Yuri Syomin “Dinamo”nu çalışdırdığı dövr Ukrayna mətbuatı onun unutqanlığından yazırdı. Rus mütəxəssis uzun müddət Kiyevdə olmasına rəğmən, işlədiyi futbolçuların adını düzgün çağırmırdı. Hətta problem o həddəydi ki, Syomin “Dinamo”dan komandasındakı ikinci qapıçının soyadını əzbərləmədən ayrıldı.
Ukrayna idman mediası bu məsələ ilə bağlı xeyli karikaturalar, əyləncəli yazılar dərc edirdilər. İndi də arxivi eşələsək, bu qəbildən materiallar önümüzə çıxacaq. Təbii, təbiəti gözəl, cənnət Qəbələdə yüksək səviyyədə qonaq edilən azərbaycanlı idman jurnalistləri Yuri Syominin “Lokomotiv”li vaxtlarında qırılıb qalıblar. Süni şəkildə futbollaşdırılmış qərb diyarında qonaqlıqlar haqqında eşitmişəm. Belə tədbirlər elə səviyyədə keçir ki, jurnalistdə jurnalistlik qalmır. Qəbələyə səfər edib, oradan tənqidlə qayıdan media mənsubu çox azdı. Odu ki, Qəbələyə getməmiş gördüyümüz Qəbələ haqqında…
Hə, Yuri Syominin Kiyevdə əyləncə mövzusu olmuş qapıçı əhvalatından boş yerə söz salmadım. “Qəbələ” dövrələrarası transfer dönəmi başlayan kimi “Sumqayıt” ilə hələ yarım il müqaviləsi qalan millinin digər qapıçısı Anar Nəzirovu rənglərinə bağlamışdı. Təcili Antalyada təlim-məşq toplanışına qoşulan Anar bütün yoxlama oyunlarında da layiqincə çıxış etdi. Həmin vaxt “Bakı”dan intizamsızlıq səbəbi ilə qovulan Kamran Ağayev çay evlərində qəlyan püskürdürdü. “Qəbələ” Türkiyədən qayıdan kimi Kamran ilə də müqavilə bağladı. Şimal ləhcəsiylə desək, Nəzirov Antalyada məşq eliyə qaldı, Syomin qapını Kamrana tapşırdı. Beləliklə, təxminən “Qəbələ” karyerasının sonuna kimi rus məşqçi Nəzirov soyadını əzbərləyə bilməyəcək. O başqa məsələ ki, komandanın heyətində yer alan yüksək məvacibli iki əcnəbi qapıçının nə üçün saxlanıldığını anlamaqdan ötəri ekstrimal futbol beyni tələb olunur.
Syomin heç vaxt onun da fərqinə varmayacaq ki, onun Rusiya mətbuatında peşəkarlığından bəh-bəhlə danışdığı “Qəbələ” əslində nizam-intizam problemi olan futbolçuların sığınacaq yeridi. Bu fakt gün işığı kimi ortada olsa da, Qəbələ səfərlərində başlarını itirmiş mey əhlinin qələminə tuş gəlməyib.
Syominin gözü önündə komanda yoldaşı ilə savaşan Elnur Allahverdiyevin hansı mahiyyətdə olduğunu hamımız bilirik…
Rail Məlikov “Neftçi”dən ayrılanda millət Sadıq Sadıqovun komandasının xilas olduğundan yazırdı. Eşitdiyimə görə, “Dənizlispor”dan yalvar-minnətlə 400 min dollar alacaq qarşılığında transfer olundu, üstəlik 40 min dollar da klubuna ödəndi. “Qəbələ” üçün neçə oyun tər tökdüyünü siz hesablayın…
Vaqif Sadıqovu tanıyanlar bilir ki, bu adam yaxşı futbolçunu iki şeyin müqabilində komanasından buraxar. Ya klub transferdən pul qazanacaq (Nildo variantı), ya da ki, futbolçunun xarakterində problemlər var. Ruslan Tağızadə AZAL-a ikinci səbəbə görə lazım olmayan futbolçu idi. “Qəbələ”yə getdi.
Nəhayət, Kamran Ağayev “Xəzər Lənkəran” və “Bakı”dan heç də xoş reputasiya ilə ayrılmadı. Ayrıldığı gün artıq beyinlərdə gedəcəyi yer haqda təsvir var idi. “Qəbələ”nin heyətinə qoşulan Türkiyə karyeralı əcnəbilərin əksəri də eyni intizam problemindən əziyyət çəkənlərdi.
Qısası, “Qəbələ” nədənsə, dəyəri yaxşı pul edən futbolçunun “ağına-qarasına” baxmır və hansı klubdan yığma kateqoriyasında azərbaycanlı futolçu qovulursa, nəfəsini səfalı şimal diyarında dərir.
Syominin peşəkarlıqdan danışması isə başadüşüləndi. Adam nələrin baş verdiyindən bir o qədər də xəbərdar deyil. “Transfermarkt” dəyərləndirməsinə görə Azərbaycanda heyəti ən bahalı görünən kluba rəhbərlik edir. Bu, ciddi məsələdi. Dünya həmin rəqəmlərə etibar edir və o rəqəmlər məhsulun kəmiyyətidi. Keyfiyyət isə son dönəm yaşıl meydanlarda görününlərlə ifadə olunur. “Xəzər-Lənkəran” məğlubiyyət, “Rəvan” heç-heçəsi və s.
Azərbaycan Premyer Liqası adlandırılmış yarışda ədalət prinispləri varsa, biz həqiqi futbol mübarizəsinin qaliblərini tanıyacağıqsa, bu gedişat “Qəbələ” üçün həmin perspektivi göstərmir.
P.S. Bir dostum Qəbələdə futbol infrastrukturu qurulmasını məsələn, Gədəbəy dura-dura Bakıda kartofçuluq təsərrüfatı yaratmağa bənzədirdi. Söhbətin davamında da demişdi ki, ancaq xiyar yeganə tərəvəzdi ki, Azərbaycanın hər yerində bitir.




Fikirlərini bizimlə bölüş!