Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Azərbaycan Premyer Liqasında milliləşmə mənzərəsi

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında çıxış etmiş legionerlərlə bağlı statistik məqamların üzə çıxarılması” layihəsində silsilə yazılar davam edir. Bu yazı Azərbaycan Premyer Liqasında milliləşdirmə ilə bağlıdır.

Milliləşmə nədir?

Milliləşmə ifadəsinə yanaşma fərqlidir. Bəziləri elə bilir ki, başqa millətin yığmasında oynamaq milliləşməkdir. Amma əslində, milliləşmə millətindən asılı olmayaraq vətəndaşlığını dəyişənlərdir. Bu üzdən başqa ölkələrdən gələn soydaşlarımız milliləşən legioner sayılır. Məsələn, Vüqar Əsgərov, Ramil Şeydayev, Emin Mahmudov. Futbolumuzun yetirmələri olan başqa millətlərsə, məsələn, Vyaçeslav Lıçkin, Maksim Medvedev, Vadim Vasilyev milliləşən legionerlər sayılmırlar.

Qonşu Türkiyədə də belədir. Aımaniyadan gələnlərə mühacir deyirlər. Həmin almaniyalı türklərdən yaşadığı ölkəni də seçənlər də olur, tarixi vətənini də.

Dünya praktikası

Milliləşmə tarix boyu olub. Ferents Puşkaş, Alfredo Di Stefano kimi əfsanələr də buna misaldır. İndi də əksər yığmalarda belə praktika var. Bu, xüsusilə braziliyalılara aiddir. Hətta Boatenq qardaşlarının hərəsi bir yığmada oynayır. Biri Almaniya, digəri isə tarixi vətəni olan Qana millisini seçib. Fransada Afrika əsilli yerli oyunçular çoxdur.

Ən kütləvi milliləşmə SSRİ dağılanda oldu. Nəticədə Rusiya Ukraynadan xeyli oyunçu "oğurladı”. Viktor Onopko, Sergey Yuran, Oleq Salenko, Yuri Nikiforov və sair buna misaldır. Hətta Onopko qardaşlarının hərəsi bir yığmada olub ki, onlardan Sergey Bakının "İnter” klubunda oynayıb.

Bizdə olan əcnəbilər

Ölkəmizdə elə oyunçular var ki, biz milliləsdirməsək da, onların bir neçə vətəndaşlığı olduğundan haralı olması sual yaradır. Onlar kimlərinsə milliləsdirdiyi oyunçulardır ki, bunların sayı 40-a yaxın olub. Bəziləri legioner limiti, bəziləri milli üçün milliləşdirilib. Azərbaycan milli çempionatında Derlis və Sezar Meza Kolli qardaşları İtaliya vətəndaşı sayılsalar da, eyni zamanda paraqvaylıdırlar. "Qəbələ”nin sabiq hücumçusu Daniel Suboticin 3 ölkəsinin olduğunu qeyd etmək olar.

Premyer Liqamızın gürcü oyunçularından Qoqa və İrakli Beraya qardaşları, Aleksandr Qoqoberişvili, Nuqzar Kvirtiya, Valeri Abramidze ve başqaları həm Rusiya, həm də Gürcüstan vətəndaşlarıdır. Bir çox afrikalılar və ya digər ekzotik ölkələrdən olanlar Belçika, Fransa, İtaliya, İsveç vətəndaşı olublar. İbrahim Karqbo, Abdulkader Kamara, Haynz Barmettler, Brüs Abdullaye, Con Pelu bunlara misaldır. Robert Petrov həm Bolqarıstan, həm də Makedoniya vətəndaşlığını daşıyıb. Türkiyəli futbolçulardan Murat Doymuş, Erdal Çelik Göksu Hasancik Almaniya, Fatih Sonkaya Hollandiya, Ender Günlü Fransa vətəndaşı olub.

Klublarda sərbəst milliləşmə dönəmi

Fuad Musayev AFFA prezidenti olduğu vaxtda milliləşənlər ancaq yığma üzvləri olub. Bunlara misal olaraq Badri Kvaratsxeliya, Vladimir Poşexontsev, Aleksey Stukas, Leonid Kalfanı göstərmək olar. Amma dağıstanlı futbolçular "Şahdag”da yerli oyunçu statusu almağı da bacarıb. Məsələn, Əliyar İsmayilov yerli kimi oynayıb. Qardaşı Rəşidin adıyla oynayan Şamil Lahiyalovu, iki fərqli adla oynayan Ələddin Xamatov – Aftandil Orucovu qeyd etmək olar.

