Azərbaycan futbolu

Xəbərlər və təhlillər

AT BELİNDƏ “Qarabağ”ın bütün çempionluqları

“Qarabağ” ardıcıl ikinci, tarixində isə 3-cü dəfə Azərbaycan çempionatının qalibi oldu. Ağdam klubunun bütün çempionluqlarını və tarixdə iz qoymuş 1996/97 mövsümünü xatırlayaq.

1993

Göstəricilər: 18 matç, 9 qələbə, 7 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 23:11

Bombardir: Müşfiq Hüseynov – 6 qol (17 oyun)

Optimal heyət: Cəmaləddin Əliyev – Aslan Kərimov, Səttar Əliyev, Zaur Qarayev, Məmməd Məmmədov – Elşad Xudadatov, Yaşar Hüseynov, Təbriz Həsənov, Mehman Alışanov – Mahir Əliyev, Müşfiq Hüseynov

Baş məşqçi: Ağasəlim Mircavadov

İllər keçsə də, payız-yaz sisteminə keçmək üçün qısa müddətdə oynanılan 1993 mövsümündəki bu çempionluq unudulmaz. Və məsələ təkcə komandanın tarixində ilk çempionluğu bayram etməsi deyil. Məsələ necə və hansı şərtlərdə etməsidir. Qarabağ müharibəsinin qızğın çağında, Ağdam ətrafında gedən döyüşlərdəki silah səsi altında. Komanda Sumqayıt “Xəzər”ini final matçında (turnir hərəsində 10 komanda olmaqla 2 qrupda keçirilirdi; qaliblər bir matçdan ibarət yarımfinal və final oynayırdılar) 1:0 yenərək, bundan əvvəl qazandığı ölkə kubokuna çempionluğu da əlavə elədi. İyulun 23-də isə Ağdam işğal olundu…

1996/97

Göstəricilər: 30 matç, 23 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 61:26

Bombardir: Nazim Əliyev – 17 qol (29 oyun)

Optimal heyət: Cəmaləddin Əliyev – Aslan Kərimov, Tərlan Əhmədov, Elşad Əhmədov, Emin Salmanov – Elmir Xankişiyev, Mirbağır İsayev, Yaşar Hüseynov, Bəxtiyar Musayev – Nazim Əliyev, Müşfiq Hüseynov

Baş məşqçi: Elbrus Abbasov

Azərbaycan çempionatları tarixində bir neçə mübahisəli mövsüm olub, amma həlli UEFA-ya qədər gedib çıxanı məhz 1996/97 mövsümü idi. Məsələ bundadır ki, əsas komandaların turnirində “Neftçi” “Qarabağ”ı 3 xal qabaqlayıb çempion adını qazanmışdı. Lakin AFFA-nın əsasnaməsinə görə o zaman bu xallara uşaq komandaların çempionatının nəticələrinə əsasən verilən bonus xallar da əlavə edildi. Nəticədə 86 balı olan “Qarabağ” 1-ci, 84,5 (!) balı olan “Neftçi” isə ikinci oldu. AFFA-nın əsasnaməsinə görə. UEFA bu formatı tanımayıb çempionluğu bakılılara verdi.

2013/14

Göstəricilər: 36 matç, 21 qələbə, 9 heç-heçə, 6 məğlubiyyət, top fərqi – 66:21

Bombardir: Reynaldo Silva – 22 qol (31 oyun)

Optimal heyət: İbrahim Şehiç – Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Ansi Aqolli – Qara Qarayev, Riçard Almeyda, Muarem Muarem, Çumbinyo, Leroy Corc – Reynaldo

Baş məşqçi: Qurban Qurbanov

Böyük klubun geri dönüşü. “Qarabağ” 21 il idi ki, çempion ola bilmirdi. Buna qədər 3 dəfə qızıl medallara çox yaxınlaşsa da. Klub rəhbərliyinin Qurban Qurbanova etimadı və səbri, Şehiç, Sadıqov, Almeyda və Reynaldo kimi futbolçuların bir sırada olması ağdamlıların çempionluğunu şərtləndirdi. Çoxlarının fikrincə ötən mövsümük “Qarabağ” Azərbaycan futbolunun müstəqillik tarixinin ən yaxşı komandasıdır.

2014/15 (34-cü tura)

Göstəricilər: 31 matç, 20 qələbə, 8 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 50:26

Bombardir: Reynaldo Silva – 10 qol (24 oyun)

Optimal heyət: İbrahim Şehiç – Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Ansi Aqolli – Qara Qarayev, Riçard Almeyda, Muarem Muarem, Vüqar Nadirov, Leroy Corc – Reynaldo

Baş məşqçi: Qurban Qurbanov

Çempionluğu saxlamaq daha çətin oldu. Bunu “Sumqayıt”la qızıl matçdan dərhal sonra Qurban Qurbanov da söylədi. Amma göstəricilər demək olar ki, identikdir: təxminən həmin heyət, eyni oyun tərzi, son 2 tur qalmış təmin olunan qızıl medallar.

Görək, 2015/16 mövsümü “Qarabağ”a nə gətirir? ÇL-in qrup mərhələsi? Niyə də yox?!

Rüstəm ƏFSƏRLİ

Fikirlərini bizimlə bölüş!