Həmin məntiqlə, gənclər yığmasının məşqçilərinin son 2-3 aydakı maaşları da ödənilməməlidi. Onlar hansı işi gördülər, futbolçulara nə öyrətdilər, Azərbaycan futboluna nə töhfə verdilər ki, maaş alsınlar?
Mənim kiminsə aldığı pulda gözüm yoxdu. Amma bir halda ki, Avstriyadan boynubükük qayıdan gənc futbolçuların günlük pulları kəsilir, aylardı papağını günə yandıran məşqçilərin də pul istəməyə üzləri olmamalıdı. Bunu təkcə biz yox, həm də Məşqçilər Komitəsinin üzvləri deməli, məntiqin tələblərini məsuliyyət sahiblərinə izah etməlidilər. Bəli, etmirlər. Heç bu-na həvəsli də deyillər. Qorxurlar ki, Yaşar Vahabzadə də eyni məntiqi onların qarşısına qoyar, "az qala bir ildi hərəniz bir yumşaq kreslonu altınıza çəkmisiz. Ölkələri gəzirsiz. Siz futbolumuza nə fayda vermisiz?" sualını komitə üzvlərinə ünvanlayar. Bizdə əlin əli yuduğu, həmin əlin də qayıdıb üzü yuduğu illərdən bəri sınanmış vasitələrdəndi. Elə həmin əllər də birləşib məlum toplantıda gündəmi dəyişmək üçün ortaya yeni mövzu atdılar. Avstriyaya səfər ərəfəsində U-21-in düşərgəsinə qoşulmayan, zədəli olduqlarını deyən futbolçulardan arayış tələb olundu. Dərhal bütün şübhələr düşərgəyə gəlməyən futbolçuların üzərinə yönəl-dildi, ürəklərə şübhə toxumları səpildi. "Hələ 21 yaşı tamam olmayan futbolçu ölkəsinin millisinin şərəfini qorumaq istəmirsə, sabah bir az daha püxtələşəndə, əlinə daha böyük məbləğdə pullar gələndə bizim aqibətimiz necə olacaq" deyə özümüzə suallar verməyə başladıq.
Sağ olsun, Vaqif bəy. Bizi bu nigaranlıqdan qurtardı. Onun həmkarım Rəşadın sorğusuna cavab olaraq verdiyi açıqlamanı dəfələrlə oxudum. Yenidən birlikdə oxuyaq və rahatlaşaq: "Zədəli futbolçular hər biri bizə arayış təqdim etdi, biz də AFFA rəhbərliyinə məruzə etdik. Onlar doğrudan da yığmanın toplanışı dönəmində zədədən əziyyət çəkib. Odu ki, bu məsələdə qeyri-adi heç nə axtarmaq düzgün deyil".
Cənab Sadıqov elə danışıb ki, sanki futbolçulardan arayışı biz tələb edirmişik, onların düşərgəyə qoşulmamısında qeyri-adi nəsə axtaran biz mətbuat nümayəndələri imişik. Özləri axtarırdılar, özləri də tapdılar. Beləcə daha bir problem qansız-qadasız həll olundu. Eşq olsun, böyük ürək və dərin ağıl sahiblərinə. Amma bir məsələni dəqiq bilmədik. Görəsən, futbolçuların təqdim etdiyi arayışlar Cəbiş müəllimin qonşusu Əbülfəzin cibindəki kağızların oxşarı deyil ki?




Fikirlərini bizimlə bölüş!