2004-cü ildən ölkəmizə legioner axını ilə milliləşmə də böyüdü. Hətta bir müddət klublara bu yöndə azadlıq verildi. Bura yığmaya düşməyəcək və ya oynaya bilməyəcəklər Zaza Latsabidze, Tengiz Siçinava, Aleksandr Qoqoberişvili kimilər də qatıldı. Ancaq bunun sonu Yevgeni Şiman olayı ilə oldu. Bundan sonra qaydalar bir az sərtləşdirildi və köhnə millilələşənlərin statutusunu ləgv etdilər. Həmin müddətdə Georgi Adamiya və başqaları da bir müddət milliləşmiş oldular.

Hazırkı dövr

Milliləşmə əsasən 2004-cü ildən başlasa da, Şahin Diniyev baş məşqçi olanda daha geniş vüsət aldı. Əsasən braziliyalılar milliləşdirildi. Amma aralarında afrikalı – nigeriyalı Usim Nduka, serbiyalı Branimir Subaşiç, rusiyalı Yuri Muzika, ukraynalı Aleksandr Çertoqanov da oldu. Bunların hamısı klublarımızda oynayanlar idi və yığmamız üçün milliləşirdi. Ukraynalılar Vladimir Levinlə Andrey Popoviç, dağıstanlı Arif Daşdəmirov əsas yığmayadək U-21-də oynayıblar. Elə futbolçularımız olub ki, ancaq aşağı yaş qruplarından ibarət yığmamızda oynadıqlarından milliləşən qalıblar. Misal üçün Tagim Novruzov, Əhməd Qurbanov, Aleksandr Qrosso, Sərtan Taşkın. "Neftçi”nin qapıçısı olmuş rusiyalı Konstantin Qusev isə futzaldan milliləşərək gəlib.

Berti Foqtsun dönəmində isə Almaniyadan türkləri milliləşdirməyə başladılar. İndisə başqa ölkələrin vətəndaşları olan azərbaycanlıları yığırlar. Amma bunların çoxu klublarımızda oynamayan vaxt milliləşirdi. Sonradan onların da yolu bizim klublara düşürdü. Məsələn, Əli Gökdəmirlə Cihan Özkara milli çempionatımızda "Simurq"un heyətində iştirak ediblər. Millimizdə uzun illər oynamış Dmitri Kramarenko, Emin Ağayev kimi futbolçular bizim çempionatdan gedəndən sonra Rusiyada vətəndaşlıq alıblar ki, həmin ölkədə yerli futbolçu kimi oynaya bilsinlər.

Hansı ölkələrdən milliləşdirmişik?

Milliləşənlərin dəqiq sayı yoxdur. Çünki Rusiyadan elə azerbaycanlılar gətirilir ki, onun əsl vətəndaşlığını müəyyənləşdirmək çətindir. Ümumilikdə Rusiya, Ukrayna, Almaniya, Latviya, Gürcüstan, Serbiya, Moldova, Nigeriya, Türkiyə daha çoxdur. Pərdis Fərzad-Azadın həm Almaniya, həm də İrana bağlılığı var.

Aleksandr Çertoqanovun hegemonluğu

Aleksandr Çertoqanov nəinki Azərbaycan milli çempionatının legionerləri, elə milliləşənlər arasında da ən çox oyun keçirəndir. 36 yaşlı ukraynalı yarımmüdafiəçi eyni zamanda ən çox mövsüm keçirəndir.

Ən çox oyun keçirənlər (minimum 100)

Aleksandr Çertoqanov

292

Arif Daşdəmirov

263

Vladimir Levin

231

Usim Nduka

208

Tagim Novruzov

188

Fabio Luis Ramim

149

Əziz Quliyev

144

Branimir Subaşiç

134

Bədavi Hüseynov

133

Leandro Qomeş

119

Ruslan Kurbanov

116

Məhəmməd Mirzəbəyov

116

Ernani Pereyra

101

Ən çox mövsüm keçirənlər

Aleksandr Çertoqanov

12

Arif Daşdəmirov

11

Vladimir Levin

11

Tagim Novruzov

11

Əziz Quliyev

9

Fabio Luis Ramim

8

Usim Nduka

8

Sergey Sokolov

7

Branimir Subaşiç

6

Leandro Qomeş

6

Ruslan Kurbanov

6

Bombardir də millimizin sabiq üzvüdür. Bu, ən çox qol vuran avropalı olan serbiyalı hücumçu Branimir Subaşiçdir.

