Ümid yaxşı şeydir. Amma ümid nəticə deyil. Nəticə məhsuldur, yetişdirdiyin məhsul. Sənin ümidini o məhsul nəticəyə çevirə bilər.
Bilsəm ki, Ayxan Abbasovu tərifləməklə nəticə olacaq, mən də qoşularam sizlərə.
Ümid yaxşı şeydir, amma bir qayıdın arxaya da baxın. U-21-ə baxın, U-19-a baxın, U-17-yə baxın. Gələcək onlardır. Ümid verir? Bəs onda nəyə ümid edirsiniz?
Azərbaycan futbolunun məşqçi problemi yoxdur. Azərbaycanda futbolçu – məhsul problemi var. Onu yetişdirmək lazımdır. Bu illər ərzində futbolçu yetişdirməklə məşğul olmamışıq. Ümidli olmaqla, Ayxan Abbasovu tərifləməklə futbolçu yetişmir.
Ümid yaxşı şeydir, amma Azərbaycan futbolunun problemini həll etmək lazımdır öncə. Bu problem nə Foqts idi, nə də Santuş. Bu problem Ayxan Abbasov da deyil.
Bu problem Rövnəq Abdullayev idi, Elxan Məmmədov idi. Bu problem Rövnəq Abdullayevin yerinə təyin olunan yeni Rövnəq Abdullayev – Rövşən Nəcəfdir.
Bu problem Elxan Məmmədovun yerinə təyin olunan yeni Elxan Məmmədov – Cahangir Fərəcullayevdir.
Rövnəq Abdullayev “Avro-2016-ya vəsiqə qazanacağıq” ümidi vermişdi sizə. Üstündən 10 il keçib, indi də ümid edirsiniz ki, yeni Rövnəqlə Avro-2032-yə vəsiqə qazanacağıq. Ayxan Abbasovu tərifləməklə vəsiqə verilmir.
Ümid yaxşı şeydir. Tərifləyin Ayxan Abbasovu, özünüzə də, xalqa da ümid verin. Amma AFFA-dan 5 milyona yazdırdıqları strategiyanın da taleyini soruşun. Ümid verir?
Soruşun: Nə vaxt Azərbaycanın kənd və qəsəbələrinə üz tutacaqlar? Məhsul – istedadlı uşaqlar oradadır. Futbola əlçatanlıqları yoxdur o istedadların.
Deyin ki, qonşular fil düzəldir, biz siçan düzəltməyi – məhsul – futbolçu yetişdirməyi nə vaxt öyrənəcəyik.
Ümid yaxşı şeydir. Amma ümid nəticə vermir. Ayxan Abbasovu tərifləməklə ümidiniz cücərəcəkcə, nəticə olacaqsa, mən də gəlim durum sizin yanınızda. Sayğılarla!
Natiq MUXTARLI




Fikirlərini bizimlə bölüş!