Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Ay bəri bax, bəri bax

Hərdən təsəvvürümdə Ağdamdakı “İmarət” stadionu canlandırıram. “Görəsən, ora indi nə haldadı” kimi və buna bənzər suallar qan xərçəngindən də betərdi. Cavabsız, çarəsiz…

Hərdən də özümü xəyalımda Ağdamın lazım gələndən, torpaqların işğaldan azad olunandan sonrakı vaxtında təyin ediləcək icra başçısı kimi təsəvvür edirəm. Düşünərəm ki, ilk işim “İmarət”i təmir etmək olacaq. Dağıntılar altında qalan xatirələri orada ürəyini qoyub, sevgisini gizlədənlərin köməyi ilə xilas edəcəm. Bircə il bəsimdi. Onsuz da kimlərinsə adına prospektləri, küçələri yox, sadə vətəndaşın ürəyinə gedən yolu təmir edəcəyim üçün xəyalımdakı vəzifəmdə çox qalmayacam.

Hərdən belə xəyallarla yatıram. 22 ildi ki, arzularım hamilədi. Doğmağa nə vətən var, nə də…

Amma həmin gün səhərə qədər yatmamışdım. Artıq saat 05:45-də güzgüdən gözlərimin qızardığını, pəncərədən isə gecənin qaranlığının şəhərin üzərindən çəkilmədiyini gördüm. Ətraf hündürmərtəbəli binalarda quraşdırılan liftlərin işləmə mexanizmi kimi sakit idi. Sevirəm Bakının bu halını, belə vaxtını, təmiz havasını. Nəfəsi zərərli olanlar hələ yuxudan oyanmamışdı. Oyaq olan yeganə canlı varlıq binanın tinindəki cılız, səhərin şehindən tükləri nəmləşmiş it idi ki, onun da, hürməsi qorxunun nəticəsiydi. Mənə zərəri dəyməzdi…

“Xətai” metro stansiyasına tərəf piyada getmək qərarına gəldim. Artıq ünvana çatanda tədricən şəhər aydınlaşır, xoruzun banlamağını sağa-sola şütüyən maşınlar əvəz edirdi. Vaxtından əvvəl təyin olunan yerdə – AFFA-nın inzibati binasının önündə idim. Bu, Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə jurnalistlərin 2015-ci ildə bölgələrə son səfəri idi. Bugünə qədər Gəncədə olmamışdım. Buna görə də, Nizami yurdu mənim üçün maraqlıydı. Amma vaxt azlığı ölkənin ikinci ən böyük şəhərini gəzməyə imkan tanımadı. Nə edək? Qalsın gələn dəfəyə…

Gəncə şəhər stadionuna çatanda özümü ömrümdə bir dəfə də olsun ayaq basmadığım “İmarət”də bildim. “Görəsən, ora indi nə haldadı” sualına deyəsən, cavabı “Kəpəz”in ev oyunlarını keçirdiyi arenada tapdım. Sanki 18-ci əsrdə general Sisianov 11 topu olan piyada batalyonunu, 3 eskadron və 2 kazak yüzlüyündən ibarət qoşunu şəhər stadionun üzərinə yeritmiş, arenanı talan etmişdi. Yəqin ki, stadionun beton laylarının görünən armaturları da, ötən əsrlərdən qalan arxeoloji tapıntılar idi, öz-özlüyündə üzə çıxmışdı.

İnanın ki, heç bir ölkədə, heç bir məmləkətdə, heç bir şəhərdə belə stadionda oyun keçirməzlər. Hələ bu arena ölkənin ikinci ən böyük şəhərindədisə, bunun rəzalətdən başqa adı yoxdu. Ona da inanın ki, arena ağzına kimi dolsa, “Kəpəz” ən əzəli rəqibinə 3-dən artıq qol vursa, tribunalar stadiona toplaşan azarkeşlərin qol sevincinə tab gətirməyəcək. Buna görə də, Şahin Diniyevin müdafiə futboluna üstünlük verməsini alqışlayıram. Həm məşqçi kimi məşqçi, həm də, insan kimi yaxşı insandı. Adam o qədər təvəzökardı ki, Erik Ramosla oyun zamanı arasında olan mübahisəyə görə “Neftçi”nin futbolçusundan üzr istədi. Başqası olsaydı daş atıb, başını tutmuşdu.

Qarşılaşma sülhlə başa çatsa da, arenanın ətrafı vətəndaş müharibəsinə səhnə oldu. Özü də “Ay bəri bax, bəri bax” mahnısının sədaları altında… Pəncərədən daş gəlir, xumar gözdən yaş gəlir… Daş atanlar da, başını tutanlar da, başqaları deyildi. İki fərqli şəhərin, eyni millətin, bir xalqın nümayəndələri idi. Bu, vətəndaş müharibəsini xatırladırdı. Yaxşı ki, məsələyə polis vaxtında müdaxilə etdi. Əks halda Bakıda avtobusu sındırılan “Kəpəz”in azarkeşləri, “Neftçi” fanatlarını paytaxta salamat göndərməyəcəkdi. Azarkeşlərin savaşı klubların rəsmilərini də qızışdırmışdı. Yaşanan olaya görə gəncəlilərin Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu “Neftçi”nin icraçı direktoru Elnur Məmmədovu, o isə vaxtı ilə bir yerdə işlədiyi adamı gühanlandırırdı.

Bu zaman Məmmədov polislə mübahisədən də çəkinmədi. Sakit təbiətli icraçı direktor polis zabitinin sərt reaksiyası qarşısında aciz qaldığını telefona sarılaraq, kiməsə zəng edib, şikayətini bildirmək istəyi ilə sübuta yetirdi. Hadisədə qonaq azarkeşləri içkili olmaqda ittiham edən polisin, Məmmədovun xox gəlmək cəhdindən çəkinəcəyi inandırıcı deyildi. Ortada qanun pozuntusu olsa da, hər iki tərəf qanunsuzluğun ən böyük qanun olduğu məkanda qanundan danışırdı. Bir sözlə tərəflərin bir-birinə münasibəti ay bəri bax, bəri bax idi…

İlin son səfəri belə xoşagəlməz qalmaqalla yadda qaldı. Maraqlıdı ki, son iki səfər “Neftçi”nin oyunlarına təsadüf etdi. İkisndə də “çəkmə, olmaz” deyə, təzyiqlərlə üzləşdi. Bu dəfə polis əməkdaşları “çəkmə, olmaz” deyirdi, ötən dəfə “olmaz, çəkmə” deyənləri çəkdiyim üçün…

P.S. İlin son səfərində PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev üzrlü səbəbdən bizlərə olmadı. Ancaq onun yoxluğunu qurumun operatoru Pərviz Zeynalov heç də hiss etdirmədi. Peşəkar qurumun hər işçisinin peşəkar olduğu bu məsələdə də özünü isbatladı. Mətbuatdan söz düşmüşkən, “Kəpəz”in mətbuat sözcüsü Azad Mustafayevə əhsən! Jurnalistləri qarşılayan Mustafayev, media nümayəndərləini şəraitsiz arenada işləmək üçün lazımı şəraitlə təmin etdi. Sürətli internetindən tutmuş, Bakıda daha dəbdəbəli stadionda kompyuterimi şarja taxmaq üçün tapa bilmədiyim el arasında “rozetka” deyilən elektrik şəbəkəsi ilə…

Fikirlərini bizimlə bölüş!