10 və daha çox qol vuranlar

Branimir Subaşiç

42

Leandro Qomeş

41

Ruslan Kurbanov

28

Fabio Luis Ramim

27

Pərdis Fərcad-Azad

22

Arif Daşdəmirov

14

Vladimir Levin

14

Tagim Novruzov

12

Milliləşən qapıçıar cəmi 5 nəfərdir. Onlardan ən çox oyun keçirən əslən Ukraynadan olan Andrey Popoviçdir.

Qapıçılar

Kazimir Qudiyev

2

-1

Maksim Vaylo

6

-3

Konstantin Qusev

16

-11

Şahruddin Məhəmmədəliyev

35

-51

Andrey Popoviç

80

-119

Avtoqol müəllifləri də 5 nəfərdir. Şərikli "liderlər” müdafiəçilər Bədavi Hüseynovla Usim Ndukadır.

Avtoqol müəllifləri

Bədavi Hüseynov

2

Usim Nduka

2

Vladimir Levin

1

Murad Hüseynov

1

Pərdis Fərcad-Azad

1

Ən çox klub dəyişənlər arasında mütləq lider əslən Dağıstandan olan Tagim Novruzovdur. Yarmmüdafiəçi 9 klubda forma geyinib.

Ən çox klubda oynayanlar

Tagim Novruzov

9

Aleksandr Çertoqanov

6

Arif Daşdəmirov

6

Əziz Quliyev

5

Sergey Sokolov

4

Branimir Subaşiç

4

Daniel Axtyamov

4

Mirzağa Hüseynpur

4

Bədavi Hüseynovla Vladimir Levinin liderlikləri

Ən çox Azərbaycan çempionu olan oyunçu Bədavi Hüseynovdur. 25 yaşlı dağıstanlı müdafiəçi "Qarabağ”ın heyətində Premyer Liqada son 3 mövsümün qalibidir. Vladimir Levin "İnter”lə 2 dəfə çempion olub. 7 milliləşən legioner isə hərəyə 1 dəfə qızıl medal qazanıb.

Ən çox gümüş medalı Branimir Subaşiç qazanıb – 3 dəfə. Fabio Luis Ramım, Arif Daşdəmirov, Yuri Muzika, Abdulla Abasiyev hərəyə 1 dəfə gümüş mükafatçı olublar. 10 milliləşən legioner isə hərəyə 1 dəfə çempionatımızda 2-ci olub.

Vladimir Levin 4 bürünc medalla bu əyarlı mükafatda liderdir. Aleksandir Çertoqanov 3, Branimir Subaşiç isə 2 dəfə "bürünc”ə sahib olub. 10 milliləşən legionerdə 1 belə əyarlı medal var.

Vladimir Levin medalların ümumi sayında da liderdir – 7 (2 qızıl, 1 gümüş, 4 bürünc). Aleksandr Çertoqanov (1 qızıl, 1 gümüş, 3 bürünc), Branimir Subaşiç (3 gümüş, 2 medal) və Arif Daşdəmirovda (2 gümüş, 3 bürünc) hərəyə 5 medal var.

Bədavi Hüseynov çempionluq kimi kubokun finalında da ən çox qələbəyə sevinəndir. O, 2 dəfə Azərbaycan kubokunun sahibi olub. Ancaq finalda ən çox iştirak edən Vladimir Levindir. Sadəcə, o, hər 3 finalında uduzub. Arif Daşdəmirov isə 2 finalda məğlubiyyət alıb. Samir Məsimov, Aleksandr Çertoqanov və Ruslan Qurbanov hərəyə 2 finalda iştirak edib. Onlar bunların 1-də qələbə sevinci yaşayıb, 1-də isə məğlubiyyət acısı dadıb.

Fikirlərini bizimlə bölüş!