Qışın oğlan çağında Azərbaycan Premyer Liqasının qış fasiləsi sona çatır. Artıq şənbə günü 19-cu tura start veriləcək. Çempionat həlledici – 2-ci mərhələyə qədəm qoyacaq. Çempionat start götürməmişdən öncə, proqnozlaşdırıldığı kimi, qızıl medallar uğrunda mübarizə əsasən 2 komanda arasında gedəcək – “Qarabağ” və “Qəbələ”.
Doğrudu, mövsümün ilk yarısından sonra Ağdam təmsilçisi əsas rəqibini 10 xal arxada qoyur. Bu da faktdı ki,turnir cədvəlinə nəzər yetirdikdə sözügedən komandalar arasında daha 2 kollektiv – “İnter” və “Zirə” qərarlaşıb. Amma “bankirlər”in növbəti mövsüm avrokuboklardakı iştirakdan məhrum olmasından sonra qızıl medallar uğrunda mübarizə aparacaqları inandırıcı deyil. Elə klubun büdcəsi də “İnter”in əlayhinə işləyən faktorlardandı. Və ən nəhayət, rəhbərlikdə edilən məlum dəyişikliklər mənfi təsirini göstərməyə bilməz.
“Zirə”yə gəlincə, debütantın Premyer Liqada ilk ilindəcə son 2 mövsümün çempionu və 2 ən sabit komandasından birinə “əlcək atacağı” real deyil. Elə ifaçılar baxımından da (söhbət yerli oyunçulardan gedir), “Zirə” opponentlərinə uduzur. Bu da başa düşüləndi. Çünki təklif edilən puldan başqa, klubun imici və dayanıqlılığı da mühüm rol oynayır. “Zirə”nin isə sabahına heç kim təminat verə bilməz.
Xal ehtiyatına əsasən fikir irəli sürməli olsaq, iddiaçılar sırasına “Kəpəz”i də əlavə edə bilərik. Amma iqtisadi böhrandan sonra Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin klubdan əlini çəkməsini nəzərə alsaq, “sarı-göylər”in qızıl medallar uğrunda mübarizəyə qoşulacağını söyləyənlərə xəstə kimi baxarlar.
Göründüyü kimi, “atlılar”a qarşı “at oynatmaq” iddiasına yalnız “Qəbələ” düşə bilər. Bəs 10 xallıq fərqi aradan qaldırmaq realdımı? Qəbələ təmsilçisinin lehinə və əleyhinə işləyən amillərə nəzər salaq. Ötən il Roman Qrikorçukun komandası çempionatın sonlarına yaxın ardıcıl qələbələri sıralayaraq, turnir cədvəlinin alt pillələrini tərk edib, bürünc medallara sahib çıxmışdı. Başqa sözlə, Qriqorçuklu “Qəbələ” mövsümün 2-ci yarısını daha inamlı keçirməklə yadda qalır. Kluba üstünlük qazandıran daha bir məqam Avropa Liqasındakı çıxışını başa vurmasıdı. Aşkar görünürdü ki, ukraynalı mütəxəssisin komandası “iki cəbhə”də vuruşa bilmir. Daha doğrusu, avrokubok oyunlarından çempionata keçməkdə komandanın aşkar çətinlikləri sezilirdi. İndi isə vəziyyət daha rahatdı. “Qəbələ” bütün diqqətini çempionata yönəldəcək.
Qriqorçukun komandasının əleyhinə işləyən faktorlardan birincisi xal fərqidi. Liderdən 10 xal geri qalmaq az fora deyil. Daha bir məqam “Qarabağ”ın statusu ilə bağlıdı. Qurban Qurbanovun komandasında qalib psixologiyası formalaşıb. Bu da ən lazımlı anlarda həlledici məqama çevrilə bilir.
