Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Azərbaycan çempionatının oyunlarına gəlməyin!

Day, sözüm yoxdu. Azərbaycan Premyer-Liqası həqiqətən də inkişaf edib. Birinci dəstədə çıxış edən İmişlinin “Mil-Muğan” komandasında nəinki futbolçunun yaşını dəyişiblər, adamdan yeni adam da düzəldiblər. Bu saxtakarlığın həqiqətən də analoqu yoxdur. İnkişaf belə olar. Bu inkişaf düşüncələri 20-30 il qabaqlayır. Birinci divizionda belə saxtakarlıq olursa, indi görün, Premyer-Liqada nə “oyun” oynanılır də.

Day, sözüm yoxdu. Bəzi sayt və qəzetlərimiz bu “inkişaf”dan bir kəlmə də yazmadılar. Bilmirəm niyə… Ramin Musayevin xətrinə dəyəcəkdi ki?

Amma əvəzində hamı sadə azarkeşlərə hücuma keçib. Nədi, nədi, “Sent Etyen”lə oyunda stadiona gələn 30 min azarkeş “Qarabağ”ın “Simurq”la oyununda evdə oturubmuş. Az qala hamını vətən xaini çıxardıblar, çempionatımızdakı “inkişaf”dan yazmayanlar. Azarkeşlər Azərbaycan çempionatının oyunlarına gəlmirlər? Əcəb edirlər, əllərinin içindən gəlir. Onları stadiona gəlmədiklərinə görə ittiham edərkən, stadiona gələn azarkeşlərin hansı təhqirlərə məruz qaldığını xatırladınızmı? Xatırladınızmı, Lənkəranda həbs olunan azarkeşlərin hansı əzaba düçar olduqlarını? Xatırladınızmı, Elman Tağıyevin (Eliko) anasının göz yaşlarını? Nəyə görə həbs etmişdilər onları? Stadiona gəldiklərinə, azarkeşlik etdiklərinə görə. Bəlkə bu bir ildə Elman Tağıyevin anasının dərdinə şərik olmusuz, bəlkə həbs olunan azarkeşlərə bir tikə çörək vermisiz?

Azərbaycan polisinin çempionat oyunlarında demirəm, avrokubok qarşılaşmalarında komandasını cani-dildən dəstəkləyən azarkeşlərə nə dediklərini eşitmisiz? Polisin “O barabanı döyəcləmə, rəisin başına düşür, alaram şeypuru soxaram sənin…” dediyini nə əcəb eşitməmisiz?. Hələ bu nə ifadədir ki… Polis azarkeşlərə dediyi o ifadələrdən birini də sizə desəydi, nəinki stadiona futbola baxmağa gəlməzdiz, hətta “F” hərfinin əlifbadan çıxarılmasını tələb edərdiz.

Azarkeşlər Azərbaycan çempionatının oyunlarına baxmağa gəlmirlər? Əcəb edirlər! Azarkeşlər Azərbaycan çempionatında hansı “oyun” oynanıldığını sizdən yaxşı bilirlər.

Azərbaycan futbolunun problemi azarkeşin stadiona gəlməməsi deyil. Azərbaycan futbolunun problemi Rövnəq Abdullayevin ildə bir dəfə AFFA-ya gəlməməsidi. Azərbaycan futbolunun problemi elə Rövnəq Abdullayevin özüdür. Azərbaycan futbolunun problemi Elxan Məmmədovdur. Azarkeşi həbsxanaya saldıran Elxan Məmmədov. Azərbaycan futbolunun problemi Ramin Musayevdir, “moşennik” klub rəhbərləridir.

Günahkar tapıblar. Azarkeşlər stadiona gəlmirmiş, futbolumuz solğun görünürmüş sən demə.

Rövnəq Abdullayev, Elxan Məmmədov, Ramin Musayev boyda problemləri “görməyənlər” azarkeşləri günahkar çıxartmayıb, kimi günahkar çıxartmalıdır ki?

Azarkeşlər Azərbaycan çempionatının oyunlarına gəlmirlər? Əcəb edirlər, əllərinin içindən gəlir. Azərbaycan çempionatının oyunlarına gəlməyin, dostlar. Zatən burda hansı “oyun”un oynanıldığından xəbərdarsız. “Oyun” da, “oyunçular” da bəllidir. Siz özünüzü qoruyun. Özünüzü qoruyun ki, analar gözü yaşlı qohum-əqrəba zindanların yolunda qalmasın. Ayda 300 manat məvacib alanları ayda 30-40 min manat məvacib alanların, milyonları “yuyanlar”ın “oyun”una baxmamağa görə ittiham etmək… Adam gülə də bilmir ey… Azərbaycan çempionatının oyunlarına gəlməyin!

Natiq MUXTARLI

Fikirlərini bizimlə bölüş!