Əvvəllər sosial şəbəkələrdə “Kasıbın dostu” trendi vardı. “Kasıbın dostu” adı ilə kiçik və orta sahibkarlar öz məhsullarını, xidmətlərini təqdim edib satırdılar.
Azərbaycan futbolu ilə analogiya qursam, Ayxan Abbasovun adı səslənəndə “Kasıbın dostu” ifadəsi qeyri-ixtiyari ağlıma gəlir.
Çalışdığı klublarda boyundan “dəfələrlə” hündürə tullanaraq yaxşı nəticələr əldə edib. Dəfələrlə yazmışam, bəlkə də bir xeyli şişirdirəm, amma yəqin ki, belə yazdığıma görə heç kim məni qınamaz.
Çünki Ayxan bəyin ən yaxşı bacarığı, mənə görə, təqdimat bacarığıdır. Xüsusilə media ilə az qala fərdi şəkildə işləyir.
Bir haşiyə çıxım. Bu yaxınlarda dostlarla müzakirə zamanı bizim futbolda ən yaxşı kommunikasiya quran şəxsləri sıralamağa çalışırdıq. Yekun qərara gəldik ki, ən yaxşı kommunikasiya quran 5 nəfər varsa, onun ilk 3-ü Ayxan bəydir.
Yəni bu qədər rəqabətsiz liderdir.
Ötən il milli komandaya baş məşqçi kimi 2 şəxsin adı daha çox hallanırdı. Rəşad Sadıqov və Ayxan Abbasov. Mən Ayxan bəydən yana idim, ictimai fikrin formalaşdırılmasında bacardığım qədər dəstək də olurdum.
Lakin Ayxan bəy milli komandaya gələndən sonra məni böyük xəyal qırıqlığına uğratdı. Mənə görə, ardıcıl səhvlər elədi:
1. Ondan başlayaq ki, Ayxan Abbasovun milli komandanın baş məşqçisi olması hələ də qeyri-legitimdir. Çünki bununla bağlı AFFA İcraiyyə Komitəsinin müvafiq qərarı yoxdur. Ayxan Abbasov AFFA prezidenti Rövşən Nəcəflə görüşəndə hamı kimi özünə hörmət tələb etməli idi. Ən azından AFFA-nın saytında Fernandu Santuşda olduğu kimi yalançı press-reliz yerləşdirilməli idi ki, guya İcraiyyə Komitəsi onlayn iclas edib bu təyinatı gerçəkləşdirib.
2. Sosial şəbəkələrdə radara düşəcək qədər gərəksiz vaxt keçirdi.
3. Kimlərinsə dəyirmanına su tökərək “CBC Sport” da təxirə salınan oyun barədə uzun-uzadı çıxışlar etməyə başladı.
4. Müntəzəm olaraq əvvəllər istefaya göndərildiyi klubların bostanına daş atdı.
5. Daha sonra Qubada əlinə metrə alıb qapı dirəyinin hündürlüyünü, düzlüyünü ölçdü.
6. Milli komandanın meneceri Əli Davudovu Riad Rəfiyevlə, İslam Abbasovla dost olduğuna görə “ofsayd”a salıb, İsmi xanları milliyə salaraq ab-havanı korladı.
7. Media departamentinin işinə müdaxilə edərək operatorların ənənəvi növbəliyini pozdu, özünə şəxsi operator götürüb böyük bonuslar yazdı.
8. “Gənclərə stavka” adı altında dost-tanışa, rəhbər şəxslərə xoş olsun deyə “xaltura” etməyə başladı. Məsələn, karyerası boyu cəmi 3 oyuna çıxmış “Sabah”ın futbolçusunu misal göstərə bilərəm. Açığı, bu barədə hələ U-21-də olarkən də yazmışdım. Milli komandanın son toplanışında isə bunu çox şişirtdi.
Çox adam yaxşı bilir ki, “Şəfa”nın futbolçusu Fərid Yusifli niyə milliyə dəvət alıb. O mövqedə olan Eddi İsrafilovun, Elvin Camalovun ölüsü belə Fəridi cibində gəzdirər. Özü də bunu yaxşı bilir. Ona görə də Millətlər Liqasının 3 oyunda 1 dəqiqə belə oynatmadı.
Punktları kifayət qədər uzada bilərəm. Hamısı ümumilikdə onun passivinə yazıla bilər. Bu da yekunda millimizin nəticələrinə təsir edir.
Bunları Lixtenşteyn ilə oyundan sonra yazmadım ki, ab-hava korlanmasın.
Ümid edirəm ki, Ayxan bəy bu yazılardan özü üçün lazımi nəticələr çıxarar.
Elsevər MURADZADƏ


Fikirlərini bizimlə bölüş!