Tərəflərin heyətlərinə nəzər saldıqda, çempionun daha oturuşmuş komandaya sahib olduğunu söyləyə bilərik. Qış fasiləsində hər iki klubun heyətində yalnız kosmetik dəyişikliklər baş verdi. “Qarabağ” mövsümün ikinci yarısında Vladimir Dimitrovski, Eltun Yaqublu, Raydell Puppon, Vüqar Mustafayev, Namiq Ələsgərov və Çumbinyonun xidmətindən yararlanmayacaq. Adlarını çəkdiyimiz oyunçulardan yalnız Puppon və Çumbinyo cari mövsümdə Qurbanovun etimad göstərdiyi isimlər idi. Lakin braziliyalı zədədən sonra özünü göstərə bilmədi. Puppuna gəlincə, onun meydanda olmasındansa, olmamağı yaxşıdı. Göründüyü kimi, Ağdam klubu yola saldığı və ya icarəyə verdiyi futbolçulara görə əziyyət çəkməyəcək. Amma yenilər həqiqətən komandanı gücəndirmək iqtidarındadı. İlk növbədə söhbət Rahid Əmirquliyevlə Muarem Muaremdən gedir. Ancaq Muarem barədə mübət fikir söyləmək hələ tezdi. Hər halda, futbolçu yarım ildi oyun praktikasından əziyyət çəkir. Şahruddin Məhəmmədəliyevə gəlincə, bu, daha çox perspektivə hesablanmış transferdi. Fərhad Vəliyev karyerasını başa vurmaq üzərədi. İbrahim Şehiç də əbədi olaraq, Azərbaycanda qalan deyil. Məhəmmədəliyev isə Azərbaycan pasportuna sahib, U-21 yığmamızın qapıçısıdı. Yəqin ki, Qurban bəy artıq cari mövsümün gedişində hansısa oyunlarda ona şans tanıyacaq.
“Qəbələ” hələ ki, rəsmi transfer etməkdə tələsmir. Yalnız Rəşad Eyyubovun “Kəpəz”dən transferini qeyd etmək olar ki, bu futbolçunu da mühüm tapıntı kimi təqdim etmək mümkün deyil. Doğrudu, hələ braziliyalının nə edəcəyini gözləyirlər. Eyni zamanda Pavel Paşayevin də transferi gündəmdədi. Amma reallıq budu ki, “Qəbələ” qışda heyətinə oyunun taleyini həll edə bilən futbolçu qatmayıb. Komandadan ayrılanlara gəlincə, Tale Heydərovun sahibi olduğu klub Fakundo Pereyra, Derlis Meza Kolli, Vüqar Nadirov, Vaqif Cavadov və George Floresku ilə yolları ayırıb. Adlar kifayət qədər sanballıdı. Ancaq bu futbolçulardan yalnız Fakundo müsbət xüsusiyyətləri ilə seçilirdi. Digərləri isə Qriqorçukun ansamblında öz yerlərini tapa bilmədilər.
Qış fasiləsində “Qarabağ” 4 oyunda qüvvəsini sınadı. Bu oyunların ilk ikisində sevinən Qurban Qurbanovun yetirmələri, digər iki qarşılaşmadan məğlub ayrılıb. Doğrudu, ağdamlılar uduzduqları matçların hər ikisini eyni gündə keçirib.
Türkiyə toplanışında 3 yoxlama matçı keçirən “Qəbələ” də rəmzi “heç-heçə”yə imza atıb: 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət. Ancaq yoxlama oyunlarına söykənərək, hansısa fikir irəli sürmək mümkünsüzdü.
Yekunlaşdıraq və qiymət şkalası ilə hesablamaya son qoyaq.
1) Transfer dönəmində “Qəbələ” nisbətən zəifləyib, “Qarabağ” azacıq da olsun güclənib. “Qəbələ”: -1; “Qarabağ”: +1
2) Yoxlama görüşlərinin çempionata prinsipial təsiri yoxdu: “Qəbələ”: 0; “Qarabağ”: 0
3) Çempionatın 2-ci yarısında Qriqorçukun komandası daha çox xal toplamağı bacarır, “Qarabağ” isə cari mövsümdə “qara zolağ”a hələ ki, düşməyib. “Qəbələ”: +1; “Qarabağ”: -1
4) Turnir cədvəlindəki fərqi aradan qaldırmaq üçün “Qarabağ” üzərində hər iki oyunda qalib gəlmək də yetməyəcək və “Qəbələ” ağdamlıların digər qarşılaşmalarda da büdrəməsinə ümid etməlidi. “Qəbələ”: 0; “Qarabağ”: +2
Rəqəmlərlə əks etdirdiyimiz şans araşdırmasında “Qarabağ” rəqibini 2 xal üstələyir. Əlbəttə, biz nəzəri cəhətdən şansları dəyərləndirdik. Praktika isə həftəsonundan başlayacaq.




Fikirlərini bizimlə bölüş!