Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Milli komanda – “Şamaxı” get-gəli

Düşünürəm ki, qısa bir zamanda Ayxan Abbasovun "milli komanda – "Şamaxı" get-gəlindən xilas olması vacibdi.
Təsəvvür edin, FIFA-nın yığmaların oyunu ilə bağlı fasiləsində bütün klublar baş məşqçiləri ilə birlikdə əlavə hazırlıq imkanı əldə edir, Ayxan Abbasov isə öz əsas köməkçisi ilə birlikdə milli komandanın düşərgəsində işləyir. Belədə "Kəpəz" ilə oyundakı nəticə gözlənilirdi və məncə bundan sonrakı turlarda da "Şamaxı" üçün yaxşı olmayacaq.

***

Belə başa düşürəm ki, AFFA rəhbərliyinin Ayxan Abbasov ilə müqaviləsi konkret tarixlər və qarşılıqlı etimad baxımından əksik imzalanıb. Ona görə də, məşqçi klubdakı işinin əldən çıxmasını istəmir. Ancaq bu gedişat onun iki işdən birində uğursuzluğu ilə nəticələnəcək.

***

Onu da deyim ki, Qurban Qurbanovun "Qarabağ" – milli komanda iş rejimi ilə indiki analogiyanı müqayisə etmək düzgün olmaz. Nəzərə almalıyıq ki, Qurbanov yığmaya təyin olunanda, o, klubda qurduğu illərə söykənən etibarlı sistemə etibar edə bilərdi. Abbasovun isə "Şamaxı"da o illəri olmayıb, o sistemi və o qədər geniş heyətdə korpusu yoxdu.

***

Ümumiyyətlə müasir futbol dünyasında bir məşqçinin klubda və yığmada işləməsi faktı demək olar ki, qalmayıb. Bu ancaq bir halda məntiqə uyğun sayıla bilir ki, həmin klub U-21 və gənclər yığmalarının bazası xarakterini daşısın. Aylar əvvəl "Şamaxı" haqqında bu versiya səsləndirilsə də, orada yığılmış əsas komandanın tərkibini, mahiyyətini, klub akademiyasının aşağı səviyyəsini müşahidə edərək aydınlaşdırırıq ki, belə bir bazadan söhbət gedə bilməz. İkincisi, Ayxan Abbasov artıq U-21-in yox, əsas yığmanın baş məşqçisidir. Əsas yığmanın klub təməlli bazası prinsipi isə günümüz futbolunda absurddur. Ona görə də, məşqçi yaxşı düşünməlidi. Eləcə də klub və federasiya…

Rəsul ALLAHVERDİYEV

Fikirlərini bizimlə bölüş!