“Qarabağ”la şirin röyaya dalan Azərbaycan xalqı sonda yuxudan kabusla ayıldı. Bu dəfə bizi röyadan zəngli saat yox, Miroslav Zelenkanın fitinin cingiltili səsi oyatdı. Sabahınız xeyir!
Görəsən, yuxumuzu Rəşad Sadıqovun ötən gecə axan göz yaşlarına danışsaq, çin çıxarmı? Çətin…
Yuxumuz çin çıxmaqdansa, cin çıxdı. İndi MİRoslavı nə MİRmövsüm ağaya, nə də başqa mirə, seyidə tapşırmağın heç bir mənası yoxdu. Qatarın ötəngecəki qarşılaşmanın 94-cü dəqiqəsində yaşadığımız 15 saniyəlik sevincli anlarda çoxdan gözdən itdiyini qəbul etməliyik.
Bütün bunların təsadüf olması da inandırıcı deyil. Qarabağ məsələsi ilə yanaşı, Rusiyanın Ukraynaya təzyiq etdiyi bir vaxtda, ermənipərəst fransızların yer aldığı qrupda… Ağlım qarışıb… Hərə öz kartına uyğun olaraq oyununu qurur. Nə böyük kainat, nə də futbol dünyası səsini çıxarmır. Əmin olun ki, nəvaxtsa itirdiklərinə peşman olacaqlar – həm Qarabağı, həm də “Qarabağ” boyda dünyanı.
Bəlkə Zelenka da verdiyi qərarın peşmanlığını çəkəcək. Miroslav, adındakı MİR (dünya) sözündən utanacaq. “Qarabağ”ı oyundankənar vəziyyət olmadığı halda oyundan kənarda qoyduğu üçün…
Həmin qolun sirrini hətta “Bir qalanın sirri” filminə baxacaq yaşda olan uşaqlar da çözməkdə çətinlik çəkməzdi. Nə edək? Hakim “Dnepr”in Həkim babası oldu. Nəticədə azarkeşlər əsəblərinə, təmsilçimizin üzvləri isə göz yaşlarında hakim ola bilmədi. Nə də ki, Çexiyadan olan Zelenka da bir hakim ola bilmədi. Əvəzində ZƏLİ olub, qanımızı sordu.
Hakimin kobud səhvi ucbatından Avroliqaya vida edən “Qarabağ” indi fit sahiblərinin haqsız qərarlarını əsas tutaraq “Araz Naxçıvan”ın kənarlaşdığı Premyer Liqaya qayıdır. Yəqin ki, dönüşü yenə möhtəşəm olacaq. Amma bu dəfə tək yox, “Neftçi”, “Xəzər Lənkəran”, “İnter”lə – layiq olanlarla birgə. “Simurq”un, “Qəbələ”nin bizi avrokuboklarda şirin yuxulara aparmasına inanmasaq da, ən azında mürgülədəcəyini güman edək. Növbəti gecələrdə Zelenkaya yuxusunda toy görməyi arzu edək. Biz isə şirin yuxularda görüşək…




Fikirlərini bizimlə bölüş!