Hələ də içimdə bir qorxu var ki, Zelenka ortaya çıxıb Qarabağın qrupa düşməsinin qarşısını alacaq. Çoxlarımız kimi, mən də hələ olanlara inana bilmirəm.
Futbol ictimaiyyətimiz bir kompleksdən qurtuldu. Başqa vaxt uğurlu klub modeli kimi BATE-nı, nə bilim Astananı göstərirdik. Zaman göstərdi ki, ən düzgün iş elə Qarabağda qurulub. Foqts, Lippert və onların burdakı fanatları da neçə illərdi teoriya irəli sürür ki azərbaycanlılar futbol oynaya bilmir. Bu da cavabı! 35 yaşlı Rəşad Sadıqov da, 19 yaşlı Mahir Mədətov və digərləri sizə əla cavab verdi. Start heyətdə cəmi 4 yerli futbolçumuz çıxış edir? Əbləhlər bir gedin baxın Dortmund Borussiyasınin son oyununda neçə alman çıxış edib…
Bu yolda klubun səhvləri da olub, bu səhvlərə görə klub dəfələrlə tənqid da olunub. Qurban Qurbanovun da ən böyük tənqidçilərdənəm elə özüm olmuşam. Çünki böyük hədəfləri olan klub Rəvandan, İordaniya çempionatından futbolçu almaz. Dvali, Kapolonqo, Opara kimilərlə uğur qazanılmaz!
Lakin son 3 ildə Qarabağ tənqid üçün heç bir səbəb vermədi. Həm komanda, həm klub olaraq çox inkişaf elədilər. Buna görə təkcə Qurban Qurbanov və futbolçularına deyil, klub idarəçilərinə minnətdar olmalıyıq.
Qarabağ klubunda hərə öz işi ilə məşğuldu. Çörəyi çörəkçiyə veriblər.Müşahidə Şurası? Klubun direktoru Emrah Çelikəl bir dəfə çox düzgün deyib ki, bəs bizdə Müşahidə Şurası çoxdandı mövcüddür. Oturub yığışırıq, ən vacib məsələləri bir yerdə müzakirə edirik.
Elə digər klublarda şuradakılar da çoxlu müzakirələr edir. Ancaq Qarabağdan fərqli olaraq, fikirlərini real həyatda tətbiq edə bilmirlər. Bunun üçün gərək klubda futbolu bilən kadrlar olsun. Mənə görə Asif, Nurlan Avropanın istənilən klubda işləməyə qadir olan mütəxəssislərdi.
Dünənki uğur məhz klub işinin nəticəsidi. Bir məşqçiyə güvənərək, onu sona qədər dəstəklədilər. Nəticədə Qurban Qurbanov timsalında bu gün Avropa səviyyəli məşqçimiz var. Sayın görək AFFA-nın kurslarında nə qədər məşqçi yetişib? Bu gün ciddi məqsədləri olan klubda kim çalışa bilər?
Kopenhagen ilə hər iki oyunda Qarabağ taktiki planda çox ağıllı oynadı. Bu kollektivin siması var, komandanı tanımaq olur. Hər iki matçda oyun modeli düzgün seçilmişdi. Və bir də onu deməyi özümə borc bilirəm ki, Rəşad Sadıqovsuz bu uğur mümkün olmayacaqdı.
Rəşad Sadıqovun bir kapitan, bir lider, bir şəxsiyyət olaraq bu kollektivi formalaşmasında böyük əməyi var. Nə yazıq ki, bu cür xaraktera sahib olan futbolçular 20-30 ildən bir gəlir. Çempionlar Liqasında oynamaq Rəşadın haqqıdı. Yaş və zədələr öz sözünü deyir. Qrupda lap oynasa belə, komandaya faydası dəyəcək. Ancaq mən tanıdığım Sadıqov özünü vacib oyunlara elə hazıraşdıracaq ki, heç kimdən zəif olmayacaq. Futbolçu ömrü çox qısadı. Görəsən Rəşad gedəndən sonra komandasını yüksək zirvələrə daşıya biləcək futbolçumuz olacaqmı?
Qarabağ camiəsini, bütün azarkeşlərimizi təbrik edirəm. Bu elə bir böyük nailiyyətdir ki…Hələ də bunu tam olaraq dərk etmirik. Səkkiz komandalı bir çempionatımız var. 5 klubumuz bir cibdən maliyyələşir. Onları da kimlər idarə edir? AFFA-nın şöbə müdirləri. Nəticəsi da göz qabağında. AFFA-nın texnik direktoru bezdarnı Lippertdi. Məşqçilərə dərs keçən bir tərcüməçidi. Uşaq liqalarına baxın görün kimlər cavabdehdi. Bütün bunların fonunda Qarabağın qrupa düşməsi fantastik bir uğurdur. Var olun, Qurban Qurbanov və onun komandası!




Fikirlərini bizimlə bölüş!