1. Avropa səviyyəli futbol matçlarının təşkilində xeyli inkişaf gördük. “Qarabağ”ın Çempionlar Liqasındakı ev oyunlarında baş verən nöqsanlar faktiki olaraq tam aradan qaldırılmışdı. Oyunu izləyən əcnəbi dostlarımın hər biri bunu ayrıca vurğuladılar. Həmin oyunlardan sonra stadion və onun ətrafında infrastruktur da xeyli inkişaf etdirilib.
2. Bu cür mötəbər yarışın yüksək səviyyədə təşkilinə görə başımız ucadır və haqlı olaraq fəxr edirik.
3. Fəxr etməyə layiq olmayan və başı yerə girəsi yeganə tərəf varsa o da futbolumuzun inkişafına cavabdeh olan AFFA və digər futbol qurumlarıdır. Mxitaryanla bağlı hadisələr göstərdi ki, bir futbolçu nə dərəcədə güclü təbliğat maşını ola və ölkəsinə xeyir verə bilər. Ölkənin beynəlxalq imici və diplomatiyası üçün bu əvəzolunmaz sərmayədir. Mxitaryanı söyənlər bir də AFFA-nı söyməlidir ki, son 20 ildə bir dənə də normal Avropa səviyyəli futbolçu yetişmir. Əgər Bakhtiyar Hajiyevdən Peruda Mxitaryan olayını soruşub Azərbaycanı qınayırlarsa təsəvvür edin bir futbolçu ölkəmizin imicinə nə qədər zərbə vurub. Stadionlara, küçələrə çıxıb baxsınlar ki, ölkədə nə qədər istedadlı futbolçu var, amma onlar fiziki və psixoloji cəhətdən düzgün hazırlanmır deyə, sonradan bu istedadlar ölkə hüdudlarını aşa bilmir. Deməli, futbolçu var, onu inkişaf etdirən sistem yoxdur.
4. Olimpiya stadionu həddindən çox böyükdür və belə oyunlardan zövq almaq üçün uyğun yer deyil. Meydança tribunalardan çox uzaqdır və buna görə artıq tənqidlər eşitdik də.
5. Nolub ay camaat! “Arsenal”ın məğlubiyyətini elə bayram edirlər ki, elə bil Qarabağı alıblar. Bu iki olay arasında zərrə qədər də əlaqə yoxdur. Torpaqlarımız hələ də işğal altındadır və “Çelsi” finalda 10 qol vursa da ermənilər bir qarış torpaq boşaldan deyildi.




Fikirlərini bizimlə bölüş!